Rublun devalvasiyası Rusiya elitasını qarşı-qarşı qoyub
Tarix: 19-08-2023 15:43 | Bölmə: Slayd
Rublun devalvasiyası Rusiya elitasını qarşı-qarşı qoyub

Rusiya valyutası bir dollar üçün 100 rubla yaxınlaşdıqdan sonra ölkə elitasında qarşılıqlı mübahisələr başlayıb. Bu, təkcə valyutanın dəyər itirməsinin səbəbləri ilə bağlı deyil, həm də problemin həlli yollarındakı fikir ayrılıqlarından qaynaqlanır.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “Bloomberg” Rusiyadakı ciddi mənbələrinə istinadla yazıb.

Prezident Vladimir Putinin baş iqtisadi müşaviri Maksim Oreşkin vəziyyətə görə Mərkəzi Bankı və onun “yumşaq” pul siyasətini ittiham edib. Oreşkin nə müharibədən, nə də sanksiyalardan söz açmadan Mərkəzi Banka “yaxın gələcəkdə vəziyyəti normallaşdırmaq üçün bütün lazımi vasitələrdən” istifadə tələbini irəli sürüb.

Bu arada hökumətdə ixracatçılar üçün xarici gəlirlərin sərt şəkildə məcburi satışının tərəfdarı olan maliyyə naziri Anton Siluanovla onun Mərkəzi Bankın tərəfində olan rəqibləri arasında mübahisələr gedir. Siluanov əvvəlcə ixracatçıların xarici gəlirlərinin 90 faizə qədərinin məcburi konvertasiyasının lehinə çıxış edib, amma bu sərt tədbir Mərkəzi Bank tərəfindən qəti şəkildə dəstəklənməyib. İqtisadiyyat naziri Maksim Reşetnikov kimi digərləri də bu məsələlərdə qəti mövqe nümayiş etdirməyiblər.

Sonda Mərkəzi Bank xarici valyuta almaqdan imtina etdiyini açıqlayıb. Daha sonra təcili iclas çağrılıb və nəticədə faiz dərəcəsi xeyli yüksəlib.

“Görünür, Rusiya Mərkəzi Bankı hökumət iqtisadçıları və nazirlərinin tənqidlərinə görə “məsuliyyətini sübut etmək” məcburiyyətində qalıb. Son faiz artımı Mərkəzi Bankı bu cür tənqidlərlə küncə sıxışdırıb”, - deyə “Commersbank”-ın analitikləri bildiriblər.

Qeyd edək ki, il ərzində Rusiya rublu dəyərinin yarısını itirib. Ötən şənbə günü rubl bir dollar üçün 100 vahidə qədər ucuzlaşıb.

Rusiya lideri V. Putin hökumət üzvləri və Mərkəzi Bankla qapalı görüş keçirib. Onlar xüsusilə yerli oliqarxların valyutasının kölgə ehtiyatlarının ovlanma üsullarını müzakirə ediblər.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər