Nazirlər Kabinetinin qərarı qiymətlərin ucuzlaşmasına səbəb olacaq
Tarix: 07-11-2017 16:25 | Bölmə: Slayd
Nazirlər Kabinetinin qərarı qiymətlərin ucuzlaşmasına səbəb olacaq

Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılıb.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub.

Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir.(APA)
**
Reyting.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib ki, Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması bu məhsulun pərakəndə satış qiymətinə də təsirsiz ötüşməyəcək.

M.Vahabovun sözlərinə görə, gömrük idxal rüsumlarının dərəcələrindəki müvafiq dəyişiklik indiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. “Beləliklə, rüsumlar 10 fazi və 3 dəfə azaldılıb. Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var idi və hökumət bununla bağlı dərhal müvafiq addım atdı", - deyə qurum rəsmisi bildirib.

M.Vahabov qeyd edib ki, rüsumların azaldılması pərakəndə satış qiymətlərinə də təsir edəcək: "Əhali bunu tez bir zamanda hiss edəcək. Rüsumlar azaldılıbsa, bu, kərə yağının pərakəndə satış qiymətinə də təsir edəcək. Qiymətlərin yüksək olmasına görə bir çoxları idxalçıları qınayırdı. Lakin nəzərə almalıyıq ki, kərə yağı Azərbaycana Yeni Zelandiyadan idxal olunur ki, orada da bahalaşma baş verib. Üstəlik, nəqliyyat xərcləri, dolların məzənnəsi kimi faktorlar da nəzərə alınmalıdır. Hökumət rüsumları azaltmaqla kərə yağının ucuzlaşmasına şərait yaratmış oldu".
**
Onu da qeyd edək ki, Nazirlər Kabineti “TS-1” markalı reaktiv mühərriklər üçün yanacağın Azərbaycana idxalının gömrük rüsumlarından azad edilməsi müddətini də 31 yanvar 2018-ci ilədək uzadıb.

Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə reaktiv mühərriklər üçün yanacağın idxalına aksiz dərəcələri 31 yanvar 2018-ci ilədək bir ton üçün 80 manatdan 1 manatadək azaldılıb.

Hər iki qərar noyabrın 3-dən qüvvəyə minib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}