Məhkəmə milyarderin istəyini təmin etməyib
Tarix: 19-08-2023 15:21 | Bölmə: Slayd
Məhkəmə milyarderin istəyini təmin etməyib

Rusiyalı oliqarx Roman Abramoviçin milyarder şəriki Yevgeni Şvidler Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Böyük Britaniyanın ona tətbiq etdiyi sanksiyaların ləğvi üçün keçirilən məhkəmə prosesində istəyinə nail ola bilməyib.

Reyting.az
xatırladır ki, 2022-ci ilin mart ayında Xarici İşlər, Birlik və İnkişaf Departamenti (FCDO) sovet əsilli milyarderi “Celsi” Futbol Klubunun keçmiş sahibi Abramoviçin biznes tərəfdaşı adlandırıb və ona qarşı sanksiyalar tətbiq edib.

Şvidlerin iki şəxsi təyyarəsi üzərində də həbs qoyulub. Məhdudiyyətlər onun ailəsinə də təsir edib: Harrov məktəbi Şvidlerin oğlu üçün dəvəti geri götürüb, qızına isə bir illik təhsilin 45000 dollar dəyərində olduğu və hələ də oxuduğu “Marlborough College Wiltshire”-ə qayıtmaması söylənilib.

Şvidler o zamankı xarici işlər naziri Liz Trusa şəxsən müraciət edərək, ona qarşı sanksiyaların götürülməsini istəyib. Ali Məhkəmənin hakimi Neil Qarnham milyarderin sanksiyaların ləğvi ilə bağlı iddiasını “ümidini itirmiş” adlandırıb.

“Bütün dəlillərdən aydın olur ki, iddiaçıya qarşı sanksiyaların səbəbi təkcə onun Rusiya polad şirkəti “Evraz”dakı rolu deyil, həm də bu rolun və Abramoviçlə münasibətlərinin birləşməsidir”, - hakim deyib.

Milyarderin vəkili Maykl Okane bildirib ki, Şvidler “mümkün qədər tez” Ali Məhkəmənin qərarından apellyasiya şikayəti verməyə çalışacaq.

Jurnalistlər yazırlar ki, Şvidlerin Ali Məhkəmədəki uğursuz şikayəti Böyük Britaniyada baxılan ilk belə işdir və məhdudiyyətləri aradan qaldırmaq istəyən sanksiyaya məruz qalan digər qurumlara geniş təsir göstərə bilər.

Xatırladaq ki, 59 yaşlı Yevgeni Şvidler Rusiyanın Ufa şəhərində yəhudi ailəsində anadan olub. O, ABŞ-da böyüyüb və təhsil alıb, oranın vətəndaşlığını qəbul edib.

Şvidler Rusiya sənayesinin özəlləşdirilməsi zamanı varlanıb. 1990-cı illərdə o, Rusiyaya qayıdıb və burada Roman Abramoviçlə birlikdə neft ticarəti üzrə “Runik” şirkətini təsis edib. Nəhayət, neft nəhəngi “Sibneft” üzərində nəzarəti ələ keçirib. 2000-ci illərdə Abramoviç və başqaları ilə birlikdə Böyük Britaniyada qeydiyyatdan keçmiş investisiya və aktivlərin idarə edilməsi ilə məşğul olan “Millhouse” şirkətini yaradıb.

İndi iş adamı İngiltərədə yaşayır və heç vaxt Rusiya vətəndaşı olmadığını, 15 ildən artıqdır ki, Rusiya Federasiyasına səfər etmədiyini və Rusiya hökumətinin Ukrayna ilə bağlı hərəkətlərini tənqid etdiyini bildirir. Bununla belə, NAPC saytında qeyd edildiyi kimi, Şvidlerin rolu sanksiyaya məruz qalmış Abramoviçlə uzun müddətdir mövcud olan sıx əlaqələrlə məhdudlaşmır. Qeyd olunur ki, o, Abramoviç kimi Rusiyanın “Evraz” polad şirkəti ilə əlaqəlidir və işğalçı ölkənin hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorlarda bizneslə məşğul olur. Rusiyanın Ukraynaya hüumundan qısa müddət sonra Şvidlerin adı Böyük Britaniyanın sanksiyalar siyahısına salınıb. Yeni Zelandiya və Avstraliya da ona qarşı sanksiyalar tətbiq edib.

Şvidlerin şəriki, rusiyalı milyarder Roman Abramoviç Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən ilk rusiyalılardan biri olub. London onun Rusiya lideri Vladimir Putin rejimi ilə sıx əlaqə saxladığını iddia edib. 2022-ci ilin müəyyən mərhələsində Abramoviçə sülh danışıqlarının iştirakçısı rolunu oynamaq təklif olunub və Putin onun “diplomatik rolunu” şəxsən təsdiqləyib. Amma bu ilin əvvəlinə onun bu prosesdə rolu zəifləyib.

Hazırda Abramoviç Avropa İttifaqı və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyaların ləğvinə nail olmağa çalışır.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər