Gözəl Şuşa - Akif Əli yazır
Tarix: 22-02-2023 15:41 | Bölmə: Akif Əli
Gözəl Şuşa
(Publisistik düşüncələr)

Akif ƏLİ,
Fəlsəfə doktoru,
Əməkdar jurnalist,
Yazıçı-publisist

Şuşa haqqında düşünürəm. Və düşündüklərimi hörmətli oxucularla bölüşmək istədim. Şuşa təkcə Qarabağda və Şuşada doğulanlar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətən müharibəsindən sonra isə bütün Türk dünyası üçün müqəddəs məkandır. Qarı düşmən üzərində tarixi Qələbədən sonra Şuşa adını ilk dəfə eşidənlər üçün o, Azərbaycanın rəmzi oldu. Biz isə Şuşanın acılı-şirinli günlərini yaşamışıq. İşğal illərində görkəmli dövlət xadimi Heydər Əliyevin sözləri daim bizi Şuşaya doğru aparıb: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!”

İndi artıq Şuşasızlıq bitib, igid oğullarımız onu murdar tapdağından qurtarıb Azərbaycana, Azərbaycan xalqına qaytarıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin “Əziz Şuşa, biz qayıtdıq!” deyimi bütün dünyaya yayılıb. O bir cümlənin emosional təsir gücü, enerjisi 30 il dözən adamların sevincini, yüksək ruh halını əks etdirdi. İndi bu kəlamı qürurla işlətməyən azərbaycanlı tapılmaz.

Şuşa haqqında danışanda, o adətən musiqi beşiyi kimi təqdim olunur. Bu, bəlkə də ondan irəli gəlir ki, dağlar qoynunda yerləşən Şuşa Tanrıya daha yaxındır və ilahi səda olan musiqi də o dağlarda daha həzin səslənir.

Şuşada görkəmli elm, ədəbiyyat, dövlət xadimləri, hərbçilər çox olub. Şuşanın yetirdiyi ziyalı mühiti genişdir. Xan qızı Natəvanın, dahi Üzeyir bəyin Şuşanın yetirmələri olduğu hamıya məlumdur.

Əhməd bəy Ağaoğlu kimi dahi bir insan Şuşada dünyaya göz açıb. O, Türkiyədə azadlıq mübarizəsində iştirak edib, Atatürkün yanında olub.

Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov kimi yazıçılar Şuşa ədəbi mühitinin yetirməsidir.

Ensiklopedik biliyə malik şair, rəssam, yazıçı, təbib Mir Möhsün Nəvvab ümumiyyətlə, Şuşanın fəxridir. Mir Möhsün Nəvvabın “1905–1906-cı illərdə erməni-müsəlman davası” adlı mükəmməl publisistik yazısına əgər biz vaxtında diqqətlə yanaşsaydıq, onu düşüncə və yaddaş arealımızda qorusaydıq, sonrakı hadisələr də bizim üçün gözlənilməz olmazdı. Nəvvabın yazdığı tarixi faktlar 1988-ci ildən sonra Qarabağ hadisələrində eynilə yenidən təkrar olundu. O kitabı vaxtında oxusaydıq bilərdik ki, erməni elə həmin ermənidir. Özümüzü yorub onun dəyişiləcəyinə ümid bəsləmək əbəsdir. İnsanları qətlə yetirmək, əzazillik etmək, evləri, binaları dağıtmaq, yandırmaq, saxtakarlıqla özgə torpağını özlərininki kimi qələmə vermək – bunların xislətidir.

Şuşa mövzusu, Şuşa obrazı çox əsərlərdə var. Məncə onun ən gözəl poetik obrazını “Şuşanın dağları” şeirində Xan Əmi yaradıb:

“Şuşanın dağları başı dumanlı,

Qırmızı koftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdur gümanlı…”

Nə gözəl deyib!

Şuşanın görkəmli ziyalılarından Yusif Vəzir Çəmənzəminli də “Qan içində” (yaxud “İki od arasında”) romanında Şuşadakı qanlı-qadalı hadisələri qələmə alıb.

