Ermənilər Azərbaycan-Türkiyə hərbi təlimlərindən sui-istifadə edir
Tarix: 10-02-2021 17:04 | Bölmə: Slayd
Ermənilər Azərbaycan-Türkiyə hərbi təlimlərindən sui-istifadə edir

“Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birliyi ölkəmizin hərbi sahədə inkişafına dəstəkdir. Hesab edirəm ki, qış fəslində və dağ şəraitində Azərbaycan hərbçilərinin Türkiyə hərbçiləri ilə təlimlərdə iştirakının da əhəmiyyəti çoxdur. Bu, iki ölkənin əməkdaşlığının güclənməsi və inkişafının təzahürüdir. Qarsda iki ölkə hərbçilərinin birgə təlimləri kimlərəsə mesaj verməkdən daha çox Azərbaycan və Türkiyə birliyinin göstəricisidir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan və Türkiyə hərbçilərinin Qars şəhərindəki “Qış-2021” hərbi təlimlərindən danışarkən deyib.

A. Mollazadənin sözlərinə görə, Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin inkişafında, səviyyəsinin artmasında və peşəkarlığında bilavasitə iştirak edir: “Yeni hərbi texnologiyalardan bəhrələnmək imkanı sözsüz ki, bu əməkdaşlığın nəticəsində əldə olunub”.

Hərbi təlimlərin Ermənistanla sərhəddə keçirilməsindən erməni tərəfinin “şou” düzəltmək istəyini pisləyən Milli Məclis üzvü xatırladıb ki, onsuz da ermənilər belə məsələlərdən hər zaman sui-istifadə edir: “Sanki onların başqa işləri yoxdur. Əslində Ermənistanın sülh barəsində düşünməsi daha yaxşı olardı. Azərbaycana, Gürcüstana və Türkiyəyə qarşı ərazi iddialarını kənara qoyub əməkdaşlıq və tərəfdaşlıq haqqında düşünməlidir. Çünki Ermənistan qonşuları ilə normal müstəvidə siyasət qura bilməsə, bu dövlətin taleyi sual altında qalacaq”.




Bölməyə aid digər xəbərlər