Köçəryanın ardınca Paşinyanın Moskvaya çağırılması... – Professor şərh edir
Tarix: 10-02-2021 15:19 | Bölmə: Slayd
Köçəryanın ardınca Paşinyanın Moskvaya çağırılması... – Professor şərh edir

“Bu günə qədər Ermənistanın siyasi işləri əsasən Moskvadan asılı idisə, bundan sonra 100 faiz asılıdır. Ermənistanın siyasi elitası Moskvadan o qədər asılıdır ki, hər bir addımlarını Moskva ilə məsləhətləşir, onların mövqeyini öyrənirlər. Odur ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva səfəri qeyri-adi səfər deyil”.

Bu sözləri Reyting.az-a professor Əli Abbasov bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya baş tutan səfərini, bu səfərin Robert Köçəryanın Moskva səfərindən dərhal sonra reallaşmasının səbəblərindən danışarkən deyib.

Əli Abbasov bildirib ki, Nikol Paşinyan Moskvaya Ermənistanın hökumət başçısı kimi səfər edir: “Sadəcə, məlum olmayan odur ki, Paşinyanı Moskvaya dəvət ediblər, yoxsa özü onu dinləmələrini xahiş edib. Hər halda indi Paşinyan üçün problem onun Moskva üçün nə qədər lazımlı olduğunu öyrənmək və hakimiyyətdə qalmaq məsələsidir”.


Əli Abbasov

Professor əlavə edib ki, Baş nazir N. Paşinyanın Moskva səfərini sabiq prezident R. Köçəryanın səfəri ilə əlaqələndirmək mümkündür: “Amma Köçəryanın səfəri ilə əlaqəli olmaya da bilər. Paşinyan istər-istəməz Moskvada görüşlər keçirməlidir. Yanvarın 11-də bağlanan razılaşmaların bir sıra maddələrinin həyata keçirilmə işi ləng gedir. Ola bilsin, Paşinyanı buna görə çağırıblar. Mümkündür ki, yenidən üç ölkə rəhbərlərinin görüşü olsun”.

Ə. Abbasov xatırladıb ki, indi Ermənistanda müxalifətin lideri təşəbbüsünü ələ almağa çalışan Köçəryan Moskva səfərinə qədər siyasətə qayıdıb-qayıtmamaq məsələsində fikirləşməli olduğunu deyirdi. Professorun fikrincə, Paşinyanı qorxutmaq, ona təzyiq etmək üçün Köçəryan kimi fiqur da lazımdır: “Moskva bununla göstərərir ki, hər dəqiqə səni dəyişdirə bilərəm, əvəzedilməz deyilsən”.

Reyting.az




Bölməyə aid digər xəbərlər