Şəhid anaları Akademik Musiqili Teatrda - Video
Tarix: 13-07-2022 19:17 | Bölmə: Mədəniyyət
Şəhid anaları Akademik Musiqili Teatrda - Video

Şəhid anaları “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanovun təşkilatçılığı ilə həyata keçirilən “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olublar. Onlar rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda səhnələşdirilən “Bir nəfəs qədər” tamaşasına baxıblar. Qürur mənbəyimiz olan şəhid və qazilərə, Zəfərimizin əsas simasına çevrilən şəhid analarına həsr olunan bu səhnə əsəri yüksək qiymətləndirilib.

Reyting.az
xəbər verir ki, tamaşanın sonunda şəhid anaları səhnəyə dəvət olunublar. Onlar bütün şəhid anaları adından göstərilən diqqət və qayğıya görə Akademik Musiqili Teatra və “Fire Land Production”ın rəhbərliyinə təşəkkür ediblər. Çıxış edən hər bir şəhid anası tamaşanın olduqca təbii alındığını vurğulayaraq, quruluşçu rejissor, aktyor heyəti, xüsusilə də, şəhid anası obrazının ifaçısına minnətdarlıqlarını bildiriblər.

Tamaşaçılar şəhid analarının çıxışlarını və aktyorların ifasında səsləndirilən “Xudayar təsnifi”ni sürəkli alqışlarla və göz yaşları içərisində qarşılayıblar.

Qeyd edək ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əliqismət Lalayevdır.

Tamaşanın 10-cu nümayişində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Səmədzadə Xasıyev, Ofeliya Məmmədova, Hidayət Əliyev, Əli Kərimov və Murad Əliyev iştirak ediblər.

Tamaşanın musiqi tərtibatçısı və quruluşçu dirijoru Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Əsərdə Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər