Natiq Cəfərli: “Mehri dəhlizinin qısa müddətdə açılacağı real deyil”
Tarix: 17-12-2020 14:54 | Bölmə: Siyasət
Natiq Cəfərli: “Mehri dəhlizinin qısa müddətdə açılacağı real deyil”

“Mehri dəhlizinin açılması həm üçtərəfli sazişdə öz əksini tapıb, həm də bu günə qədər Ermənistan tərəfindən dəhlizlə bağlı neqativ və əks fikir səsləndirən olmayıb. Çünki Ermənistan bu kommunikasiya xətlərinin açılması hesabına digər kommunikasiya xətlərinin açılmasına, xüsusilə gələcəkdə Türkiyə dövləti ilə sərhədlərin açılmasını plan kimi nəzərdən keçirir. Yəni bunlar bir-birinə bağlı məsələlərdir”.

Bu fikirləri Reyting.az-a Real Partiyası sədrinin müavini, tanınmış iqtisadçı Natq Cəfərli deyib.

Onun fikrincə, bu dəhlizin açılması Azərbaycanın da məsələlərə yanaşmasından asılı olacaq: “Azərbaycanın israrı sözsüz ki, olmalıdır. Bildiyim qədər dəhlizlə bağlı bir neçə variant nəzərdən keçirilir. Amma ən realı köhnə xəttin bərpasıdır. Yəni SSRİ dağılmayana və Ermənistanın təcavüzünə qədər mövcud olmuş dəmiryolları və avtomobil yolunun bərpası gündəmdədir. Lakin digər variantlar da gündəmdədir”.

N. Cəfərli bildirib ki, Mehri dəhlizinin tez bir zamanda açıqlacağı real deyil: “Bir neçə ay müddətində bu məsələnin həll olunacağını istərdik, amma bu, inandırıcı gəlmir. Məncə, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsi bitəndən - hansı ki, bununla bağlı problemlər də olur - sərhədlər tam bərpa edildikdən sonra, ölkələr bir-birinin sərhədlərinin toxunulmazlığına zəmanət verdikdən sonra dəhlizin açılması real görünür. Türkiyə tərəfindən də bu işə dəstək var, üstəlik, Rusiyadan da pozitiv açıqlamalar gəlir. Çünki Rusiyanın cənub-şimal dəhlizinin genişləndirilməsi baxımından öz maraqları var. Odur ki, dəhlizin gündəmdən çıxacağını demək mümkün deyil. Müzakirələr aparılacaq, amma onun qurulması zaman alacaq”.




Bölməyə aid digər xəbərlər