Şuşa doğumlu şəxsiyyətlər arasında dahi Firidun bəy Köçərlini, Şuşalı olan görkəmli yazıçı, publisist, pedaqoq Tağı Şahbazini qeyd etmək lazımdır. Və Şuşanın, Qarabağın ziyalılarından danışanda ən böyük ziyalılardan biri - Həmidə xanımı unutmaq insafsızlıq olar. Onun ən gözəl əsərlərindən biri bizə yadigar qalan Mirzə Cəlil haqqında xatirələridir...



Müasir dövrə gələndə, təvazökarlıqdan uzaq olsa da, deyim: Şuşada doğulan, Şuşanı səmimi qəlbdən sevən, daim onun təəssübünü çəkən bütün azərbaycanlılar kimi mənim də diqqətim daim mədəniyyət paytaxtımıza yönəlik olub. Hələ Qarabağ hadisələrinin ilk illərində, 1991-ci ilin mart ayında “Bakıdan Şuşaya səyahət” yazım dərc olunmuşdu. Mən Şuşaya axırıncı dəfə 1987-ci ildə getmişəm. Ondan sonra getmək mümkün olmurdu. Hərçənd Ali Sovetdə “Qarabağ heç vaxt indiki kimi bizim olmayıb”,- məşhur ifadəsinin səsləndiyi dövr idi.

1991-ci ilin mart ayında mən bir jurnalist kimi Ağdamı keçərək Şuşaya getmək istədim. Əsgərana çatanda Sovet əsgərləri saxladılar. Şuşaya getdiyimi biləndə dedilər, biz sizin təhlükəsizliyinizə təminat vermirik, ermənilər ya daşla, ya tüfənglə vurar. Belə məlum oldu ki, o ərazidə artıq Sovet hökuməti yoxdur və bizi getməyə qoymadılar. Mən qayıdıb gördüklərimi olduğu kimi qələmə aldım. Beləliklə, mən gözəl Şuşamıza bir daha gedə bilmədim...

1992-ci ilin fevralında Baş redaktoru olduğum “Vətən səsi” qəzetində “Şuşa əldən gedir” təlaşını manşetə çıxartdım. Şuşanı qorumaq barədə mütəmadi yazılarla çıxışı etdim. Təəssüf ki, o vaxtkı iqtidarın maymaqlığı üzündən gözəl Şuşa əldən getdi. Ancaq hamı kimi, mən də heç vaxt bununla barışa bilmədim.

“Tərlanlar oylağı sar ola bilməz!” harayı yazdım. İşğal faciəsindən bəhs edən “Dumanlı dağlar” kino-pritçasını qələmə aldım. Hirslə, hikkəylə Şuşanı dağıdanlara ünvanlanmış “Şuşada eşşək otaran erməniyə müraciət” silsiləsini yazdım... On beş il əvvəl “Təzadlar” qəzetində çap olunan həmin tragikomik müraciətin ideyası belə idi ki, ay erməni, sən əgər Şuşaya gəlib cır-cındır içində, ac-susuz eşşək otaracaqdınsa, niyə o gözəlliyi dağıtdın? Niyə mədəniyyət ocağını məhv elədin və indi də eşşəyinlə hər gün Ərimgəldi qayasına çıxıb Amerikadan yardım gösləyirsən...

Şuşada eşşək otaran erməniyə yazdım ki, ey barışıq qonaqlığı təklif edən erməni, mən Şuşaya heç vaxt boynu bükük, sifətində müti təbəssümlə gəlmərəm. Mən gəlsəm ora qonaq kimi yox, qalib kimi gələrəm və gələcəm. Mən ora dolanbac yollarla təkəsaqqal Ancey Kasprşikin ardınca gəlmərəm. Mən gəlsəm ildırım sürətli Türk yıldızlarının qanadında gələrəm və gələcəm, ay erməni... Şükr, 44 günlük müharibədə elə də oldu!

Bundan başqa, “Qarabağda talan var”, “Erməniliyin anatomiyası” kimi yazılarda ermənilərin Şuşada törətdiyi vəhşiliklər, yerlə-yeksan etdikləri kitabxanalar, muzeylər, teatr binaları, məktəblər və tarix memarlıq abidələri haqqında ağrıyla dolu məlumatlar öz əksini tapdı. Bütün bunları dünyaya özünü “qədim və mədəni xalq” kimi sırıyan ermənilər törətdiyini yazdım. Axı o hansı mədəniyyət sahibidir ki, rəsm əsərlərini, kitabları yandırır, məktəbləri, uşaq bağçalarını, muzeyləri, imarətləri dağıdır?!

Ermənilər müharibənin ilk illərində bütün dünyaya car çəkirdilər ki, guya Qarabağda ilk xristian abidələrini vəhşi müsəlmanlardan qoruyurlar. Dünya onlara kömək etməlidir. Biz bu gün erməninin aldatdığı dünyaya sübut etməliyik ki, Qarabağda olan xristian abidələri onlara aid deyil, bizə məxsusdur, azərbaycanlı albanların yadigarıdır. Sonradan daşyonanlar erməniləşdirib. Sovet vaxtı alban abidələrini ermənilər öz adlarına çıxanda, bənnalar onların üzərində “korreksiya” işləri aparanda bizim ideoloqlar, ziyalılar, mədəniyyətə cavabdeh vəzifəlilər bunu başa düşməyiblər, laqeyd qalıblar, biganəlik göstəriblər. Guya respublikada müsəlmanlıq yayılıbsa, daha xristianlığın bizə dəxli yoxdur. Nə qədər cahil yanaşma! Halbuki, Odlar Yurdu Azərbaycanda Atəşpərəstlik olub. Sonra İsa Peyğəmbərin apostolları xristianlığı gətiriblər. Və daha sonra ulu sərkərdə Babəkin 22 il ölüm-dirim mübarizəsi apardığı ərəblər İslamı qılınc gücünə tətbiq ediblər... Bu tarixi həqiqətdir. Bu həqiqəti dünyaya yaymaq, izah etmək yaradıcı insanların funksiyası və borcudur.


Akif Əlinin uşaqlıq fotosu

Bu yerdə bir haşiyə çıxım: Sovet dövrü miraslarından biri də kampaniyaçılığa meyldir. Müstəqillik illərində bu meyl ətalətlə davam etdi. Vaxtilə hamı köşk açırdı, sonra hamı qəzet təsis etməyə başladı, sonra sayt yaratmağa və s. Şuşa azad olunandan sonra da az qala hər tində, hər zirzəmidə bir “Şuşa” çayxanası, kafesi, restoranı açmağa başladılar. Şuşaya getmək, orada selfi çəkib paylaşmaq da dəbə çevrildi. Hətta “Şuşa” adını lağlağı KVN komandasına qoyanlar oldu... Mən ötən ilin yanvarında çap etdirdiyim “Şuşa adını qoruyaq” məqaləsində bu kompaniyaçılığa etiraz edərək bildirdim ki, Şuşa hamımız üçün müqəddəsdir. Biz Şuşa adını hər yerdə istifadə edib o müqəddəsliyi ucuzlaşdırmamalıyıq. Yaxşı ki, sonradan Milli Məclisdə bu məsələ müzakirə olundu. Və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa 5 may 2022-ci il tarixli dəyişikliyə əsasən, “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verildiyi təsbit edildi.

Nəinki Şuşa adını, heç bir milli dəyəri öz mənafeyi naminə kimsə istismar edə bilməz! Biz min illərlə, on min illərlə yaranıb formalaşan milli-mənəvi dəyərləri qorumalıyıq. O dəyərləri zaman-zaman cəmiyyətin istifadəsi üçün xatırlatmaq, ictimaiyyətə təqdim etmək lazımdır. Bunu isə şübhəsiz, ilk növbədə elm, mədəniyyət adamları, ziyalılar etməlidir. Bir də dövlətin mədəniyyət siyasəti buna yönəlik işləməlidir. Mədəniyyət siyasəti doğru, düzgün qurulduqda həmin dəyərlər cəmiyyətdə üstünlük təşkil edər və insanlar o dəyərlərə uyğun davranar.

