Bəzi cəzaların sərtləşdirilməsi müsbət nəticə verməyəcək - Səbəb
Tarix: 03-10-2017 10:39 | Bölmə: Slayd
Bəzi cəzaların sərtləşdirilməsi müsbət nəticə verməyəcək

Son dövrlər ölkədə bir sıra istiqamətlər üzrə sərt siyasətə start verilib. Artıq qanunvericilik bazasının dəyişdirilməsi yönündə də addımlar atılır.

Hazırda qanunsuz sahibkarlıqla xüsusilə külli miqdarda ziyan vuran və xüsusilə külli miqdarda gəlir əldə edənlərlə bağlı ayrıca cəzalar tətbiq edilir. Bununla bağlı Cinayət Məcəlləsinin (CM) 192-ci maddəsinə (Qanunsuz sahibkarlıq) yeni 3.1 və 3.2 bəndlərinin əlavə edilməsi təklif olunur.

Layihəyə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilən əməllər xüsusilə külli miqdarda ziyan vurma və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə xüsusi cəzalar tətbiq olunacaq. Bu, 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilən gəlirin) 4 misli miqdarında cərimə və ya 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.

Bundan əlavə, Azərbaycanda hakimiyyət nümayəndəsinin tələbinə tabe olmayanlara yeni cəza tətbiq olunacaq. Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsində dəyişiklik edilir. Hazırkı qanunvericiliyə əsasən, ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə görə 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin sanksiyasına "3 ilədək müddətə azadlığın məhdudlaşdırılması” da əlavə edilir. Dəyişiklik layihəsi Milli Məclis deputatlarının müzakirəsinə verilib.

Bəzi cəzaların sərtləşdirilməsi müsbət nəticə verməyəcək

Hüquqşünas İlqar Altay deyib ki, məsələyə təhlillə yanaşdıqda Milli Məclisin qəbul etməsi üçün göndərilən hər iki qanuna dəyişiklik layihəsi məqsədlidir. İ.Altay Reyting.az-a bildirib ki, bu, praktiki olaraq yaranmış və qarşıdakı yaxın zamanda yarana biləcək pozuntuların, problemlərin qarşısının alınmasına yönəlir. Onun sözlərinə görə, qanunsuz sahibkarlıqla bağlı dəyişikliyə önəm vermək lazımdır:

“Azərbaycan iqtisadiyyatında əsasən də korrupsiyanın yaratdığı buraxmalıq dövründə bütün əyintilərlə, mənimsəmələrlə, iqtisadi pozuntularla bərabər, qanunsuz sahibkarlıq da vüsət alıb. Yəni ki, qeydiyyatsız, lisenziyasız və sair qanunsuz fəaliyyətlə vergi ödəmədən yayınma... Görünür ki, bu yolla son illərdə dövlətə, büdcəyə böyük ziyanlar vurulub. Hətta iş o yerə çatıb ki, qanunun dəyişdirilməsi və sərtləşdirilməsi qaçılmaz olub. Bununla bağlı Cinayət Məcəlləsinin (CM) 192-ci maddəsinə (Qanunsuz sahibkarlıq) yeni 3.1 və 3.2 bəndlərinin əlavə edilməsi təklif olunub. Bu əməllərlə bağlı cəzanın şkalası 5 ildən 7 ilə kimi həbs müddətinə qaldırılıb. Hesab etsək ki, bu yüksək cəza əməlini yaradan “külli miqdar” neçə yüz min və ya milyon yox, cəmisi bir neçə mindir, bunun “qırmızı xətti”ni keçib sərt cəzaya düşmək ehtimalı qat-qat artır”.

İ.Altay digər dəyişikliklə bağlı da fikirlərini bölüşüb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsinə də dəyişiklik edilir. İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar cəza şkalası 3 il həbs müddətinədək qaldırılır. Bu nə üçündür?

Hüquqşünasın fikrincə, burada məqsəd bir neçə variantda ola bilər:

“Birincisi, regionda və dünyadakı siyasi proseslərin, qarşıdurma və savaşların gücləndiyi dövrdə xarici təsirlərdən ölkədə də sabitliyin pozula bilmə ehtimalıdır.
İkincisi, həm ölkə hakimiyyəti daxilində və həm də hakimiyyət-vətəndaş cəmiyyəti arası ziddiyyətlərin artması və bundan da yarana biləcək ictimai təlatüm və oradan da itaətsizlik hallarının ola bilməsidir.

Üçüncü səbəb isə yəqin ki, qarşıdan 2018-ci il prezident seçkilərinin gəlməsidir. Bu hadisə ölkədə ictimai-siyasi oyanmanın, daxili siyasi ziddiyyətlərin əsasını qoya bilər. Təbii ki, həmin ziddiyyətləri kütləvi aksiyalar küçələrə çıxara bilər. Yəni, analiz baxımından o saat gözə çarpır ki, bu dəyişiklik məxsusən ictimai təlatüm və sabitliyin pozulması ehtimalını önləmə xarakterlidir”.

Maraqlıdır, bəs hər iki qanun dəyişikliyi, cəzaların sərtləşdirilməsi hansı nəticəni verə bilər? Bununla həmin insanları qanunsuzluqdan çəkindirmək olacaqmı?

Müsahibimiz vurğulayıb ki, qanun və cəza son nəticənin, pozuntu əməlinin, baş vermiş hadisənin adekvat yekunudur. Onun fikrincə, son hadisədən qabaq bu hadisəni yaradan səbəblər var: “Bu uzun proses olandan, bu prosesi yaradan səbəblər olandan və bunu etmək bir normaya çevriləndən sonra bir yekun cəza ilə bunun qarşısını almaq mümkündürmü?

Bir əyani misalla deyim. Heyvanlar aləminə baxırıq, ceyran sürüsü gəlib yetişib çayı keçməyə. Baxmayaraq ki, çayda onları parçalayacaq timsahlar gözləyir, yenə atılırlar suya. Niyə? Çünki artıq uzun yolu gəlib çıxıblar, proses gedib, çaya baş vurmalıdırlar.

Yəni əsas məsələ şəraitdir ki, insanlar bu yola düşməsinlər. Qanunsuz hərəkətləri kütləvi pozma ehtiyacı yaranmasın. Kriminologiya elmi, motiv məsələsi var ortada. Əgər vergi ödəmələri qeyri-real yüksəkdirsə, vergidən başqa da rüşvət tələb olunursa və ya nəzarət yoxdursa, qeydiyyatsız rüşvətdən verib iş görmək şəraiti varsa, nəticədə bu axının qarşısını ittiham, cəza, həbs ala bilərmi?

Sənin yolun, yol nişanların normal maşın sürməyə imkan vermirsə, məsələn, yolunda cuxur varsa, məcbur olub düz xətti kəsib qarşı yola cıxmalıyamsa, nə cəza versən də bunu edəcəyəm. Çünki məcburam.

Və yaxud insanlar məmur özbaşınalığından o dərəcədə bezib, dəlicəsinə kücəyə çıxıb etiraz edirlərsə, bunların hamısını cəza ilə, həbslə dayandırmaq mümkündürmü? Təbii ki, yox”.

İ.Altay sonda qeyd edib ki, oncə qanun pozuntusunu yaradan şərt və şəraiti ləğv etmək lazımdır. Cəza tətbiqi barədə sonra da düşünmək olar.

Z.MƏMMƏDLİ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}