Moldova-Rusiya qarşıdurması şiddətlənir - Təhlil
Tarix: 27-01-2018 15:25 | Bölmə: Dünya / Xəbərlər
Moldova-Rusiya qarşıdurması şiddətlənir

Son vaxtlar Rusiya ilə münasibətləri pisləşən ölkələr sırasına Moldova da qoşulub. Ölkədə avrointeqrasiya tərəfdarlarının artması, ötən ilin yayında rusiyalı diplomatların Moldovadan çıxarılması, ardınca da analoji addımın Rusiya tərəfindən atılması tərəflər arasında gərginliyi daha da artırıb.

Diplomatlarla bağlı qalmaqaldan sonra Moldova prezidenti İqor Dodon etiraf edib ki, iki ölkə arasında münasibətlər son 25 il ərzində belə pis olmayıb.

İki gün əvvəl Rusiya Dövlət Duması plenar iclasında Moldova ərazisində Rusiya KİV-lərinin diskriminasiyasının yolverilməzliyinə dair sənəd qəbul edib.

Rusiyalı parlamentariləri bu addımı atmağa Moldovada teleradio haqda kodeksə edilən əlavə və dəyişikliklər sövq edib. Kodeksin yeni variantında faktiki olaraq Rusiyanın informasiya və analitik xarakterli teleradio verilişlərinin yayımına qadağa qoyulur.

Sənəd yanvarın 10-da Moldova prezidenti İqor Dodon yox, parlamentin sədri Adrian Kandu tərəfindən imzalanıb. Rusiyapərəst mövqeyi ilə tanınan, Moskva ilə münasibətləri inkişaf etdirməyin tərəfdarı olan Dodon ona qədər iki dəfə qanunu imzalamaqdan imtina etmişdi. Nəticədə Ali Məhkəmə prezidentin müvəqqəti olaraq hökumətdən uzaqlaşdırılması barədə qərar çıxarmışdı.

Moldovada qərbyönümlü koalisiya ötən ilin yayında Rusiya sülhməramlılarının Dnestryanı bölgədən çıxarılması barədə də deklarasiya qəbul etmişdi. Bunun ardınca Rusiya baş nazirinin müavini Dmitri Roqozin Moldovada "persona non-qrata" elan edildi. Həm ötən il, həm də bu il rusiyalı jurnalistlər Moldovaya buraxılmadı.

Rusiyalı deputatlar əmindirlər ki, məlum qanunun qəbulu informasiya əldə etmək sahəsində beynəlxalq normaları kobud şəkildə pozur, Moldova vətəndaşlarının nəzərçarpacaq hissəsinin hüquqlarını məhdudlaşdırır.

Duma bunu növbəti anti-Rusiya aktı kimi dəyərləndirir.

Rəqibin reytinqini azaltmaq


2016-cı ilin sonlarında Sosialist Partiyasının sədri Dodonun prezident seçilməsi ilə Moldovada rusiyapərəst qüvvələrlə qərbyönümlü qüvvələrin mübarizəsi səngimək bilmir. Prezident Dodonla qarşıdurmaya gedən əsas qüvvə parlamentdə təmsil olunan Demokrat Partiyasıdır. Moldova parlament respublikası olduğu üçün hökumət daha çox səlahiyyətlərə malikdir, nəinki prezident.

Rusiyalı deputatlar da mübahisə yaradan məlum qanunun ortaya çıxmasında Demokrat Partiyasını ittiham edirlər. Demokrat Partiyası tərəfindən hazırlanan sənədin lehinə 61 deputat səs verib. Əleyhinə səs verənlər isə kommunistlər və sosialistlər olub.

Dumanın MDB üzrə komitə sədri Leonid Kalaşnikov bildirib ki, Rusiya öz vətəndaşları və hüquqi şəxslərinin hüquqlarının digər ölkənin hökuməti tərəfindən məhdudlaşdırılmasına etiraz etməyə bilməz: "Dumada qəbul etdiyimiz bəyanatla Rusiya hökumətinə çağırış edirik ki, Moldovanın rusdilli əhalisinin informasiya almaq tələbatını necə kompensasiya etmək məsələsinə baxsınlar. İş elə gətirib ki, Moldovadakı rus kanalları antirus mövqeli siyasətçi Plaxotnyuka məxsus kanalda (Prime) yayımlanır".

