Sülhməramlılar Qarabağda təxribatla məşğul olur - Politoloq
Tarix: 14-12-2020 15:40 | Bölmə: Slayd
Sülhməramlılar Qarabağda təxribatla məşğul olur

“Sülhməramlıların xüsusi missiyası var və bunu yerinə yetirməlidirlər. Çox təəssüflər olsun ki, Qarabağdakı rus sülhməramlılar ərazilərimizdə onlara verilən missiyadan kənara çıxırlar. Yəni sülhməramlıların əsas vəzifəsi indiki təmas xətti sayılan ərazidə qarşıdurma olmamasını təmin etməkdir. Amma onlar nə edir? Əvvəla Yerevandan qaçqınları Xankəndinə gətirirlər. Bu, yolverilməzdir.

İkincisi, bunlar infrastruktur yaradır, məktəb açır və digər anlaşılmaz işlərlə məşğul olurlar. Bu da onların missiyasına aid deyil.

Üçüncüsü, bunlar, Azərbaycanın darmadağın etdiyi saxta qurumun saxta lideri ilə görüşür, onların bayrağını təbliğ edirlər. Bu, Rusiya kimi dövlətə başucalığı gətirməyəcək. Rusiya bu barədə ciddi fikirləşsə, daha yaxşı olar”.

Bu fikirləri Reyting.az-a politoloq Cümşüd Nuriyev Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini şərh edərkən deyib.


C. Nuriyev

Onun fikrincə, sülhməramlılarla yanaşı Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları da Xankəndində gözə dəyir: “Halbuki 10 noyabrda imzalanan siyasi bəyannamədə bu barədə bir şey yoxdur. Humanitar yardımı anlaya bilərik, amma heç kəs onlara olduqları ərazidə yol çəkməyə, tikinti işləri aparmağa icazə verməyib. Bu, onların missiyalarından kənardır. Hazırda rus sülhməramlıları Qarabağda sülhməramlı missiyasından çox təxribatla məşğul olur”.

Politoloq qeyd edib ki, Xocavənd rayonunun Tağlar və Çaylaqqala kəndlərində baş verənlər də təsadüfi deyil: “Mən həmin əraziləri tanıyıram, vaxtı ilə həm işləmişəm, həm də Ağcakəndə qədər olan ərazilərin geri alınmasında iştirak etmişəm. Bu iki kənddə baş verənlər Azərbaycanın Şuşaya çəkəcəyi yeni yolu nəzarətə götürmək üçün rusların yeni təxribatından başqa bir şey deyil. Üstəlik, burada bir məqam da var. Hadrut ərazisində SSRİ zamanı cənub sərhədinə nəzarət etmək üçün xüsusi səs qurğuları olub. Həmin hərbi baza indi Azərbaycan Ordusunun nəzarətindədir. Bunlar həm istəyirlər o bazanı, həm də Şuşaya çəkəcəyimiz yolu nəzarətə götürsünlər. Düzdür, bunu açıq elan etmirlər, amma sanki ərazidə olan erməni silahlılarını himayə edirlər. Əgər bunlar real faklatdırsa, onda bizə belə sülhməramlılar lazım deyil. Bizim belə məsələlərdə onların üzərinə getməliyik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər