Bir neçə dairə üzrə seçkinin nəticələri ləğv edilə bilər
Tarix: 13-02-2020 16:55 | Bölmə: Slayd
Bir neçə dairə üzrə seçkinin nəticələri ləğv edilə bilər

Milli Məclisə növbədənkənar seçkilər zamanı bir neçə seçki dairəsində ciddi və aşkar şəkildə qanun pozuntuları baş verib. Sosial şəbəkələr və digər vasitələrlə bu dairələr üzrə əldə edilmiş qanun pozuntuları ilə bağlı videomateriallar və şikayətlər araşdırılır. Həmin dairələr üzrə seçkinin nəticələrinin ləğvi də mümkündür.

Bunu hakimiyyətdə təmsil olunan və adının açıqlanmasını istəməyən rəhbər şəxslərdən biri Reyting.az-ın əməkdaşına deyib.

Mənbəmiz iddia edir ki, seçkilər zamanı baş vermiş aşkar qanun pozuntularını Mərkəzi Seçki Komissiyası (MSK) ilə yanaşı, hüquq-mühafizə orqanı da araşdırır və araşdırmanın nəticəsindən asılı olaraq sərt qərar verilə bilər.

Hansı və neçə seçki dairəsinə gəlincə, məlumatlı şəxs konkret ad çəkmək istəməyib: “Araşdırma bitmədən konkret say və ad çəkmək olmaz. Bir daha bildirirəm ki, qərar araşdırmanın nəticəsinə uyğun veriləcək. Şikayətlərin konkret fakta söykəndiyi və videogörüntülərin montaj olub-olmadığı da araşdırılır. Bu səbəbdən də bəri başdan konkret fikir bildirmək istəmirəm.

Narazılığın daha çox hansı dairələr üzrə olduğuna gəlincə, bunu ictimaiyyət çox gözəl bilir və araşdırmalar əsasən həmin dairələr üzrə aparılır. Səhv etmirəmsə, belə dairələrin sayı 5 ya 7-dir. Hansı ki, həmin dairələrdə baş vermiş qanun pozuntuları həm Azərbaycanın beynəlxalq imicinə zərbə vurur, həm də vətəndaşlarda ölkəmizdə başlayan islahatlara və seçkiyə inamsızlıq yaradır”.

Məlumatlı şəxs bildirib ki, pozuntuları sübuta yetirilərsə, dairələr üzrə vəzifəli şəxslərin məsuliyyətdən yayınması mümkün olmayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}