Prokurorla DİN polkovnikinin adı dələduzluqda hallanır - Komitə müraciət yayıb
Tarix: 15-04-2017 15:45 | Bölmə: Slayd


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.

Bir nüsxəsi də ölkə KİV-lərinə ünvanlanmış Komitə sədrinin müraciətində diqqətə çatdırılır ki, vətəndaş Rzayev Ənvər Alırza oğlu uzun müddət dostluq etdiyi və ehtiram göstərdiyi, hazırda Respublika Hərbi Prokurorluğunda yüksək vəzifədə işləyən İsmayıl Abbasov və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarında yüksək vəzifədə çalışan polkovnik Mətləb Barat oğlu Qənbərov tərəfindən aldadılıb. Belə ki, 2015-ci ilin sentyabr ayında İsmayıl Abbasovla Mətləb Qənbərov Ənvər Rzayevlə görüşərək ona bildiriblər ki, Mətləb Qənbərovun qardaşı Bəxtiyar Qənbərov "Hidroservice Engineenig” MMC-ni təsis edərək, ətrafına bu sahədə xüsusi təcrübəsi olan mütəxəssislər toplayıb və xarici neft şirkəti ilə bir çox layihələrdə iştirak edib. Onlar Ə.Rzayevi inandırıblar ki, əgər bu işə maddi dəstək versə xeyli miqdarda gəlir əldə etmək olar.

Həmin şəxslər Ənvər Rzayevə deyiblər ki, Bəxtiyar Qənbərov bu sahənin mütəxəssisi olsa da, idarəçilik təcrübəsinin olmaması və maddi imkansızlığı bu MMC-nin rəqabətə davamlı olmasını mümkünsüz edir. Bu səbəbdən də prokurorluq və DİN əməkdaşı olan İ.Abbasovla M.Qənbərov Ə.Rzayevə "Hidroservice Engineerinq” MMC-yə maddi dəstək verməklə yanaşı rəhbərlik etməsi təklifini irəli sürüblər.

Hətta Mətləb Qənbərov qardaşı Bəxtiyar Qənbərovun idarəçiliyi bilməməsindən gileylənərək deyib ki, onun zəif idarəçiliyi MMC ilə bağlı ümidlərini puç edir: "Bu MMC-nin təsis edilməsi üçün min-bir əziyyət çəkmişik, amma bacarıqsız idarəçilik işin gedişində mənfi rol oynayır”.

İ.Abbasovla M.Qənbərov Ə.Rzayevin maddi durumunun yaxşı olmasını nəzərə alaraq ona təklif ediblər ki, maddi dəstək versə, bu MMC-ni yüksəkgəlirli edə bilər. Ə.Rzayev də həmin şəxslərə etibarı olduğu üçün onlara inanaraq maliyyə yardımı təkliflərini qəbul etməklə yanaşı, idarəçiliyi də öz üzərinə götürüb.

Müraciətdə daha sonra qeyd edilir ki, Ənvər Rzayev MMC-nin fəaliyyət göstərməsi üçün lazımi işləri tələb olunan qaydada həyata keçirməkdə ötrü digər yaxınlarından da küllü məbləğdə borc pul götürərək MMC-ni tam işlək vəziyyətə gətirib. MMC-nin de-fakto sahibləri Mətləb Qənbərov və İsmayıl Abbasov Ənvər Rzayevin rəhbərliyini və payçı kimi idarəçiliyini bəyənərək "Hidroservice Engineering”nin fəaliyyətindən məmnun qalıb onu həvəsləndirmək üçün daha da borclandırıblar: "Ənvər Rzayev isə uzun müddət dostluq etdiyi şəxslərin ona olan inamlarını doğrultmaq üçün MMC-yə külli miqdarda vəsait xərcləyib”.

Komitə sədri qeyd edir ki, İ.Abbasovla M.Qənbərov Ə.Rzayevi inandırmaq üçün ilk addım kimi onun "Hidroservice Engineering” MMC-nin (VÖEN: 140309551) 50 (əlli) faiz pay sahibi olmasını rəsmiləşdiriblər: "Hər iki şəxslə uzun müddətli dostluqları və Ənvər Rzayevi yaxından tanımaları onu qurbanlıq seçmələrinə səbəb olmuşdu.

