17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Göyün Yerdən həmişə xəbəri var
Tarix: 15-10-2018 01:39 | Bölmə: Azad MÜZƏFFƏRLİ
Göyün Yerdən həmişə xəbəri var

(Hekayələr)

İlin 9 ayını ağrı çəkən buludlar qış gəlincə Çalmalının başının üstünü yamanca almışdı. Gah quşbaşı, gah da aram-aram ələnən qar dağlar qoynundakı bu kəndi dümağ örpəyə bürümüşdü. Camaat bircə gün fərqlə haqq dünyasına qovuşan Xasay kişi ilə övrəti Tamamın yasındaydı. Ağsaqqalların məsləhətiylə qırxı birləşdirmişdilər. Cənnətliklər 80-ni haqlasalar da, əksəriyyət göz yaşını tuta bilmirdi.

Hər kəsin həqiqi dəyəri yoxluğunda daha qabarıq görünür. Bəzi ağzıgöyçəklər də yeri gəldi, gəlmədi “Göyün Yerdən xəbəri yoxdur”,- deyə hətərən-pətərən çərənləyirlər. Ötən 40 gün bunun ağ yalan olduğunu bir daha möhürlədi. Uca Göylərin də həmin müddətdə Çalmalı sakinləri təkin qəlbən və ruhən doluxsunduğu göz qabağındaydı. İlk dəfəydi kəndə hər gün sicilləmə qar səpələnirdi. Bu qar rəhmətliklərin arılığının, duruluğunun rəmziydi. Ən azı, Çalmalı sakinləri üçün bir daha bəlli oldu ki, Göyün Yerdən həmişə xəbəri var, özü də bütün xırdalıqlarına qədər!!!

Rəhmətliklərin qırxında da beləydi. Gah narın, gah da iri qar dənələri aramsız meydan sulayırdı. Sanki, fortepianoda cənnətliklərin ünvanına Uca Göylərin bəslədiyi ağı səslənirdi. Bəzən həzin, bəzən də təlatümlü notlara köklənən bu bənzərsiz nəğmələr haqq dünyasına qovuşanlara Mütləq Varlığın rəhmət diləyini çatdırır, onların əzizlərinə dərin hüznlə başsağlığı verirdi. Tanrı nurlu insanlardan dualarını heç zaman əsirgəməz!!!

***

Mənəviyyat işığında

Aman, aman, bu jurnalist tayfasının əlindən. Vur-tut dünən axşam nişanlansa da, səhər hələ gözlərini yenicə ovxaladığı çağlarda artıq qəzetlər, agentliklər bunu Azərbaycana car çəkmişdi. İndi də televiziyalar onu küncə qısnamışdılar. Yalvar-yaxar, minnətlə bir təhər onlardan can qurtarmağa çalışırdı. Təvazökarlığından dabanlarına qədər tər içindəydi.

Daxili dünyasında səadət simfoniyası cövlan eləsə də, sevgi alovu onu qarsısa da, Qorxmazın gözlərinin önündən Qarabağda iştirakçısı olduğu qanlı döyüş səhnələri çəkilmək bilmirdi. Şəhid düşən soydaşlarının ruhu onu sakit buraxmırdı. Axı, niyə onlar yaramaz ermənilərin namərd xisləti ucbatından ailə səadəti kimi müqəddəs Tanrı payından məhrum olmalıydılar. Sədd, heyif!!!

İstər-istəməz yaralandığı döyüş anları yenidən birər-birər gözləri önündə canlandı. Düşmən gülləsi altında döyüş yoldaşlarını mühasirədən çıxararkən ayaqlarından aldığı yaraların ağrı-acıları yenidən onu sardı. Bir də xəstəxanada özünə gələndə bir ayağını dizdən yuxarı, o biri ayağını isə dizdən aşağı kəsilmiş vəziyyətdə görəndə cəhənnəm əzabı çəkmişdi. İndi millətinin fəxri, qürur mənbəyi idi. Milli Qəhrəmandı. Bu isə əvəzsiz məlhəmdi. Dövlət də, hər bir kəs də ondan ən azı mənəvi köməyini əsirgəməmişdi. Yoxsul ailədən olsa da, babat protez və əlil arabası ilə kifayətlənmək istəmişdi. Dövlətin ona bağışladığı üçotaqlı mənzilə isə əlacsızlıqdan razılıq vermişdi. Əvvəlki mənzilləri olduqca darısqal və ələgəlməz vəziyyətdəydi.

