İlham Əliyevlə Qırğızıstan prezidenti Füzuli və Ağdamda olublar - (Yenilənib) - Fotolar
Tarix: 25-04-2024 17:08 | Bölmə: Slayd
İlham Əliyevlə Qırğızıstan prezidenti Füzuli və Ağdamda olublar - (Yenilənib)

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

Reyting.az
xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

***

Azərbaycan prezidenti İlham Əliyev və Qırğızıstan prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.

Reyting.az
xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Məlumatda vurğulanıb ki, prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qırğızıstan prezidenti Sadır Japarova işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verdi. Qeyd edildi ki, inşa olunacaq Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq.

Sonda dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq.

Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış “ağıllı şəhər” konsepsiyası irəli sürülüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, “Poeziya” meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Burada müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

Vurğulandı ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu ilin martında Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi, eləcə də Prezident Sadır Japarovun təşəbbüsü ilə Ağdam rayonunda Qırğızıstan tərəfindən tikiləcək orta məktəbin təməlinin qoyulması ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının parlaq nümunələridir.

Həmçinin bildirilib ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir.

***

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.

Reyting.az
xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib.

Bildirilib ki, bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çevirib, şəhəri yerlə-yeksan ediblər. Buna görə Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar.

Məlumat verilib ki, Ermənistan silahlı qüvvələrinin daşı-daş üstə qoymadığı Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır. Müasir şəhərsalma həlləri əsas götürülməklə yeni şəhər inşa olunur. Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Bu məqsədlə “Agdam City Hotel” və “Hilton Garden Inn” layihələri icra edilir. Şəhərdə İşğal və Zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks İşğal muzeyindən başlayacaq və Zəfər muzeyi ilə başa çatacaq. Onların arasında isə Xatirə bağı yerləşəcək. Ərazidə dağıntılar olduğu kimi saxlanılacaq. Muzey erməni vandallığının və işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyini çatdıracaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək.

Həmçinin qeyd olunub ki, şəhərin mərkəzi hissəsində 960 yerlik ümumtəhsil məktəbi də tikiləcək. Muğam Mərkəzi isə birmərtəbəli və ikimərtəbəli bloklardan ibarət olacaq.

Bildirilib ki, şəhərdə salınacaq Mərkəzi park üçün 5 hektar ərazi ayrılıb. Parkın ərazisi 4 zonaya bölünüb və insanların asudə vaxtlarının səmərəli keçirmələri üçün lazımi şərait yaradılacaq.

***

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

Reyting.az
xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçılarına məsciddə görülən işlər barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşıb və məscid əvvəlki görkəminə qaytarılıb. Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılıb. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən aparılıb. “PAŞA Holdinq” şirkətinin dəstəyi ilə aparılan bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər, Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti də cəlb olunmuşdu.

Restavrasiya prosesinin qüsursuz yerinə yetirilməsi məqsədilə ilkin tikinti zamanı istifadə olunan materiallar avstriyalı ekspertlər tərəfindən araşdırılıb. Ərazidəki dağıntılar aradan qaldırılıb, məscidin daxilində sütunların və kənar divarların yanında kəşfiyyat qazıntıları, giriş hissəsindəki tarixi daş döşəmənin üzə çıxarılması, tarixi və texniki tələblər əsasında müvafiq suvaq nümunələrinin və laboratoriya analizləri əsasında boya nümunələrinin yaradılması, sınıq günbəzin və tağların taxta konstruksiyalarla bərkidilməsi işləri yerinə yetirilib.

Məscidin eyvan divarlarında daş və birləşmələr qeyri-təbii materiallardan təmizlənərək bərpa olunub, həmçinin bünövrələrin möhkəmləndirilməsi işləri aparılıb. Qırıq minarə daşları bərpa olunub, taxta konstruksiyaların bərpası və konservasiyası işləri görülüb.

Qeyd edək ki, işğal dövründə - 2000-ci il mayın 9-da Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş Ağdam Cümə məscidinə aid daş parçası da burada nümayiş etdirilir.

Damdakı günbəzlərin zədələnmiş suvağının aradan qaldırılması, günbəzlərin və anbarların əhəng suyu və əhəng qatı ilə gücləndirilməsi, divar tacının yenidən qurulması və uyğun təbii daşlarla doldurulması prosesi tamamlanıb. Məscidin içindəki daşlar, giriş qapısı bərpa olunub, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib.


***

Azərbaycan prezidenti İlham Əliyev və Qırğızıstan prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.

Reyting.az
xəbər verir ki, dövlət başçılarına qalanın bərpası işləri barədə məlumat verildi.

Bildirildi ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

Hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işləri aparılır. Burada 12 hektar ərazi abadlaşdırılıb, inzibati bina, bilet satışı məntəqəsi, avtodayanacaq tikilib. Şahbulaq iqamətgahı, Şah Abbas məscidi, restoran, otel kompleksi, söhbətgahlar, tədbir meydançası və anbar binası yaradılıb.

Dövlət başçıları Şahbulaq qalasının həyətində təndir çörəyinin və qutabın bişirilməsinə baxdılar.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.

Reyting.az
xəbər verir ki, dövlət başçılarına Mərkəzdə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Konfrans Mərkəzi Ağdam rayonu işğaldan azad edildikdən sonra inşa olunub. Ağdam Konfrans Mərkəzində müasir tələblərə uyğun tədbirlərin - konfransların, seminarların, forumların, simpoziumların, işgüzar görüşlərin, konsertlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Mərkəz artıq beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edir.

Dövlət başçıları Ağdam, Füzuli və Xocavənddə görülən işlərdən, eləcə də bu rayonlarda həyata keçiriləcək layihələrdən bəhs edən videoçarxa baxdılar.

***

Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.

Reyting.az
xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.



















Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}