Ağalar Bayramovun repertuarında elə şeirlər var ki...
Tarix: 25-05-2016 21:23 | Bölmə: Mədəniyyət / Xəbərlər

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq işləri başından aşır. Yeni şeirlər, kliplər, tədbirlər bir-birinin ardınca... Telekanallar da bir yandan. O telekanal yoxdur ki, Ağalar müəllimə dəvət gəlməsin.

Gözəl qiraətçi A.Bayramov "Reytinq"ə deyib ki, telekanallar imkan vermir, hansı kanala çıxıb çıxış edirsə, dərhal internetə yerləşdirirlər.

Əməkdar artistin sözlərinə görə, şairlərlərimiz gözəl şeirlər yazır, onun üçünsə əsas şair yaradıcılığıdır:

"Bu saat bir nömrəli şair Ramiz Qusarçaylıdır. Onun "Azərbaycan bayrağı" adlı şeiri var, bu günə kimi ona çatan, onu əvəz edə biləcək bir şeir yoxdur. Onun hər tərzdə şeiri var - vətənpərvərlikdən tutmuş məhəbbətə kimi. Ramiz Qusarçaylının şeirlərinə mahnılar da bəstələnib.

Ramiz Rövşən isə dahi şairdir. Onun şeirlərini oxuduqca adam ilhama gəlir. Hələ Musa Yaqubu, Xəlil Rzanı demirəm, bunlar əlçatmazdır, dahidir. Qadınlardan isə Səadət Buta...

Söz heç zaman tükənməyib, davam edir. Mənim repertuarım isə onların yaradıcılığı ilə zəngindir".

İfa etdikləri şeirləri necə əldə etməsinə gəlincə, A.Bayramov bunları deyib: "Mənim kimi insanların arxivi şeirlərlə, əsərlərlə, deyimlərlə zəngin olmalıdır. Mənim repertuarımda kimlərin yaradıcılığı yoxdur? Xalq şairi Fikrət Qoca, Məmməd Araz, Əjdər Ol... Daha kimləri deyim?

Fikrət Qoca böyük şairdir. Onun çox şeirləri mənim repertuarımdadır. Elə şeirlər var ki, sanki mənim üçün yazılıb. Məsələn, Əjdər Ol bəzi şeirlərini mənim üçün yazıb. Mənim ifam üçün kim şeir yazırsa, ondan xəbər tuturam".

Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində tələbələrə səhnə danışığının sirlərini öyrədən Ağalar müəllimin fikrincə, bədii qiraət aktyor sənətinin bir qoludur, onlar arasında məsafə çox yaxındır.

Onu da etiraf edək ki, bu gün bədii qiraətçilər barmaqla sayılacaq qədərdir. A.Bayramov da bu fikrimizlə razılaşaraq bunları söylədi: "Görün nə qədər muğamat oxuyan var, günü-gündən də siyahı artır. Nə qədər meyxana deyən var. Aktyorlar da çoxdur, seriallar çəkilir, hətta elə aktyorlar var, ilk dəfədir ki, görürəm. Ordan-burdan dəvət edirlər, bilmirsən kimdir.

Amma bədii qiraət sənəti fərqlidir. Bu sənətdə kimisə aldatmaq mümkün deyil. Bu sahədə "xaltura" ola bilməz. Bunun da əsas özəlliyi ilahi səsdir. Səsin ucalığı yox ey, ürəyəyatımlılığı olmalıdır.

Vaxtiylə bu sənətdə belə səslər olub ki... Rəhmətlik Həsən Əbluc, Kazım Ziya, Səməndər Rzayev, Mikayıl Mirzə, İlham Əsgərov, Allah cansağlığı versin, Əminə Dilbazi... Hamısı dahilərdir, ona gördə də bunların sayı azdır.

Müğənnilər fonoqrama oxuyub kimisə alda bilər. Bədii qiraətdə isə aldatmaq mümkün deyil. Sən səhnədə tamaşaçı ilə üzbəüzsən. Sənə lazımdır səs, ürək, yaddaş... Və bir də baxır hansı ədəbi materialdan istifadə edəcəksən. Günün mövzusuna uyğun hadisələrlə zəngin şeir bədii qiraət sənətinin başlıca xüsusiyyətlərindən sayılır. Başqa sənətlərdə bu keyfiyyətlər yoxdur, ona görə də bizim ifaçıların sayı azdır.

Baxın, bu qədər ədəbi materialları beyində yerləşdirmək olar? Mən bu sözləri ürəyimin süzgəncindən keçirməsəm, dilimə gətirməsəm, tamaşaçı rəğbətini qazana bilərdimmi? Bədi qiraət sənəti sözü dada-duza gətirmək, sözə ikinci həyat verməkdir".

Yuxarıda adlarını sadaladığı sənətkarlardan çoxunun həyatda olmadığından təəssüflənən əməkdar artist "Əminə xanım gözəl sənətkardır, amma yaşlaşıb. O, mənim sənətimə həmişə qiymət verib. Onu heç vaxt unutmaram. Kimsə, haradasa bir şeir deyir, amma bu, bədii qiraət hesab olunmur. Bədii qiraət xalqın yaddaşına toxunan ifadır. İndi iki nəfər qalmışıq...",- söyləyib.

Mədəniyyət və Turizm Nazirliyinin bədii qiraət üzrə müsabiqələr keçirməsiylə bağlı sualımıza da cavab verən böyük sənətkar "Müsabiqə keçirməklə deyil ey... Bu sənət insanla birgə doğulur. Sadəcə olaraq, təhsil aldığın tədris müəssisəsi onu yoluna qoyub tənzimləyir. Bu sənət insanın xarakterində, düşüncəsində, hafizəsində anadangəlmə olur. Allah vergi kimi verib bu səsi mənə. Səs ki sarı simə toxunmursa, nə istəyirsən söylə, alınan deyil. Qiraət müsabiqələri baş aldatmaq üçündür. Mənə Allah verib bu səsi, bunun üçün Allaha minnətdaram",-deyib.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər