Qərbin Kiyevə dəstəyi zəifləyir
Tarix: 03-10-2023 12:49 | Bölmə: Siyasət
Qərbin Kiyevə dəstəyi zəifləyir

Qərb dövlətlərinin Kiyevə dəstəyi həmişəkindən daha zəifdir və Ukrayna bununla barışmalı olacaq. Reyting.az xəbər verir ki, bu barədə “Politico” qəzetinin analitik materialında deyilir.

Məqalədə qeyd olunur ki, Qərbdən Ukraynaya dəstək verən vahid cəbhədə əvvəlkindən daha çox çatlar yaranıb və Kiyevin buna dözməkdən başqa çarəsi yoxdur.

ABŞ nəşri bildirir ki, ABŞ və Avropanın nə olursa-olsun Ukraynanı dəstəkləyəcəyinə dair bəyanatları “qeyri-ciddi səslənməyə başlayır”.

“Politico” yazır ki, Kiyev böyük ölçüdə Qərbin yardımından asılı qalıb. Bu, təkcə hərbi sahədə deyil, həm də dövlət qurumları üçün maliyyə çatışmazlığında özünü göstərir.

2024-cü il üçün büdcə proqnozuna görə, Kiyev xarici tərəfdaşlardan təqribən 42,8 milyard dollar alacağını gözləyir. Nəşr yazır ki, bu vəsaitin əhəmiyyətli hissəsi ABŞ-dan gəlməlidir. Bununla belə, həftəsonu Birləşmiş Ştatlar noyabrın 17-dək federal hökumətin maliyyələşdirməsinə Ukraynaya yardımı daxil etməyib, bu isə Kiyevdə narahatlıq yarada bilər.

Bildirilir ki, Avropa İttifaqının (Aİ) Ukraynanı dəstəkləməkdə davam edib-etməyəcəyi icmanın hazırda yenidən hazırlanan uzunmüddətli büdcəsindən asılıdır. Onun təsdiqi gecikə bilər, çünki büdcə Aİ-nin bütün 27 üzv ölkəsi tərəfindən razılaşdırılmalıdır, onların arasında isə Kiyevə yardımla bağlı birlik yoxdur. “Bu, ümumiyyətlə, çox çətin bir işdir: heç kim nəyisə proqnozlaşdırmağa cəsarət etmir”, – adı açıqlanmayan avropalı diplomat ABŞ nəşrinə deyib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər