Bakı və Şuşa - Dinlərarası dialoq üçün ideal məkanlar
Tarix: 10-05-2024 10:04 | Bölmə: Siyasət
Bakı və Şuşa - Dinlərarası dialoq üçün ideal məkanlar

Mayın ilk günlərində Azərbaycan beynəlxalq səviyyəli daha bir mühüm tədbirə ev sahibliyi etdi. “Bakı prosesi” çərçivəsində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Bakı prosesi” mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma hesab edilir. BMT Sivilizasiyalar Alyansının (UNAOK), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) və Ümumdünya Turizm Təşkilatının Foruma dəstək verməsi tədbirin dünya üçün necə bir önəm daşıdığının göstəricisi sayıla bilər.

Dünyaya Azərbaycan nümunəsi

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzuna həsr edilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkəni təmsil edən hökumət rəsmiləri, beynəlxalq qurumların rəhbərləri, dini liderlər, vətəndaş cəmiyyətinin təmsilçiləri, siyasi xadimlər və elm və media sahəsində çalışan tanınmış insanlar iştirak edirdi.



Forumun açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə bir mötəbər tədbirin ölkəmizdə ənənəvi keçirilməsinin heç də təsadüfü olmadığını diqqətə çatdırdı:

“... Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərbin arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri -tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlayıb...

... Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin əsl vətənpərvər insanlarıdır...

... Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik...”

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də Forumda aparılan müzakirələr zamanı çıxışında ölkədəki dinlərarası dialoq mühitini dünya üçün örnək adlandırdı:

“Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində uğurlu birgəyaşayış modeli bütün dünya üçün örnəkdir. Prezident İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək irəli sürdüyü multikulturalizm və İslam həmrəyliyi kimi ümumbəşəri əhəmiyyətli ideyalar həmrəyliyə, sülhə xidmət edir”.

Qərəzli bəyanatlara Şuşadan ən tutarlı cavab

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mühüm məqamlarından biri də o idi ki, tədbirdə dini mövzulara geniş yer verilmişdi.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin imzaladığı sərəncamla təsdiq edilən “Tədbirlər Planı”nda Forumun keçirilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə də konkret işlər tapşırılmışdı.



Dini mərkəz kimi QMİ mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi işlər həyata keçirməyə nail oldu. Qısa müddətdə 40-dan çox ölkəni təmsil edən 100-dən çox nüfuzlu din xadiminin, beynəlxalq təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin Forumda iştirakı təmin edildi.

Ölkə başçısı Forum zamanı çıxışında, eləcə də Türk Dövlətləri Təşkilatının Dini Liderləri və Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarını təmsil edən müftilərlə görüşündə din xadimlərinin tədbirdə iştirakını mühüm hadisə kimi xarakterizə etdi.

Forum çərçivəsində Heydər Əliyev Mərkəzində “Dinlərarası dialoq vasitəsi ilə etimadın möhkəmləndirilməsi” mövzusunda təşkil edilən panel iclasda dünya üçün aktual olan məsələlər müzakirə edildi, mühüm təkliflər səsləndirdildi.

Tədbirin davamı olaraq mayın 2-də reallaşan Dini Liderlərin Şuşa görüşü yaddaqalan hadisəyə çevrildi. Mədəniyyət Nazirliyi, UNAOC, ISESCO və QMİ-nin təşkilatçılığı ilə keçirilən bu tədbir üçün Şuşanın məkan seçilməsi heç də təsadüfi sayılmamalıdır. Xatırladaq ki, ötən il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Dohada İslam Dünyasının Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa 2024-cü il üçün “İslam Dünyasının Mədəniyyət Paytaxtı” seçilib.

