İmtahanların nəticələri birlikdə hesablanacaq – Ekspert
Tarix: 09-10-2017 13:45 | Bölmə: Cəmiyyət / Xəbərlər
İmtahanların nəticələri birlikdə hesablanacaq

Bir neçə gün öncə Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyinin birgə hazırladığı 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilmə (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli açıqlanıb.

2019-cu ildə həyata keçiriləcək qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Bu zaman 700 ballıq sistem saxlanılacaq.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi açıqlamasında bildirib ki, yeni qaydalara görə 700 bal sistemi ləğv olunmayacaq: “Yəni buraxılış imtahanlarında 300, qəbul imtahanlarında isə 400 bal müəyyənləşib. Amma hər fənndən nisbi bal hələ ki, məlum deyil. Ümumiyyətlə, detallar hələlik hazırlanmayıb. Ona görə də hər fənn üzrə sualların sayı da bəlli deyil. Bu barədə proses davam etdirilir. Hazır olan kimi ictimaiyyətə açıqlama veriləcək”.

Xatırladaq ki, yeni qaydalara əsasən, 2019-cu ildən tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirmə (buraxılış) imtahanları bir mərhələdə –tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək.

Təhsil eksperti Kamran Əsədov “Reytinq”ə deyib ki, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında ciddi dəyişikliklər edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu dəyişikliklərin bir hissi ixtisas qruplarına daxil olan fənlərin sayının azalması və istifadə olunan test modellərinin yeni açıq tipli test tapşırığı ilə əvəz olunması kimi yeniliklərin tətbiqi barədə qərar qəbul olunub:

“Ən mühüm yenilik ondan ibarətdir ki, qəbul imtahanları ilə, buraxılış imtahanlarının nəticələri birlikdə hesablanacaq. Bu o deməkdir ki, artıq şagirdlər buraxılış imtahanlarının nəticələrinə ciddi yanaşacaqlar, daha yüksək səviyyədə hazırlaşacaqlar. Çünki indiyə qədər heç bir halda qəbul imtahanlarında topladıqları ballar qəbul imtahanlarında nəzərə alınmırdı”.

Ekspert hesab edir ki, buraxılış imtahanlarında tətbiq edilməsi nəzərdə tutulan balın çəki əmsalı bu mərhələnin rolunu daha da artıracaq:

“Lakin hələ də DİM tərəfindən ixtisas qruplarına daxil olan fənlər üzrə nisbi balı, buraxılış imtahanları və qəbul imtahanlarında balların bölgüsünü müəyyən etməyib. Yalnız məlum olan odur ki, maksimum bal 700-dür”.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}