Vaxtilə kitaba hörmət böyük idi, hətta işbaz “sexovşiklər” cild-cild kitab alıb evdə dolaba düzürdülər. “Əxlaqımızın antipodları” adlandırılan neqativ əməl sahibləri özlərini ziyalı, dəyərli vətəndaş kimi göstərmək üçün evlərində kitab olduğunu vurğulayır, metroda, avtobusda kitab oxuyurdular. Çünki kitaba bir dəyər səviyyəsində ehtiram göstərilirdi!

Mütaliəsi geniş insanın zövqü də cilalanıb formalaşar. Zövqü formalaşan insan isə zəif əsəri, səviyyəsiz əməli sadəcə qəbul etməz. Odur ki, mədəniyyət siyasəti elə qurulmalıdır ki, milli-mənəvi dəyərlər, ən yaxşı zövqlü əsərlər və istedadlı insanlar təqdir olunsun, cəmiyyət bilsin ki, yaxşı nədir, pis nədir.

İnsan psixologiyasında təqlidçilik önəmli yer tutur. Yaxşı nümunənin rəsmən təqdir olunduğunu görənlər heç vaxt pis nümunəni qəbul etməz. Belədə “Şuşa” adı kimi mötəbər dəyərlər də qorunar, onların lağlağı obyekti olmasına ictimaiyyət özü təpki verər, qanun-qadağaya ehtiyac qalmaz...

Ümumbəşr mədəniyyətinin dəyərləri var. Leonardo da Vinçinin, Mikelancelonun, Rafaelin əsərləri dəyərdir. Şekspirin, Hüqonun, Servantesin, Heminqueyin kitabları dəyərdir. Bizdə də eynilə Nizami, Füzuli, Nəsimi, Axundzadə, Sabir, Mirzə Cəlil, Hüseyn Cavid səviyyəsi dəyərdir. Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Səttar Bəhlulzadənin, Ömər Eldarovun əsərləri – milli dəyərdir... O səviyyələri ictimai dövriyyədə lazımınca təqdim etdikdə, o dəyərlərdən aşağı olanları ictimai şüur özü qəbul etməz. Cəmiyyətin, ölkənin, xalqın səviyyəsi mükəmməl zövqün səviyyəsi ilə müəyyən olunar.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz Qarabağı, Şuşanı Azərbaycan xalqına qaytardı. Ordu, xalq və rəhbərliyin birliyi bizə böyük Qələbə qazandırdı. Azərbaycan son 200 illik tarixində ilk dəfə belə böyük Zəfərə imza atırdı. O vaxta qədər azərbaycanlılar ermənilərin təbliğatı ilə qorxaq, aciz xalq kimi tanıdılırdısa, Qələbədən sonra Azərbaycan xalqı bütün dünyaya başqa bir obrazda çıxdı. Məlum oldu ki, Azərbaycan xalqı böyük qürurlu xalqdır. Azərbaycan xalqının torpağa məhəbbəti böyükdür. Həmrəyliyə malik Azərbaycan xalqı vaxtilə ona qorxaq deyən erməniləri işğal etdikləri torpaqlardan iti qovan kimi qovdular. Ordu öz öhdəsinə düşən işi cəsarətlə və şərəflə yerinə yetirdi.

İndi Qarabağda böyük işlər gedir, dövlət dəqiq, plana uyğun şəkildə sürətlə böyük quruculuq işləri aparır. Dövlət öz üzərinə düşənləri şərəflə yerinə yetirir. Hesab edirəm, bu prosesdə yaradıcı ziyalılarımızın da öhdəsinə başqa növ yük düşür. Qarabağ haqqında, o cümlədən gözəl Şuşa haqqında dəyərli əsərlər yaratmaq! Azərbaycanın bədii obrazını, qəhrəmanlıq ruhunu dünyaya olduğu kimi çatdırmaq! Mədəniyyətin bütün sahələrində, ədəbiyyatda, kinoda, rəssamlıqda, musiqi sənətində, mətbuatda, tele-radioda yüksək zövqlü, məqbul səviyyəli əsərlər yaratmaq Qalib ölkənin hər bir sənətkarının, hər yaradıcı ziyalısının borcudur.

22.02.2023

Müəllifin bütün yazıları - Akif ƏLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}