Şeyxülislam Allahşükür Paşazadə Dini Liderlərin Şuşa görüşündə çıxışı zamanı əcnəbi qonaqlara Ermənistanın işğalçılıq siyasəti nəticəsində dağıdılan ərazilərimiz və maddi-mənəvi sərvətlərimiz barədə məlumat verdi, tarixi Zəfərdən sonra azad olunan rayonlarımızda dövlətimizin apardığı bərpa-quruluculuq işləri, həyata keçirilən geniş miqyaslı layihələr haqqında danışdı:

“İşğaldan azad olunmuş ərazilərimizdə əsarətdən qurtulmuş dini-mənəvi irsin ehtiramla bərpası, nəfis şəkildə yenidən qurulan məscid və ziyarətgahlar, bütün dinlərə məxsus ibadət məkanları ali diqqət və multikultural dövlətçilik təfəkkürünün təzahürüdür. Şuşada, Zəfər yolu boyunca azad olunmuş torpaqlarımızdan keçərkən gördükləriniz erməni vandalizminin ağır nəticələridir. Yandırılmış torpaqlara bu gün yeni həyat verilir, dağıdılmış mənəvi-mədəni irs bərpa edilir, basdırılmış minalar təmizlənir, məhv edilmiş şəhər və kəndlərimiz yenidən dirçəldilir. Budur Azərbaycan həqiqətləri və bu gerçəkliklər bəzi dövlət və beynəlxalq təşkilatların qərəzli fikir və bəyanatlara ən tutarlı cavabdır”.

İşgüzar müzakirələrin aparıldığı və faydalı təkliflərin səsləndirildiyi Dini Liderlərin Şuşa görüşünün iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul etdilər. Müraciətdə ölkə rəhbərinin dünya miqyasında dinlər və mədəniyyətlərarası əməkdaşlıq prosesinə əməli töhfələri təqdir olunur, Azərbaycanın davamlı və sabit inkişafı üçün fəaliyyətinə uğurlar və xeyir-dualar ifadə edilir.



Tədbir iştirakçıları Dini Liderlərin Şuşa Görüşünün Bəyannaməsini də qəbul etdilər.

Şuşaya dəvət olunan qonaqlar bu şəhərdə aparılan quruculuq işləri ilə yaxından tanış oldular, Cıdır düzünü gəzdilər, toplantı iştirakçıları olan müsəlman nümayəndələr “Yuxarı Gövhər ağa” məscidində birgə namaz qıldılar, dualar etdilər.

QMİ-nin Foruma dəvət etdiyi əcnəbi qonaqlar Füzuli rayonunda özbək xalqının hədiyyəsi kimi inşa edilən və açılışı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən Mirzə Uluqbəy adına şəhər 1 saylı orta məktəbdə oldular, qazax xalqının Azərbaycana dostluq hisslərini və qardaşlığını simvolizə edən Füzuli Şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Məktəbinə də baş çəkdilər.

Ağdama səfər zamanı qonaqlara erməni vandalizmi barədə geniş məlumat verildi, yeni təmir edilən Ağdam “Cümə” məscidini ziyarət də yaddaqalan oldu.

Rayonun Xıdırlı kəndində tikilən məktəb binasının tikintisinə də baş çəkildi. Məlumat verildi ki, Qırğız Respublikasının Prezidenti Sadır Jarapov məktəbin təməlqoyma mərasimində iştirak edib.

Xankəndiyə səfər də yaddaqalan oldu. Azərbaycanın suverenliyi tam bərpa edildikdən sonra şəhərdə görülən işlər, gələcək layihələr barədə məlumat verildi.

Dini Liderlər Xocalı şəhərinə də baş çəkdilər, qonaqlar ermənilərin azərbaycanlılara qarşı soyqırımı, vandalizm və insanlığa sığmayan vəhşiliklər haqqında ətraflı bilgiləndilər.

Forumda iştirak etmək üçün ölkəmizə gələn müsəlman din xadimləri ertəsi gün Bakıdakı “Heydər məscidi”ndə cümə namazında birgə ibadət etdilər, paytaxtımızın tarixi məkanları ilə tanış olmaq imkanı qazandılar.

Həmin gün Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında qonaqlara ziyafət verildi.



VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini uğurla başa vurdu.

Ölkəmizin dinlər, fərqli mədəniyyətlər arasında sülhə, anlaşmaya, faydalı əməkdaşlığa yönələn səyləri davam edir. Əminik ki, ölkə başçısının Forumun açılış mərasimində qeyd etdiyi kimi, tədbirdə iştirak edən din xadimləri qarşılıqlı anlaşmanın, hörmətin gücləndirilməsinə töhfə verəcəklər.

Etibar CƏBRAYILOĞLU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}