"Hidroservice Engineering” MMC bu müddətdə kifayət qədər gəlir əldə etsə də, nə Ənvər Rzayevə payçı kimi dividend, nə də şirkətə xərclədiyi külli miqdarda vəsaiti geri qaytarmayıblar. Hər dəfə müxtəlif bəhanələrlə yaxın zamanda buna baxılacağını söyləyərək, dostluq münasibətini önə çəkiblər. Bir müddət bu cür davam etməsi Ənvər Rzayevdə müəyyən şübhələr yaradır və o, qərara gəlir ki, onu bu işə cəlb edən, MMC-nin əsl sahibləri olan Respublika Hərbi Prokurorluğunda yüksək vəzifədə işləyən İsmayıl Abbasov və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında yüksək vəzifədə çalışan polkovnik rütbəli Mətləb Qənbərov ilə bu barədə danışsın. Hər ikisi, o cümlədən Bəxtiyar və Fariz ilə birlikdə görüşürlər. İlk əvvəl şirkətin mövcud vəziyyəti barəsində danışılır, Ə.Rzayevin rəhbərliyi altında şirkətin mənfəəti və inkişafı müzakirə edilir. Onlar bu inkişafı qəbul etsələr də, hiss olunur ki, hazır vəziyyətə gətirilmiş, külli miqdarda gəlir əldə edən MMC-dən Ə.Rzayevi planlı şəkildə uzaqlaşdırmaq istəyirlər.

Təbii ki, Ə.Rzayev bununla razılaşmır, amma "dostlar” onun saflığını və xarakterini yaxşı bildiklərindən bu işə onu cəlb edəndə necə etibarından sui-istifadə etmişlərdisə, yenə də eyni üsulla mənəvi söhbətlərə başlayaraq, bildiriblər ki, "nə veribsən ki, ala bilmirsən?” "Hidroservice Engineering” MMC-yə xərclədiyin pulu da, əldə edilən gəliri də payına uyğun verməyə hazırıq”.

Müraciətdə yazılır ki, uzun illərin dostlarının davranışı Ə.Rzayevi sarsıdır: "Necə ola bilər ki, bunlar mənim inamımdan sui-istifadə edib, illərdir kəsdiyimiz çörəyə hörmət qoymadan külli miqdarda vəsaitimi ələ keçirib mənə qarşı dələduzluq etsinlər? Üzləşdiyi fırıldaqçı əməldən sonra bunların iç üzünü görür. Daha bunlarla bir yerdə olmaq ona işgəncəyə bərabər olur”.

İ.Abbasovla M.Qənbərov Ə.Rzayevin etibarından sui-istifadə yolu ilə onu aldadaraq MMC-dəki payının 34 faizini yaxın adamlarının adlarına keçiriblər:

"Bundan sonra isə Ə.Rzayevi təhdid ediblər ki, qalan 16 faiz payı da onlara versin və yalnız o halda onun MMC-yə xərclədiyi pulu və ona çatacaq dividendi ödəyəcəklər”.

Ə.Rzayev də məcburiyyət qarşısında onlarla razılaşır. Lakin, bu günədək Respublika Hərbi Prokurorluğunda işləyən İsmayıl Abbasov və Daxili Qoşunların polkovnik rütbəli əməkdaşı Mətləb Qənbərovun rəhbərliyi altında olan dəstə Ənvər Rzayevi aldadaraq ələ keçirdikləri vəsaiti qaytarmırlar:

"Təəssüf ki, İsmayıl Abbasovun Respublika Hərbi Prokurorluğunda yüksək vəzifədə işləməsi onu məsuliyyətə cəlb olunmaqdan kənarda saxlayır. Əgər bu iş obyektiv araşdırılarsa, bu zaman Ənvər Rzayevə yaratdıqları problem tam şəkildə aydın olar. Yəqin ki, bu zaman yüksək vəzifə pərdəsi arxasında gizlənənlərin "əməlləri” üzə çıxar. Ənvər Rzayev kimi şəxslərə qarşı dələduzluq etmiş Respublika Hərbi Prokurorluğunun əməkdaşı İsmayıl Abbasov və Daxili Qoşunlarda yüksək vəzifə tutan Mətləb Qənbərov öz layiqli cəzalarını alarlar”.

Komitə sədri dövlət başçısından xahiş edir ki, vətəndaşa olan haqsızlığın araşdırılıb həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün aidiyyatı qurumlara göstəriş versin.

Redaksiyanın zəruri qeydi: Müraciətdə adları çəkilən şəxslərin mövqeyinə hörmətlə yanaşır və məsələyə münasibətlərinə yer ayırmağa hazırıq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}