Rusiya nüvə silahı ilə bağlı siyasətini dəyişəcək
Tarix: 16-05-2022 16:34 | Bölmə: Slayd
Rusiya nüvə silahı ilə bağlı siyasətini dəyişəcək

Dünən axşam Rusiya dövlət televiziyasında yayımlanan proqramda Rusiyanın nüvə başlığı daşıyan raketlər yerləşdirə biləcəyi nöqtələri göstərən xəritə nümayiş olunub.

Reyting.az
xəbər verir ki, “Rossiya 1” telekanılında yayımlanan proqramda Avropa sərhəddinə yerləşdirilə biləcək nüvə silahlarının mümkün yerləri ilə bağlı diqqətçəkən görüntü yayımlayıb.

Qeyd olunub ki, İsveç və Finlandiya NATO-ya daxil olacağı təqdirdə Rusiya Qərb sərhədinin müxtəlif nöqtələrində taktiki nüvə silahı yerləşdirəcək.

Diqqətə çatdırılıb ki, bu iki ölkə NATO-ya daxil olarsa və öz sərhədləri daxilində hərbi baza qurarsa, Moskva taktiki nüvə silahından istifadə edə bilər.

Rusiya prezidenti Putinə yaxın bir məmur deyib: “Bu ölkələrin NATO-ya daxil olmasının ən böyük səbəbi qorxudur. Amma onlar NATO-da daha çox qorxacaqlar. İsveç və Finlandiyada NATO bazaları yaradılarsa, Rusiyanın bu balanssızlığı neytrallaşdırmaqdan və taktiki nüvə silahı ilə hədələməkdən başqa yolu qalmayacaq”.



Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsində çalışan Dmitri Medvedev də ötən həftələrdə oxşar bəyanatla çıxış edib. Medvedev bildirib ki, NATO genişlənəcəyi təqdirdə Rusiyanın nüvə silahı və hipersəs raketlərindən istifadə etməsi mümkündür.

Görünən odur ki, Finlandiya və İsveçin son addımlarına Rusiyadan həm hərbi, həm də diplomatik cəbhədə sərt reaksiyalar davam edir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, İsveç və Finlandiyanın NATO təşəbbüsləri ciddi nəticələrə səbəb olan böyük səhvdir: “Bu qərar nəticəsində hər iki ölkənin təhlükəsizliyinin gücləndirilməyəcəyi bizə aydındır. Biz bu qərara sadəcə reaksiya verəcəyik. Hərbi gərginliyin səviyyəsi yüksələcək”.

Onu da qeyd edək ki, Finlandiya prezidenti Sauli Niinistö və Finlandiyanın baş naziri Sanna Marin ötən cümə axşamı verdikləri birgə bəyanatda bildiriblər ki, NATO üzvlüyü Finlandiyanın təhlükəsizliyini gücləndirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}