Banklar ölkədə süni qiymət artımına şərait yaradır
Tarix: 13-11-2023 09:37 | Bölmə: İqtisadiyyat
Banklar ölkədə süni qiymət artımına şərait yaradır

Mərkəzi Bank bankomatlar vasitəsi ilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı alınan haqların aşağı salındığını bildirib. Bu, xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramov bildirib.

Mərkəzi Bankın qərarını müsbət hal kimi qiymətləndirən V. Bayramov qeyd edib ki, bu xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar. Yəni, nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək olaraq qalacaq.

V. Bayramov əlavə edib ki, bir sıra sistem əhəmiyyətli banklar SMS-xəbərdarlıq tarifini gələn aydan 2.5 dəfə artırmaq qərarı veriblər. Əvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Əslində, belə artımlar özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Çünki, nəinki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə, texnologiyanın yeniləşməsi SMS göndərmənin maya dəyərini xeyli aşağı salıb. Belə olan halda isə, bu xidmətlərdə kəskin qiymət artımını iqtisadi baxımdan izah etmək mümkün deyil. Bu baxımdan, requlator kimi Mərkəzi Bankın belə kəskin tarif artımlarının səbəblərini araşdırması və bu yöndə interventiv addımlar atması çox vacibdir.

V. Bayramov qeyd edib ki, bəlkə də, SMS xidmətinin 1 manata çatdırılması yüksək xərc kimi görsənməyə bilər, amma sistemli əhəmiyyətli banklarda müştərilərin sayını nəzərə alsaq, bu, kifayət qədər böyük dövriyyə deməkdir. Bu baxımdan da, liberal iqtisadiyyat prinsipləri çərçivəsində belə süni tarif artımlarının tənzimlənməsi çox vacibdir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
6-12-2024, 08:23 ABŞ pulsuz qala bilər

bütün xəbərlər