23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ankara səmasında Azərbaycan Sancağı - Akif Əli yazır
Tarix: 17-11-2021 21:03 | Bölmə: Akif Əli
Ankara səmasında Azərbaycan Sancağı
Akif ƏLİ,
fəlsəfə doktoru,
yazıçı-publisist


...100 il öncə Ankara səmasında Azərbaycan bayrağı ucaldıldı.

Noyabrın 18-i Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasındakı dostluq, qardaşlıq münasibətləri üçün əlamətdar yubiley günüdür. 1921-ci il noyabrın 18-də Ankarada ilk Azərbaycan səfirliyinin açılışı olub.

Tarix qəribə özəllikləri ilə mütəmadi təkrarlanır. 100 il əvvəl də bu regionda hədsiz gərginlik yaşanırdı. Azərbaycana yeni “hakimiyyət” gətirən işğalçı rus-erməni bolşevikləri milli qüvvələrə qarşı qanlı təqiblərini davam etdirirdi. Eyni vaxtda köpək sürüsü kimi Anadoluya daraşan bir neçə xarici dövlətin birləşmiş qoşunları ilə Türk milləti arasında şiddətli savaş gedirdi. Azərbaycanda bolşevik çevrilişi baş tutsa da, Türkiyədə Ulu öndər Mustafa Kamal Paşa Atatürkün sayəsində xalq istiqlal savaşından qalib çıxdı.

Belə bir zamanda iki qardaş ölkə arasında yeni münasibətlərin rəsmiləşdirilməsi zərurəti yarandı. Azərbaycan SSR XKS-nin sədri N. Nərimanovla bolşeviklərin lideri V. Lenin arasındakı razılaşmaya əsasən, Türkiyədə Azərbaycan səfirliyinin açılmasına qərar verildi. Qərardan sonra Nərimanov Azərbaycan SSR-in Türkiyə Cümhuriyyətində ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsini vaxtilə “Hümmət”də partiyadaşı olan İbrahim Əbilova həvalə etdi. Bu etimad İ. Əbilova Azərbaycan tarixinə tanınmış dövlət xadimlərindən biri kimi daxil olmaq şansı qazandırdı.



İbrahim Məhərrəm oğlu Əbilov 1881-ci ildə Ordubadda anadan olmuşdu. Hələ 1918-ci ildə o, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilmiş və sosialist fraksiyasına başçılıq etmişdi. 1920-ci ildə Bakıda "İskra" qəzetinin redaktoru, sonra isə Azərbaycan SSR Daxili işlər nazirinin müavini təyin olunmuşdu. Azərbaycanın Türkiyədə səfiri olan zaman ona daha bir etimad göstərilərək, SSRİ dövlətinin tərkibində yeni yaradılan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (Zaqfederasiya) Türkiyədə fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilir. Və məhz bu yeni təyinat bacarıqlı diplomatın faciəsinə səbəb olur. Bu barədə bir qədər sonra…

1921-ci il oktyabrın 13-də Azərbaycan təmsilçisi İ. Əbilov vəzifəsinin icrası üçün Ankaraya yola düşür. Həmin gün Karsda Türkiyə ilə Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında Dostluq Anlaşması imzalanmışdı. Bu Müqavilə ilə Türkiyənin Şərq sərhədləri dəqiqləşdirilmiş, Qafqazın üç respublikası Türkiyənin dövlət sərhədlərini rəsmən tanımışdı.

Xatırladaq ki, o vaxt bolşevik Rusiyasına daldalanan ermənilər qədim Azərbaycan yurdları olan İrəvan, Göyçə və Zəngəzur mahalları ərazisində tarixdə ilk dəfə “Ermənistan dövlətini” yarada bilmişdilər. Onların növbəti mərhələ kimi Naxçıvan və Qarabağ vilayətlərinə qarşı hazırladıqları mənfur işğal niyyətlərinin “cəhənnəmə vasil olmasında” isə İbrahim Əbilovun da rolu olmuşdu. Belə ki, 1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında imzalanan Müqavilənin müvafiq bəndini Azərbaycan Xalq komissarı Behbud bəy Şahtaxtinski ilə İbrahim Əbilov birgə hazırlamışdılar. Bu bəndə əsasən “Ermənistan” ilə Naxçıvan MSSR arasında sərhədlər müəyyənləşdirilmişdi. Və ən çətin məqamlarda həmişə Azərbaycanın yanında olan qardaş Türkiyənin Baş Komandanı Atatürk o zaman öz qoşunlarını Naxçıvandan yalnız bu şərtlə çıxartmağa razılıq vermişdi ki, Rusiya Naxçıvanı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyacaq! Və elə də oldu...



Azərbaycanın Türkiyədə ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunan İbrahim Əbilov 1921-ci il oktyabrın 11-də səfirlik əməkdaşları ilə birgə Batumdan Trabzon limanına, oradan Giresun-Samsun xəttilə Ankaraya gəlir. Oktyabrın 14-də o, səfir etimadnaməsini Türkiyə Cümhuriyyətinin banisi, Qazi Mustafa Kamal Paşa Atatürkə təqdim edir. Atatürkün təlimatı ilə dərhal qardaş ölkənin səfirliyi üçün Ankaranın mərkəzində Cebesi səmtində Hamamönü mövqeyindəki uyğun binalardan birinin seçilməsindən sonra, səfirliyin açılış törəni olur.

Həmin tarixi gündən indi düz 100 il keçir. Noyabrın 18-də təntənəli şəkildə düzənlənən mərasimdə Azərbaycanın bayrağı Ulu öndər, Baş Komandan Mustafa Kamal Paşanın şəxsən özü tərəfindən səfirlik binasının üzərində qaldırılır.

Türkiyədə 2019-cu ildə nəşr olunmuş “Anadolu Hökuməti Ankarası” kitabında həmin tədbirdən fotolar verilməklə hadisələr belə təsvir edilir:

...Öncə Azərbaycan təmsilçisi İbrahim Əbilov çıxış etdi, Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığından danışdı. Sonra TBMM Başkanı və Baş Komandan Qazi Mustafa Kamal Paşa nitq söylədi, təmsilçilik binası üzərində Azərbaycan bayrağını qaldırdı. Atatürk çıxışında dedi:

"Bu gün Azərbaycanın istiqlalını təmsil edən sancağı çəkərkən əllərimin bir qədər hissiyyat və təəssürat ilə mütəhərrik olduğunu duyuram. Əslində sancağı çəkən mənim əllərimdir. Fəqət əllərimi hərəkətə gətirən bugünkü bayramda mənimlə mənən həmrəy olan bütün Türkiyə xalqının həqiqi və səmimi qardaşlıq duyğularıdır.

Səfir həzrətləri! Azərbaycan sancağının Türkiyə sancağının yanında Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır. Bizə belə bir bayram günü yaşatdığınızdan dolayı səmimi təşəkkürümü bildirirəm".

Tədbirdən sonrakı ziyafət zamanı İbrahim Əbilov xilaskar Türkiyə ilə dostluğun rəmzi olaraq, Azərbaycan hökuməti və xalqı adından Atatürkə üzərində “Türk inqilabının qəhrəmanı Mustafa Kamal Paşaya yadigar" sözləri yazılmış Qafqaz süvari ordusunun qızıl xəncərini bağışladı.

“Hakimiyyəti Milliyyə” qəzeti “Ankara səmalarında Azərbaycan Sancağı” başlığı ilə dərc etdiyi məqalədə “Azərbaycan sancağı Baş Komandanımızın əli ilə taxıldı” yazır, tədbiri ətraflı işıqlandırırdı. Qəzet Azərbaycan bayrağı ilə Türkiyə bayrağını qoşalaşdıraraq, bunun xüsusi məna daşıdığını vurğulayırdı: “Ulduzunun içində fəhlə və kəndliyə dəlalət edən oraq və çəkicdən başqa Osmanlı sancağından bir fərqi olmayan Ay-ulduzlu qardaş al bayraq yüksəklərdə dalğalanmağa başladı”.

Azərbaycan-Türkiyə dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün səfir İbrahim Əbilov qısa vaxtda böyük xidmətlər göstərib qardaş ölkədə şərəflə çalışır. Azərbaycan hökumətinin iradəsini ifadə edərək, Türkiyənin apardığı son dərəcə ağır istiqlal savaşına hərtərəfli dəstək verən ilk səfirimiz Cümhuriyyətin ilk prezidenti Mustafa Kamal Paşanın da dərin hörmətini qazanır. Onların arasında səmimi dostluq münasibətləri yaranır. Atatürkün dillər əzbəri olan məşhur deyimi o illərdən yadigardır: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq, ona yardım etmək borcumuzdur”.



Şəxsi dostluq münasibətləri ailəvi dostluğa çevrilir. Hətta Atatürk dostunun Ankarada yeni doğulan körpə qızını əzizləyərək, “Anadoluda doğulduğu üçün adını Anadolu qoyuram”, - deyir. Sonra birgə şəkil çəkdirirlər və şəklin arxasına Atatürk belə yazır: “Yavrum, adını mən verdim, bəxtini Tanrım versin. Mustafa Kamal Qazi, 12 dekabr 1922 il”.

Azərbaycanla Türkiyə torpaqları arasında Sovet hakimiyyətinin yaratdığı süni “Zəngəzur dəhlizi” sanki yersiz-yurdsuz sərgərdan erməni tayfasının iki qardaş ölkə arasına pərçim edilmiş qara tikan niyyətli bir rəmzidir. Erməni çeteləri zamanın bütün dönəmlərində həm Türkiyənin, həm də Azərbaycanın neçə-neçə görkəmli şəxsiyyətlərinə qarşı terror, diversiya, xəyanət əməlləri törətməklə, öz mənfur adlarını tarixə Türkün qatı düşməni kimi salıblar.

