Lavrovun Qarabağda sülh planı: ermənilərin yaydığı sənəd saxtadır, yoxsa...
Tarix: 21-08-2023 11:04 | Bölmə: Slayd
Lavrovun Qarabağda sülh planı: ermənilərin yaydığı sənəd saxtadır, yoxsa...
S. Lavrov

"Qarabağ erməniləri Rusiya Xarici İşlər Nazirliyinin hazırladığını iddia etdikləri 14 bənddən ibarət bir sənədi internetdə yayırlar. Həmin sənəd “Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır. Erməni teleqram kanalları bunu “Lavrovun planı” kimi təqdim edir, baxmayaraq ki, heç nə bu sənədin rəsmi mahiyyətini göstərmir, nəinki onun Rusiya XİN rəhbərinin adı ilə fərdiləşdirilməsini”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, bəzi azərbaycanlı və erməni analitiklər guya Rusiya planını təhlil edərək, orada müsbət və qəbuledilməz müddəaları da önə çəkməyə başlayıblar. R. Musabəyovun fikrincə, bunlar tələsik hərəkətlərdir, çünki ilkin olaraq bu sənədin nə olduğunu, media məkanına hansı məqsədlə atıldığını müəyyən etmək vacibdir. Eyni zamanda həmin sənəd müşayiətedici tributlara malik deyil və onu Rusiya Xarici İşlər Nazirliyi təqdim etməyib.

R. Musabəyova görə, çox güman ki, bu, işçi materialdır, ictimai reaksiyanı səsləndirmək üçün dövriyyəyə buraxılan layihədir: "Onun məqsədi odur ki, Bakı Rusiyanın iştirakı və vasitəçiliyi altında Qarabağ ermənilərinin nümayəndələri ilə dialoqa başlasın. Sonra ilkin elan edilmiş mövqedən asılı olmayaraq bu proses qeyri-müəyyən müddətə uzana bilər.

“Lavrovun planı” adlanan sənəd, əsasən, Bakının tələblərinə cavab verir. Qarabağ ermənilərini Rusiyanın təklifləri əsasında dialoqa başlamağa, danışıqlar masası arxasında öz qeyd-şərtlərini və tələblərini irəli sürməyə razı salırlar ki, bu da konsensusun əldə olunmasının ləngiməsinə imkan verəcək”.


R. Musabəyov

Musabəyov qeyd edib ki, Moskva üçün, birincisi, Bakı ilə Qarabağ erməniləri arasında dialoqda Rusiyanın vasitəçiliyini təmin etmək, ikincisi, danışıqlar prosesini mümkün uzun müddətə, ən azı 2025-ci ilin yayına qədər uzatmaq vacibdir.

Milli Məclis üzvünün fikrincə, dialoq Rusiyanın vasitəçiliyi ilə daha çox təşviq olunarsa, sülhməramlıların mövcudluğunun uzadılması məntiqli addıma çevrilər: “Beləliklə, Bakıya dialoq üçün məqbul əsas verilir və ermənilər üçün bu dialoq Rusiyanın vasitəçiliyi, ən əsası isə sülhməramlıların mövcudluğunun uzadılması ilə həyata keçirilir. Moskvanın Qarabağ ermənilərinin statusunun müəyyənləşdirilməsini gələcəyə buraxmaq və mövcud vəziyyəti Rusiyanın himayəsi altında saxlamaq ideyası dəyişməz qalır və yalnız onun nailiyyət forması dəyişir”.

Musabəyov sonda qeyd edib ki, “Lavrov planı” adlanan sənəd onun variasiyalarından sadəcə biridir və bu sənədin mənalı təhlilinə vaxt itirməyə dəyməz.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər