Oğurluq - Akif Abbasov yazır
Tarix: 03-10-2023 09:29 | Bölmə: Akif ABBASOV
Oğurluq

Akif ABBASOV

(hekayə)


Muradəli əlli illik ömründə pisi də, yaxşını da çox görmüşdü. Həyatı sən deyən fərəhli keçməmişdi. Çətinliklərlə çox qarşılaşmışdı. Bu fani dünyada ağlı kəsəndən nə qazanmışdırsa, öz gücünə idi. Başı daşdan-daşa dəyə-dəyə gəlib bir vəzifə, şan-şöhrət sahibi olmuşdu. Görünür, xoşbəxt ulduz altında doğulmadığı üçündür ki, hansı işin qulpundan yapışmışdırsa, qabağına daş diyirlətmişdilər. Odur ki, dara, çətinə düşəndə dilxor olar, “Elə bil işim daş altından çıxır”,- deyə öz-özünə deyinərdi. Lakin heç vaxt ruhdan düşməzdi. Mübarizələrdə bərkimişdi. İndi bir iş dalınca düşəndə qabaqcadan özünü buna hazırlayırdı: “Düzələn iş deyil. Amma gedim”. Ona görə də işi düz gətirməyəndə dilxor da olmur, uğur qazananda sevinirdi.

Çətinliklərlə, haqsızlıqlarla, süründürməçiliklərlə, badalaqgəlmələrlə çox rastlaşdığından idi ki, insanlara münasibətdə həssas idi, çalışırdı ki, heç kimi incik salmasın. Düzəlməsi müşkül məsələ olanda isə, müraciət edən şəxsi şirin dil, xoş üzlə qarşılar, yola salardı.

Muradəli insanların nə üçün bir-birini anlamadıqlarını, bir-birinə qənim kəsildiklərini, birinin digərinə tor qurduğunu heç cür başa düşmürdü. Bir şeyi çox aydın dərk edirdi ki, adamların erkən həyatdan köçmələrinə səbəb onlar arasındakı pis, kobud, yaramaz münasibətlərdir.

Belə münasibətlər onun bacı-qardaşları arasında da vardı. Qardaşı arvadları az qala qohum-əqrəbanı, yaxınları bir-biri ilə düşmən etmişdi. Çox zaman qardaşları da arvadlarının fitvası ilə oturub-durur, qanlı-bıçaq olurdular. Küslülük illərlə çəkirdi. Bəzən bir-birlərinin xeyrində-şərində də görünmürdülər. Bu, övladlarının bir-birlərinə, əmi, dayı, bibi, xala uşaqlarına münasibətlərinə də pis təsir göstərirdi.

Muradəligil dörd qardaş, üç bacı idilər. Aralarında ögeyi yox idi. Hamısı bir atanın, bir ananın övladlarıydı. Muradəli həm qardaşları, həm də bacıları, onların ailə üzvləri ilə münasibəti saxlamağa çalışırdı. Arvadına da onların um-küsüsünə, söz-söhbətinə qarışmağa imkan vermirdi.

“Nissan” avtomobilində rayondan qayıdan Muradəli yol boyu beynini yoran suallara cavab tapmağa çalışırdı. Qanı bərk qara idi. Həyatı qədər sevdiyi əziz bacısı dünyasını dəyişmişdi. Dünən üçünü vermişdilər. Qohum-əqrəba, dost-tanış, qonşular yığışıb onların kədərinə şərik olmuşdu. Muradəli çox göz gəzdirsə də, qardaş arvadlarından ikisini görə bilməmişdi. Başa düşmüşdü ki, arada inciklik var. Daxilən bərk qəzəblənmişdi. Belə ağır, kədərli gündə də inciklik, umu-küsü olar? İnsanlar bəzən nə qədər də cılız olur, ölüm günündə də hisslərini cilovlaya bilmirlər. Muradəli qardaşlarının da oturuş-duruşundan kimin kiminlə arası olmadığını əlüstü başa düşmüşdü.

Yeznəsi kasıb bir kişi idi. Yas xərcini Muradəli çəkməli olmuşdu. Həm yeznəsi imkansız olduğuna görə, həm də Muradəliyə görə rayon mərkəzindən, Bakıdan çoxlu vəzifəli şəxs yasa gəlmişdi. İstəmirdi ki, bacısının yası urvatsız olsun. Ağız büzsünlər. İndi hər şeyə fikir verirlər. Bundan başqa, qardaş-bacılarının hərəsi yaxasını bir kənara çəkib durmuşdular. İrəli duran, bir işin qulpundan yapışan yox idi. Sanki rəhmətə gedən onların bacıları deyil, yad bir adam idi.

Belə yerdə Afəridə xanım düz deyirdi:

“Qohum-əqrəbanın xeyrində-şərində irəli duran, özünü oda yaxan tək sənsən. Sən olmasaydın, görəsən, bunların halı necə olardı?!. Bir-birinin axırına çıxardılar”.

Rayonda öyrəndi ki, mərhum bacısının qızlarından biri - Şəfəq universitetdə oxuyur. Gör ha, iki ildə bundan xəbəri olmayıb. “Yaxşılıqdan savayı Muradəlini bacıqızına nə yamanlığı dəyə bilərdi? Nə isə, öz işləridir!”

Yeznə fəhlə baba idi. Aldığı maaş ailənin dolanışığına güclə çatırdı. Uşaqlarının əyni-başı tökülürdü. Bir yandan da tələbə oxutmaq!

Bacısının əziz ruhuna hörmət əlaməti olaraq indi fikirləşirdi ki, onun yeddisinə gedəndə, Şəfəqin atasına desin ki, qızını kirayə qaldığı evdən çıxarıb öz evinə gətirmək istəyir. Həm kirayə haqqından azad olar, həm də ona qızı kimi baxar. Yediklərindən o da yeyər, içdiklərindən o da içər, arada əyin-başını da alar.

Muradəli mərhəmət hissindən bu qənaətə gəlmişdi. Bacısının övladına əl uzatmayanda kimə uzadacaqdı?! Yolda ürəyindən keçənləri həyat yoldaşı Afəridə xanıma da dedi. Afəridə ürəyi yumşaq, əliaçıq, mehriban, qohumcanlı bir qadın idi. Qeybəti, söz bəzəməyi, xəbər aparıb-gətirməyi xoşlamazdı. Bilirdi ki, bütün bunların axırı yoxdur, başqasından daha çox adamın özünə ziyanı dəyir, yalnız münasibətləri pozur.

Ərinin sözlərini eşidəndə Afəridə xanım dərhal cavab vermədi. Qaşları çatıldı. Fikrə getdi. Muradəli bunu belə yozdu ki, arvadı deyəsən razı deyil. Afəridə xanım haçandan-haçana:

- Murad, bilirsən ki, sənin sözün mənimçin qanundur. Ancaq sənin o bacın qızını mən yaxşı tanımıram. Xasiyyəti necədir, nəyi xoşlayır, nəyi xoşlamır - bilmirəm. Bizim evdə də özümüzə aid sözümüz-söhbətimiz olur. Olursa da evin divarlarından kənara çıxmır. Qorxuram, sabah eşitdiyinin, bildiyinin üstünə beşini də qoyub rayona apara. Mən də, sən də belə şeyləri xoşlamırıq. Sonra da kiminləsə sözümüz çəp gələ.

- Yaxşı, sən də başlama. Mən bir kəlmə söz dedim. Dolanışıqları pisdir. Heç olmasa, ev kirayəsi verməz, tapdığımızdan o da yeyər. Biz öz adamlığımızı edirik. Həm də hər bir adam fitrə-zəkat verməlidir. Yəni qazancından başqalarının rifahı naminə müəyyən məbləğdə pul xərcləməlidir. Bu, da olar bizim fitrə-zəkatımız.

- Əl tutmaq Əlidən qalıb! Buna sözün yoxdur. Qoy elə kirayədə də qalsın. Kirayə haqqını verərsən, arada palından-paltarından alarsan, cibinə də xərclik qoyarsan. Bundan artıq nə yaxşılıq!

- Arvad, rayon yeridir, camaatın ağzını yığmaq olmur. Deyəcəklər Muradəli iri bir zavodun baş direktorudur. Bacısının yetim qızını qanadı altına almadı.

- Ay Muradəli, bu rayon əhlinin hamısı həftə səkkiz, mən doqquz yanındadır. Məsləhətinə gəlir. Qızı universitetə girəndə yeznən sənə bir “zdrasti” də demədi. İki il keçəndən sonra dünən məlum olub ki, sən demə, qız ali məktəbdə oxuyurmuş.

Muradəli yeznəsini müdafiə etdi:

- Arvad, kasıb qürurlu olur. Yəqin özünü sındırmaq istəməyib. Fikirləşib ki, qoy deməsinlər qızını universitetə Muradəli düzəldib. O yazıq, elə bilirsən, təkəbbürlü və lovğa olduğundan belə edib? Bir həsirdir, bir də Məmmədnəsir.

Afəridə xanım xəbərdarlıq etməyi özünə borc bildi:

- Əli, bax sənə deyirəm, bir var o, qız özü ayrıca evdə kirayə qala, köməyini edəsən. Bir də sənin evində qala. Bunlar başqa-başqa şeylərdir. Bizdə yaşamalı olsa, onun bütün məsuliyyəti sənin üzərinə düşür ha. Qız uşağıdır, nə bilək nə ağıldadır! Sabah ayağını əyri qoysa, bir günahı da sənin adına yazılacaq. Bundan başqa, sənin də evində qız uşağı böyüyür.

Afəridə xanım ona qısaca gah “Murad”, gah da “Əli” deyə müraciət edərdi. “Əli” deyə çağıranda bu, o demək idi ki, ona acığı tutub.

Muradəli arvadının haqlı olduğunu ürəyində etiraf etdi. Amma fikrindən də dönmədi:

- Arvad, lap sarı simə vurursan ha... Mənin evimdə yaşamalı olsa, özünün qanunları ilə deyil, mənim evimin qanunları ilə hərəkət edəcək. Bunu ona özüm başa salacağam. Qorxuram, kirayədə qalsa, təsir altına düşər. Şəhər yeridir. Heç bilirsən nə qədər anasının əmcəyini kəsən var?! İndi pis zamanədir. Ehtiyac insanı hər şeyə vadar edir.

Afəridə xanım ərinin öz fikrindən dönmədiyini görüb razılaşdı:

- Nə deyirəm ki, Murad, özün bilən məsləhətdir. Sən ağıllı kişisən. Mərd adamsan. Hamımızdan başsan. Amma mən də öz sözümü dedim.

Sözünü yerə salmadığına görə Muradəli arvadına dil-ağız elədi:

- Sağ ol, arvad, həmişə olduğu kimi, məni sındırmadın. Xasiyyətini bildiyim üçün deyirəm: ürəkdən razılıq verdiyin üçün bilirəm ki, öz qızın kimi baxacaqsan.

Muradəli kövrəldi, gözləri yaşardı. Özünü ələ alıb:

- Bacımın vaxtsız-vədəsiz ölümü məni yandırır, arvad. O yazıq da mənim kimi çox əziyyətlər, çətinliklər çəkib. Amma məndən fərqli olaraq, onun çətinlikləri ölənə kimi sürdü. Bacım bu dünyada bir gün görmədi. Mən o vaxtlar onun sıxıntılarını görür, ancaq imkansızlıq üzündən kömək əlimi uzada bilmirdim. Axır vaxtlar da başım iş-gücə qarışdığından ondan xəbər-ətər tuta bilmirdim. Yaxşı müalicə olunsaydı, indi bəlkə də yaşayırdı mənim bacım!

Muradəli bu dəfə uşaq kimi hönkürdü:

- Bacımın vaxtsız-vədəsiz ölümü mənə çox pis təsir edib, Afəridə! Onun ruhu qarşısında öz borcumu yerinə yetirmək istəyirəm. Yoxsa, vallah rahatlığım, dincliyim olmaz.

Muradəlinin qızları maşının arxa oturacağında baş-başa verib yatmışdılar. Afəridə xanım qabaq oturacaqda ərinin yanında əyləşmişdi. Maşını Muradəli idarə edirdi. O, minnətdarlıq əlaməti olaraq, arvadının əlindən tutdu. Onun nəvazişindən Afəridə xanım da son dərəcə xoşhal oldu, başı ərinin çiyninə düşdü.

* * *

İndi mətbəxdə oturmuşdular. 2011-ci ilin fevral ayı idi. Çöldə bir şaxta vardı ki, gəl görəsən! Mətbuatın yazdığına görə, son yüz on ildə Bakı belə şaxta, belə qar, çovğun görməmişdi. Muradəli kondisioneri yandırmağa qorxurdu. Bir-iki evdə kondisioner partlamışdı. Az qala yanğın olacaqdı. Çöldə şaxta olduğundan kondisionerin pərlərini, motorunu dondurmuşdu. Qoşanda bərk uğultu qoparırdı. Motoru yanmamışdısa, çox şükür!

Dünən çovğun çox güclü idi. Muradəli tanış taksilərdən bir-ikisinə zəng etmişdi. Demişdilər evdə oturublar, yola çıxmağa qorxurlar. Hər tərəf buz bağlayıb. Məcbur olub küçəyə çıxmışdı ki, bəlkə başqa taksi tapdı. Avtobusların da çoxu işləmirdi. Enişli-yoxuşlu küçələrlə hərəkət etmək çətin idi. Maşınlar buz bağlamış yollarda sürüşür, bir-birinə dəyirdi. Hətta Bakının bir küçəsində 20-30 maşın bir-biri ilə toqquşmuşdu.

Muradəli təsadüfən bir taksi tapıb işə dəymişdi. Sürücü ürəkli oğlan idi. Özünü buz bağlamış yollara vurmaqdan çəkinmirdi:

- İnanırsınız, maşının qapıları da donmuşdu, isti su töküb onları açmışam.

Muradəli onu təriflədi:

- Belə havada bəziləri kimi evdə oturmadığına görə sağ ol, vallah. İgid adamsan. Onda gərək Rusiyətdə, soyuq ölkələrdə həyat iflic ola. Maşınlar da işləyir, taksilər də, adamlar da.

Sürücü gileyləndi:

- Bilirsiniz, işləmək üçün gərək şərait də ola. Görürsünüz, küçələr nə gündədir. Yollar qardan təmizlənmir, bir-iki qartəmizləyən maşın da işləyəndə gətirib qarı yığır yolun kənarına... Əslində maşınlara yükləyib aparıb atmalıdırlar. Hansını deyəsən?!

- Sənin sözlərində də həqiqət var.

- Keçən il təkərlərə zəncir bağlamışdım. Bir-iki dövrə vurdum, zəncirlər qırılıb töküldü. Yerdə qar az olduğundan asfalt zəncirləri doğradı, elədi heç. Gərək əməlli-başlı qar ola ki, zəncirlər qara ilişə, qara dolaşa, sürüşmənin qarşısını ala. Rusiyətdə əmioğlum yaşayır. Özü də bilirsən harada? Surqutda – çukçilərin məskən saldıqları yerlərdə. Oralarda 50-60 dərəcə şaxta olur. Axşam maşını işləyə-işləyə qoyurlar ki, şaxta motoru dağıtmasın. Deyir, maşının içərisində istilik verən spirallar quraşdırırıq ki, şüşələr donmasın. Dondu - partlayacaq, çilik-çilik olacaq.

- İşə bir bax. Belə yerdə necə yaşayırlar?

- Hə, əmioğluma xəbər göndərdim ki, ölmüşəm, məni yerdən götür. Qış pis gəlib. Xaltura eləməsəm, acından qırılarıq. Dedim ki, təcili mənə şaxtalı havalar və qar üçün nəzərdə tutulan təkərlər göndər. Sağ olsun, yola saldı. O hesaba bir günüm də boş keçmir, istər yer nə qalınlıqda buz bağlasın.

Afəridə xanım bir-iki şey tapşırmışdı almağa. Muradəli yataq otağına keçdi. Şifonerin qapısını açıb əlini pencəyinin içəri tərəfdən üst cibinə saldı. Dünən buraya üç yüz manat pul qoymuşdu. Puldan beş-on manat götürüb dükan-bazara getmək istəyirdi. Fəqət əli boşa çıxdı. Əlini pencəyin sağ tərəfdəki üst cibinə, yan ciblərinə saldı. Pul yox idi. “Bəlkə o biri pencəklərindən hansınınsa cibinə qoymuşam?”. Baxdı. Pul tapılmadı. Hava soyuq və şaxta olduğundan dünəndən bəri heç yerə çıxmamışdı. “Sən vurmadın, mən yıxılmadım. Bəs necə oldu?”

Evdə arvadı Afəridədir, özüdür, iki azyaşlı qızlarıdır, bir də Şəfəq. Afəridə xanım Muradəliyə deməmiş, ondan soruşmamış bir qəpiyə də əl vuran deyil. Dünəndən üzü bəri qonaqdan-qaradan gələn də olmayıb. Bəs pulları kim götürüb? Balaca qızlar - Nuriyyə və Səriyyənin əllərinə hələ indiyədək pul dəyməyib. Götürüb neyləyəcəklər? Onlar belə şeylərdən uzaq idilər. Şübhə bir nəfərin - Şəfəqin, bacıqızının üzərində qalırdı.

Muradəli mətbəxə keçdi. Afəridə xanımla Şəfəq əti yarpağa qoyub bükürdülər. Arada da nə barədəsə danışırdılar. Onları belə mehriban görəndə Muradəli sevinirdi. Amma bu gün o halda deyildi. Nuriyyə sakitcə oturub dərslərini hazırlayır, Səriyyə də bacısına mane olmadan oyuncaqları ilə başını qatırdı. Nuriyyə birinci sinifdə oxuyurdu, bərk şaxta olduğundan Təhsil Nazirliyi üç gün tətil elan etmişdi. Səriyyə hələ gələn il məktəbə gedəcəkdi.

Muradəli Şəfəqə göz qoydu. O, sakit idi. Heç nə olmayıbmış kimi arxayınca oturmuşdu. Dayısına baxıb gülümsədi. Muradəlinin də yalandan dodağı qaçdı.

Muradəli indi nə desin, kimə desin, kimdən nə soruşsun? Afəridədən soruşsa, yüz faiz deyəcək o, yəni Afəridə götürməyib. Sonra da tez-tez xəbər alacaq: “Tapdın pulu?”

Şərəf də boynuna almayacaq. Götürən adam heç etiraf edər? Qəribədir, gör qız özünü necə sakit aparır?!. Elə bil suçu yoxdur. Sorğu-suallar Şəfəqin ziyanına olacaq. Afəridənin də dili uzanacaq. Özünə haqq qazandırmaq üçün deyəcək: “Axı mən xəbərdarlıq etmişdim: nə olsun bacın qızıdır. Yaxşı tanımadığın adamı evin içinə soxma. Hərə bir ağılda, bir tamahdadır! İnsan övladı çiy süd əmib”.

O zaman Afəridə “İnsan övladı çiy süd əmib”,- deyəndə Muradəli zarafata salmışdı: “Eybi yox, bir litr “Sevimli dad” südü bişirib içirdərik Şəfəqə, qorxu, hürkü gedər”.

Afəridə Muradəliyə tərs-tərs baxaraq bildirmişdi: “Mən sözümü dedim ha!”

Pulun Şəfəq tərəfindən götürüldüyü məlum olanda Afəridənin dili uzun olacaqdı: “Bəc mən nə deyirdim?!”

Bəs nə etsin Muradəli? Şəfəq niyə belə iş tutdu? Yəni bunu onun atasına desin? O da düşünəcək ki, bu yolla qızı evdən uzaqlaşdırmaq istəyirlər. Evlərində qalmasına razı olmadıqlarından şər atırlar.

Muradəli mətbəxin pəncərəsinə yaxınlaşıb çölə baxdı. Qar yağmaqda idi. Külək qarı havaya sovururdu. Adamlar yıxıla-dura birtəhər evlərinə tələsirdilər. Maşın-filan gözə dəymirdi: “Belə havada isti yerdə bəy qızı kimi yuxarı başda oturub. İsti yorğan-döşəkdə yatır. Çox adamın evində şəraiti yoxdur ki, evini isitsin. Qaçqınlar gələndən yataqxanalar tutulmuşdu. Kirayə mənzil haqqı kəllə çarxa çıxmışdı. Özləri isti yer tapmırlar, kirayənişinlərə yaratdıqları şərait nə olacaqdı?”

Afəridə xanım Muradəliyə baxıb zarafata saldı:

- A kişi, qırt toyuq kimi mətbəxdə nə var-gəl edirsən? Get, yazdıqlarımı al.

- Gedirəm, Afa, gedirəm, - deyib mətbəxdən çıxdı.

Muradəli odla su arasında qalmışdı: “Cəhənnəm olsun üç yüz manat. Elə bil salıb itirmişəm. Amma əli əyri adam heç zaman özünə qoyulmur. Bilsəm ki, bununla qurtaracaq, heç kefimi pozmaram. “Haram xoşu olsun”,- deyib bu hadisəni ört-basdır edər, unudaram.

Maraqlı idi: insanlar nədən yaxşılıq itirən olurlar? Afəridə düz deyirmiş: “Elə bilirsən bu yaxşılıqlarına görə sənin heykəlini ucaldacaqlar?”

Muradəli geyinib çıxdı. Bazarlıq siyahısına baxaraq, bir-bir yazılanları almağa başladı. Dilxor idi. Oğurluq məsələsi kefinə soğan doğramışdı. Günorta yeməyinə oturanda Afəridə xanım Muradəlinin əhvalındakı dəyişikliyi görüb soruşdu:

- Murad, nə olub? Gözümə yaxşı dəymirsən?

Şəfa yarpaq dolmasının üstünə qatıq töküb, boşqabını irəli çəkdi və iştahla yeməyə başladı. Əvvəllər yarı-yarımçıq əlini süfrədən çəkərdi, yaman utanırdı. Nə yaşı vardı ki?!. Həm də birdən-birə şəhər mühitinə düşmüşdü.

Muradəli öz-özünə düşündü: “Tutduğu əməldən peşman olmaq əvəzinə, özünü gör necə sakit aparır?! Necə soyuqqanlıdır?!”

Afəridə Muradəlinin susduğunu görüb sualını təkrar etdi. Muradəli özünü ələ alıb dedi:

- Afa, nədənsə birdən-birə başımdan ağrı qopdu.

Onun Şəfəqə möhkəmcə acığı tutmuşdu. Dayısını pis vəziyyətdə qoyur, etimadını doğrultmurdu.

Afəridə dedi:

- Başağrı dərmanı at. Bəlkə təzyiqin var. Ölçmək lazımdır.

Muradəli istədi desin ki, başının ağrısı təzyiqdən deyil, amma demədi, deyə bilməzdi. Onda Afəridə soruşacaqdı ki, “Bəs nədəndir?”

Onda da Muradəli deyib özünü işə salacaqdı.

Şəfəq durub qabları yığışdırmağa başladı. Qız gələndən Afəridənin işləri xeyli yüngülləşmişdi. Şəfəqin yaxşı əl qabiliyyəti, biş-düş səriştəsi, mətbəx və süfrə mədəniyyəti vardı. Yemək bişirməkdə, paltarları yuyub-ütüləməkdə, evi yığışdırmaqda Afəridəyə çox kömək edirdi. Əslində kömək etmək nədir, elə işləri büsbütün o görürdü. Bundan başqa, dərslərini hazırlamaqda Nuriyyəyə kömək edirdi. Həm də izah edə-edə, başa sala-sala onun mövzuları şüurlu mənimsənilməsinə nail olurdu. Səriyyə ilə birgə oynayar, onu da darıxmağa qoymazdı. Afəridə ondan çox razı idi. Hətta Muradəliyə minnətdar idi ki, nə yaxşı onun ağlına belə bir fikir gəlib. Şəfəq nə yaxşı burada, onların yanındadır. Bütün bunlardan sonra Muradəli Afəridəyə necə desin ki: “Bağışla məni, demə, sən haqlı imişsən. Bu qızın əli əyridir. Mən səhv etmişəm. Bağışla məni”.

Muradəli göz qoyurdu: “Heyf, çox heyf, belə iş-güclü qızın əli əyridir”.

- Dayı, çayı limonla içəcəksən, limonsuz?

Şəfəq həm də qənaətcil idi. Çalışırdı ki, israfçılığa yol verilməsin. Onun bu xasiyyəti Muradəliyə də, Afəridə xanıma da xoş gəlirdi.

- Sən gətir, qalanı ilə işin olmasın!

Muradəli cavabına özü də mat-məəttəl qaldı: “Deyəsən kobud cavab verdim?!”

Şəfəq tutuldu, lakin tez özünü ələ aldı: “Dayımın başı ağrıyır axı”.

Axşam hamı yatandan sonra Muradəli qara pencəyini qonşu otağa gətirdi, ciblərini töküşdürdü. Pul nə gəzirdi? Pulun başına daş salınmışdı, heç tapılardı?! Muradəli o biri pencəkləri də gətirdi. Birisinin döş cibindən bir manat çıxdı. Pencəkləri yerinə qoyub yatağa uzandı. Xeyli müddət gözünə yuxu getmədi. Şəfəq bacısının ilki idi. Qız doğulanda qohum-əqrəba hədiyyələrlə anasını təbrik etmişdi. O vaxt Afəridə ilə Muradəli də bir çarpayı almışdı. Çox rahat idi həmin çarpayı. Şəfəq 14-15 yaşına kimi bu çarpayıda yatdı. Çarpayının müxtəlif şəkilli açılışı və quruluşu vardı – uşağın yaşına görə uyğunlaşdırırdın. Çarpayını bir ətək pula almışdılar. Bacısı Xalidə Afəridə ilə Muradəliyə bu çarpayıya görə o qədər dua etmişdi ki. Hətta sonradan doğulan uşağı yatırmağa da çarpayıda yer vardı.

Muradəli yatanda gecə saat üç olardı. Səhər ertə Afəridə oyatmasaydı, yatıb qalacaqdı. Tez-tələsik yuyunub, səhər yeməyini yedi. Şəfəqin imtahanı saat 10-da başlanacaqdı. O da yataqdan qalxmışdı. Muradəli onunla dodaqucu salamlaşdı. Şəfəq buna əhəmiyyət vermədi: “Dayısı işə tələsirdi”.

Muradəli paltosunu pencəyinin üstündən asmışdı. Şifonerdə asılqan çatmadığından paltosunu pencəklərinin birinin üstündən keçirərdi. Paltonu çarpayının üstünə atıb pencəyini geyindi. Dəhlizə keçib ayaqqabılarına baxdı. Fikirləşdi ki, gərək uzunboğaz çəkmələrindən sonra pencəyini geyinəydi. Acıqlı olduğundan özü də bilmirdi nə edir. Lakin pencəyini soyunub yenidən geyinməyə ərinib aşağı əyildi və çəkmələrini geyinməyə başladı. Şəfəq onun paltosunu gətirdi və tutdu. Geyinməkdə dayısına kömək etdi. Muradəli ağzını yana tutub geyindi. Papağını başına qoya-qoya:

- Afa, - dedi, - bir dənə sellofan torba gətir. Mağazada ağ, şəffaf torba verirlər ki, aldıqlarının hamısı dişlərini ağardır.

Afəridə mətbəxdən çıxmadan:

- Muradəli, srağagün paltonun içəridən üst cibinə torba qoymuşam. Heç istifadə etməmisən. Olmalıdır, bir bax. Muradəli əlini içəridən paltosunun cibinə saldı: “Bu nədir?” O, əlini çıxaranda təəccübdən yerində donub qaldı. Torba cibində idi, heç onu çıxarmadı da. Əli ilə toxundu və dəymədi. Əmin oldu ki, yerindədir. Əlində tutduğu bir yüzlük və dörd ədəd əllilik idi: 300 manat.

Yaxşı ki, onun düşdüyü vəziyyəti görən olmadı. Şəfəq yuyunurdu, Afəridə də axşamdanqalma qabları yuyurdu. Muradəli xəcalətindən əridi. Bacısı qızından bədgüman olduğu üçün ölüb-dirildi. Sən demə, pencəyin üstündən palto asdığından Muradəli pulu pencəyin deyil, paltonun cibinə qoyubmuş.

Afəridənin səsi gəldi:

- Murad, tapdın torbanı?

Muradəli şən halda səsləndi:

- Tapdım, arvad, tapdım. Sağ ol.

Afəridə mat-məəttəl qaldı: “Dünəndən qaş-qabağını sallamışdı. Birdən-birə buna nə olub?”

- Murad, deyəsən başının ağrısı keçdi axı...

- Keçdı, arvad, keçdi. Özü də necə!

Şəfəq dəsmalla qurulanırdı. Muradəli pulu cibinə qoyub qızı səslədi:

- Şəfəq, qızım, bir bura gəl.

Şəfəq yaxın gəldi. Muradəli:

- Qızım, imtahana gedirsən. Dedim bir xeyir-dua verim.

O, qızı öpdü:

- Get, əla qiymətlə geri dön.

Şəfəq də onun qayğıkeş hərəkətindən mütəəssir olaraq:

- Sağ ol, dayı, Allah Sizdən də, Afəridə xanımdan da razı qalsın! - dedi.

Müəllifin bütün yazıları - Akif ABBASOV



Bölməyə aid digər xəbərlər
29-08-2024, 18:52 Akif ABBASOV - Boranı tumu - Hekayə
7-04-2024, 11:26 Akif ABBASOV - Taksi - Hekayə
18-02-2024, 10:15 Akif ABBASOV - Acığa iş - Hekayə
15-02-2024, 08:42 Akif ABBASOV - Sükan - Hekayə
6-02-2024, 16:25 Akif ABBASOV - Kəlbətin - Hekayə

bütün xəbərlər