Keçmiş icra nümayəndəsinin cinayət əməli məhkəmədə araşdırılır
Tarix: 31-03-2021 23:53 | Bölmə: Cəmiyyət
Keçmiş icra nümayəndəsinin cinayət əməli məhkəmədə araşdırılır

Daşkəsən rayon Zağalı kənd inzibati ərazi dairəsi üzrə sabiq nümayəndə Hətəm Musa oğlu Əzizov barəsində Cinayət Məcəlləsinin 308.1, 313 və 179.2.3-cü maddələri ilə açılmış cinayət işinin istintaqı yekunlaşıb.

Daşkəsən Rayon İcra Hakimiyyətindən Reyting.az-a verilən məlumata görə, rayon prokurorluğunun yekunlaşdırdığı istintaq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

31 mart 2021-ci ildə məhkəmənin hazırlıq iclası keçirilib. Növbəti məhkəmə prosesi aprelin 14-nə təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən Hətəm Əzizov 11.08.2000-ci ildə Cinayət Məcəlləsinin 168-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 2,6 il azadlıqdan məhrum edilib. H. Əzizov cəzasını həbsxanada çəkdikdən sonra o, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüquqlarından məhrum olunsa da, bunu əmək kitabçasında və tərcümeyi-halında saxtalaşdıraraq təqdim etdiyi saxta arayışlar əsasında məhkumluğunu gizlədib, cinayət əməllərini təkrar davam etdirib.

H. Əzizov həmçinin saxta arayışlar əsasında Daşkəsən rayonunun yay-otlaq sahələrinə külli miqdarda mal-qara gətirib, Xoşbulaq kəndində örüş-otlaq sahələrini zəbt etməklə vətəndaşlara ziyan vurub, nəticədə kənd sakinləri arasında narazılıq və qarşıdurma yaradıb. Belə qanunazidd, cinayət əməlləri ilə bağlı Prezident Administrasiyasının tapşırığı ilə Respublika Baş Prokurorluğunun nəzarəti altında Hətəm Əzizovun barəsində cinayət işi başlanaraq istintaq aparılıb. Çoxsaylı cinayət əməllərində təqsirləndirilən H. Əzizovun barəsində cinayət faktları zərər çəkən ayrı-ayrı şəxslərin və şahidlərin ifadələri, habelə digər təsdiqedici materiallarla Daşkəsən Rayon Prokurorluğunda sübuta yetirilib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq