Ədliyyə Nazirliyi şair-dramaturqla razılaşmır - Cavab
Tarix: 20-02-2018 18:14 | Bölmə: Slayd
Ədliyyə Nazirliyi şair-dramaturqla razılaşmır

Prezident təqaüdçüsü, "Şərəf" ordenli şair-dramaturq Ramiq Muxtarın Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədova müraciətini yayımlamışıq.

Ramiq Muxtarın müraciətinə səbəb Azərbaycan Yazıçılar Birliyindəki mənzil qalmaqalından yaranmış məhkəmə çəkişməsidir.

Ədliyyə Nazirliyi R. Muxtarın müraciətinə reaksiya verib.

Nazirliyin Mətbuat xidmətindən redaksiyamıza göndərilən məktubda yazılır ki, "Şair-dramaturq hakimdən nazirə şikayət edib" başlıqlı yazıda vətəndaş Ramiq Muxtarın onun barəsində çıxarılmış məhkəmə hökmündən narazılığı əsassızdır:

“Ramiq Muxtar Azərbaycan Yazıcılar Birliyinin məsul şəxsinə qarşı təhqir və böhtan xarakterli ifadələr işlətdiyinə görə Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qərarı ilə 1000 manat məbləğində cərimə olunmasından şikayət etmişdir.

Bildiririk ki, R.Muxtar həmin qərardan qanunda nəzərdə tutulduğu kimi, yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verməmiş, əksinə, dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməmiş, heç bir məntiqə uyğun olmayaraq, cərimənin, qərarı qəbul etmiş hakimin əmək haqqından tutulmasını iddia etmişdir.

Məsələ ilə bağlı R.Muxtarın ərizələrinə Ədliyyə Nazirliyində dəfələrlə baxılaraq, həmçinin o, nazirlikdə qəbul edilərək, ona hüquq və vəzifələri ətraflı izah olunmuş, o cümlədən narazı qaldığı məhkəmə qərarının yalnız yuxarı instansiya məhkəməsində mübahisələndirilə biləcəyi diqqətinə çatdırılmışdır.

Göstərilənlərlə əlaqədar müraciət müəllifinin qeyd olunan məsələ ilə bağlı fikirləri həqiqətə uyğun deyil”.

Mətbuat xidməti bildirir ki, qanunvericiliyə əsasən məhkəmə icraatına müdaxilə yolverilməzdir, məhkəmə qərarlarının qanuniliyi və əsaslılığı tərəflərin müraciətləri ilə yalnız yuxarı instansiya məhkəmələrində yoxlanıla bilər: “Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid olmayan belə məsələlərlə bağlı yalnız aidiyyəti məhkəmələrə şikayət verilə bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}