...1922-ci ildə İ. Əbilova üç Qafqaz ölkəsini birləşdirən Zaqfederasiyanın səfiri vəzifəsi həvalə olunduqdan sonra, onun səlahiyyətlərinin daha da artması, Azərbaycanlı səfirə gürcü və erməni müşavirlərin yardımçı kimi təyin olunması pis niyyətli bədxahların qısqanclığını birə-beş şiddətləndirdi. Xüsusilə, dövrün konyukturuna uyğun bu dəfə “bolşevik” maskası taxmış daşnak ermənilər özlərinə yer tapa bilmirdi. Erməni mətbuatı daim səfirə qarşı qarayaxma kampaniyası aparır, İstanbulda nəşr olunan ermənicə "Cağadamard" qəzeti onu tənqid edən donosvari yazılar verirdi. Guya İ. Əbilovun Rusiyaya qarşı fəaliyyət göstərdiyi səbəbindən geri çağırıldığı barədə yalan, böhtan yayırdılar. Bu ağ yalan xəbərin əsil məqsədi həm Moskvadakı ağalarına ideya vermək, həm də Azərbaycanlı səfirə mənəvi zərbə vurmaq idi. Erməni müşavir Azərbaycan Respublikasının təmsilçisi ilə Sovet Rusiyasının Ankaradakı təmsilcisinin arasını vurmağa çox səylər göstərirdi. Artıq onun səfir haqqında ruslara anonim məktublar yazdığı aşkar idi. Hətta komissiya yaradılıb səfirliyin işi yoxlanır, ancaq heç bir nöqsan tapılmadığı üçün işə davam qərarı verilir.

Daşnakların fitnə-fəsadı isə bitib-tükənmək bilmirdi. Onlar hansı yolla olursa-olsun, təmizliyi və sədaqəti ilə Türkiyə hökumətinin rəğbətini qazanan Azərbaycanlı diplomatı aradan götürmək planları qururdular. Nəhayət, erməni xainləri istəklərinə nail ola bildilər...



1923-cü ilin fevral ayında Mustafa Kamal Paşanın dəvəti ilə İzmirdə keçirilən İqtisad konqresində iştirak edən İbrahim Əbilov burada geniş nitq söyləyir. Ancaq Konqresdə verilən böyük ziyafətdən sonra, gecə evə qayıdan səfirin halı qəflətən pisləşir. O, mədə-bağırsaq ağrıları ilə təcili xəstəxanaya qaldırılır. Konsilium ağır zəhərlənmə səbəbindən daxili orqanların paralizə edildiyi diaqnozu qoyub, əməliyyata qərar verir. Xəstə dostunun vəziyyətini nəzarətdə saxlamaq üçün xəstəxanaya gələn Atatürk şəxsi həkimlərini də özü ilə gətirir. İbrahim Əbilovun həyatı uğrunda əsil çarpışma başlanır... Lakin qəfil xəstəlikdən doğan ağrılar getdikcə şiddətlənirdi. Üç gün-üç gecə ölüm-qalım çarpışmasının ardından, fevralın 23-də səhərə yaxın Azərbaycanın Türkiyədəki ilk fövqəladə və səlahiyyətli səfiri həyatını itirir...

Atatürkün tapşırığı ilə səfirin cənazəsi mumiyalanaraq, xüsusi gəmi ilə vətənə yola salınır və Bakıda dəfn edilir. Ailənin yaxın dostu olan Türkiyə prezidenti təklif etsə də, Əbilovlar ailəsi Türkiyədə qalmaq istəməyib Azərbaycana dönürlər. İbrahim Əbilovun qızı Anadolu xanım Əbilova sonralar uzun müddət Azərbaycan Respublikası Mədəniyyət İşçilər Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışır. O, atası haqqında xatirələrində göstərir ki, düşmənlər hətta səfirin ölüsündən də intiqam almışdılar. Belə ki, Anadolu xanım 1941-45-ci il Dünya müharibəsində iştirak etdikdən sonra, cəbhədən Bakıya qayıdanda atasının Çəmbərəkənddəki məzar yerinin darmadağın edildiyini görür. Onlar nə qədər axtarsalar da it-bata salınan məzarı tapa bilmirlər... Yalnız ölümündən 68 il sonra, 1981-ci ildə müəyyən qədər ailəyə təsəlli olmaq üçün Ulu öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycanın Türkiyədəki ilk səfiri İbrahim Əbilovun Fəxri Xiyabanda simvolik məzarı düzəldilir.



Budur, Türkiyədə ilk səfirliyimizin açılışından 100 il keçir. 100 ildir ki, böyük Atatürkün səfirlik üzərində ucaltdığı Azərbaycan bayrağı Ankara səmasında şərəflə dalğalanır.

Və sonsuza qədər dalğalanacaq!

17.11.2021

Müəllifin bütün yazıları - Akif ƏLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}