Soydaşlarının onun nişanlanması xəbərini elliklə bayram etmələri Qorxmazı yenidən göylərə qaldırmışdı. Dəvət eləsəydi, nəinki bütün Azərbaycan, hətta, bütöv Azərbaycan, o cümlədən, dünyanın dörd bir tərəfinə səpələnmiş soydaşlarımız da onun toyuna yığışardı. Bunda ona - iki ayağından məhrum olan kəsə həyat yoldaşı olmağa ikiəlli razılıq verən, ona qəlbi və ruhunun zirvəsində yer ayıran xanımının da olmazın payı vardı. Qorxmazsa, təmtəraqdan uzaqdı, toy məclisini bərkgedən restoranlardan heç birinə salmamışdı. Dəvətnamələri də yalnız yaxınlarına və Qarabağ müharibəsinin ağrı-acılarını birlikdə çəkdikləri döyüş yoldaşlarına paylamışdı.

Toy başlamaq üzrəydi. Dəvətlilər sifariş olunan restorana yaxınlaşdıqca, xahiş-minnətlə, üzrxahlıqla onları xüsusi miniavtobuslarla say-seçmə şadlıq evlərindən birinə sarı yönəldirdilər. Hamı şaşqınlıq içindəydi. Şahlara layiq məclis qurulan bu şadlıq sarayına dəvətlilərlə yanaşı Azərbaycanın qaymaqları yığışmışdılar. Cənubi Azərbaycandan və xarici ölkələrdən gələn, səbrini güc-bəla ilə basan xeyli qonaq da bəylə gəlinin intizarındaydılar.

Nəhayət, bəylə gəlin “Vağzalı” sədası və sürəkli alqışlar altında məclisə yan aldılar. Əlil arabasının yanğısını çəkənlər sezdirmədən göz yaşlarını içinə axıdırdılar. Bir əli ilə gəlinin əlindən bərk-bərk yapışan, pələng cüssəli o biri əli ilə arabanın təkərlərini hərəkətə gətirən Qorxmaz başı ilə şəstlə qonaqları salamlayır, heyrət içində şadlıq sarayına göz gəzdirirdi. Hardansa bu toydan vaxtında xəbər tutan dövlət əlaltından əməlli-başlı hazırlıq görmüş, bəylə-gəlini fakt qarşısında qoymuşdu. Məclis qızışdı, nə qızışdı. Əsrin toyu ortadaydı. Məclis lap Dədə Qorqud əyyamlarını xatırladırdı. Çal-çağır şahə qalxmışdı.

Ta toya gözbağlayıcılar təşrif buyurana qədər hər şey öz axarı ilə davam edirdi. Əsl həngamə də elə bundan sonra başlandı. Gəlindən başqa hamıdan bir dəqiqəliyinə gözlərini möhkəm-məhkəm bağlamaları xahiş olundu. Sevincindən çiçəyi çırtlayan məclis əhli hər bir əmrə qeyd-şərtsiz müntəzirdi. Onların hardan ağıllarına gələ bilərdi ki, bu dəqiqələrdə işarə barmaqları ilə gəlindən susmağı xahiş edən gözbağlayıcılar bəyi çırpışdırmaqdaydılar. Gözlərini açanda bəyi yerində görməyən hər kəs çaşqınlıq içindəydi, onlar mat-məəttəl ötən qısa müddətdə nələrin baş verdiyini anlamağa çalışırdılar. “Ay camaat, bəyi qaçırdılar”,- deyə dad döyən “qapıçı” gəncin məclisə səs salmasından sonra isə ara lap qarışdı, məssəb itdi.

Gəlinin özünü təmkinlə aparmasından torbada pişik olduğunu təxmin etsələr də, hər bir ehtimala qarşı hərə gümanı gələn yerə göz gəzdirirdi. Bəyin axtarışı səngimək bilmirdi. Beləcə dəqiqələr ötməkdəydi. Hər şey əvvəlcədən cızılmış ssenari üzrə gedirdi. Sən demə, həmin vaxt baş verənlərdən hələ də axıra qədər hali olmayan bəyə vaxtilə müalicə olunduğu xəstəxanada Yaponiyada məxsusi olaraq onun üçün hazırlatdırılmış protezlər geyindirilirmiş. “Bəyin oğurlanması” əməliyyatına çox vaxt getməsin deyə ssenaridə şadlıq evinin həmin xəstəxananın beş addımlığında yerləşməsi də öncədən zərgər dəqiqliyi ilə nəzərə alınmışdı. Protez yüzə-yüz bəyin ayaqlarına biçilmişdi. Əgər, yaddaşı silinmiş olsaydı, bu anlarda, bəlkə də, Qorxmaz ayaqlarını itirdiyini tutmayacaqdı da. Əvvəlki yerişinə nisbətən yadrıxsa da, buna çox zaman lazım gəlmədi. Şadlıq sarayına yaxınlaşanda, artıq o, az qala hərbi yerişə keçmişdi.

Tamada hamını yerini tutmağa çağıraraq səsinə güc verdi.

- Deyirlər, qədim inancımıza görə, bəylə gəlin öz toylarında ürəkdən oynayanda həm bolluq, həm də ucuzluq olar. Odur ki məclisimizin səbəbkarlarını meydana dəvət edirəm, - deyə nəzakətlə gəlinin əlindən tutaraq onu giriş qapısına sarı yönəltdi.
Hamı səsini içinə qısıb, çaşqınlıqla nələrin baş verdiyini axıra qədər anlamağa çalışırdı. Budur, şükürlər olsun, şax-şux görkəmdə, öz ayaqları üstə namxuda möhkəm dayanan bəy bir qədər duruxan gəlinə göz basıb, qoşa əllərini ona uzatdı. Bir cüt xoşbəxt qaranquş sağa-sola süzməkdəydi. Hər kəs heyranlıqla onları seyr edirdi. Milli rəqsləri əcnəbi rəqslər əvəzlədikcə şırıqqa tavana dirənirdi. Kimsə bu heyrətamiz mənzərədən doydum demək bilmirdi. Sürprizlər bununla bitmədi. Az sonra əsl vətəndaşlıq mövqeyinə, Azərbaycan qadınının adını uca tutduğuna görə dövlətin adından gəlinə həsədolunacaq səviyyədə təmirli, mebelli dördotaqlı lüks mənzilin açarları təqdim edildi. Bəy də növbəti hədiyyəsiz qalmadı. Ona Almaniyada xüsusi sifariş əsasında yığılmış, tam kompyuterləşdirilmiş, düyməni basmaq və sadəcə sükanı idarə etməklə hərəkətə gələn elektromobilin açarları verildi.

Öz axarınca davam edən məclisin gur çağıydı. İllərdi Qorxmazı sakit buraxmayan jurnalistlər bu dəfə toyda peyda oldular. Nişan kimi toydan da əksəriyyəti, elə dövləti də duyuq salan, bax, bunlardı. Neyləsinlər, onların da nüfuzu və çörəyi məhz belə məxsusi hadisələri qabaqlamaq bacarığından çıxır. Bir də ki, bundan da mühüm hansısa xəbər ola bilərdimi?

Nərmənazik, xanım-xatun jurnalist bir göz qırpımındaca özünü gəlinə yetirdi.

- Xoşbəxtsinizmi?

- ...

Gəlin suala gözlərindən sellənən sevinc yaşları ilə cavab verdi. Bu dəfə jurnalist mikrofonu bəyə sarı yönəltdi.

- Sözsüz ki, Siz də bu cür gözəl-göyçək, ağıllı-kamallı, etalon insanlıq nümunəsi göstərmiş xanımla bir ömrü paylaşacağınıza çox sevinirsiniz?

- Təbii, elədir, bu onun və valideynlərinin böyüklüyüdür, eləcə də, bizim milli mənəvi dəyərlərimizin mükəmməlliyinin əyani göstəricisidir. Qaldı ki, xoşbəxtliyə... Bu suala birmənalı cavab vermək çox çətindir... Zənnimcə, əsl xoşbəxt o kəslərdir ki, həyat yollarına məhz öz mənəviyyatları gur işıq salır.

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}