Rusiyada Vladimir Plaxotnyuka qarşı hələ ötən il cinayət işi başladılıb və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Onu adam öldürməyə cəhddə ittiham edirlər.

Rumıniyada ölüm işi üzrə həbsdə olan killer Vitaliy Proka 2017-ci ilin noyabrında açıqlamışdı ki, rusiyalı bankir Qerman Qorbuntsovun planlaşdırılan qətlini Plaxotnyuk sifariş verib. Plaxotnyuk isə ittihamı rədd edir.

Moldovada Rusiyanın əsasən əyləncəli proqramları, serialları populyardır. İnformasiya və təhlil xarakterli proqramlara isə daha az baxılır. Moldovanın Strateji Təşəbbüslər İnstitutunun rəhbəri Vladislav Kulminskiy hesab edir ki, bu baxımdan məlum qadağa elə ciddi boşluq yaratmayacaq: "Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Rusiya kanallarında Moldova ilə bağlı xəbərlər adətən qeyri-obyektiv olur. Əsasən prezident Dodonun reytinqini yüksəltməyə hesablanır. Xəbərlər proqramını bağlatdırmaqla Moldovanın Demokrat Partiyası Dodonu bir neçə faizlik seçici dəstəyindən məhrum etmiş oldu".

Məhdudlaşdırılan imkanlar


Ekspertlər hesab edir ki, parlamentdəki qərbyönümlü koalisiyanın, prezident Dodon və Rusiya ilə qarşıdurması 2018-ci ildə daha da böyüyəcək. Buna səbəb Moldovada bu ilin noyabrında keçiriləcək parlament seçkiləridir. Qərbyönümlü qüvvələr üçün Dodon və Moskva ilə qarşıdurmaya getmək elektorat toplamağın əsas yollarından biridir.

Rusiyalı deputat Leonid Kalaşnikov da seçki öncəsi gərginliyin artacağını bildirir:

"Qərbyönümlü Nazirlər Kabineti ilə münasibətlərdə gərginlik artacaq. Təxribatların sayı da çoxlacaq. Belə ki, Moldova hökumətinə nümayişkaranə şəkildə qərbyönümlü kursu dəstəkləmək lazımdır".

Dodondan əvvəl prezident postunu tutan qərbyönümlü Nikolae Timoftinin dövründə Rusiya Moldovaya qarşı iqtisadi sanksiyalar tətbiq edirdi. Şərab və kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmuşdu. Dodon prezident seçiləndən sonra Rusiya prezidenti Vladimir Putinlə elə ilk görüşündə ikitərəfli münasibətləri möhkəmləndirməklə bağlı razılığa gəlindi.

Təkcə ötən il Dodon və Putin 6 dəfə görüşüb. Buna qədər isə Rusiya və Moldova liderləri 9 il idi ki, bir araya gəlmirdi.
Ötən il oktyabrında Soçidə keçirilən son belə görüşdə Putin bildirdi ki, miqrantlara münasibətdə liberallaşma, Moldova üçün həssas olan bazarların açılması Dodonun səylərinə dəstək məqsədi daşıyır. Putin insanların bunu görüb qiymətləndirəcəyinə ümid etdiyini də dedi.

Kalaşnikovun sözlərinə görə, Kişinyova qarşı bundan sonra hansı addımların atılacağı Rusiya hökumətindən asılıdır: "Mən özüm Moldova vətəndaşlarına qarşı sanksiyaların əleyhinəyəm. Münasibətləri qaydaya salmağa hazır olan prezident Dodonun sayəsində bu yaxınlarda bəzi güzəştlərə gedildi. Məsələn, Moldovadan gələn qeyri-leqal miqrantlara amnistiyanın tətbiqi və bəzi ticari imkanlar".

Bəzi ekspertlər Dodonun qarşıdakı seçkidə şanslarını azaltamamaq üçün Rusiyanın Moldova hökumətinin təxribatlarına uymayacağını, onları görməzdən gələcəyini düşünür.

Moldova vətəndaşlarının 37,6%-i ölkənin Avropa Birliyinə, 42,5% isə Avrasiya İqtisadi Birliyinə daxil olmasını dəstəkləyir. Bu nəticələri "Vox Populi"nin yanvar ayında keçirdiyi sorğu üzə çıxarıb. Bu rəqəmlərin qarşıdakı seçkinin nəticəsinə necə təsir edəcəyi, hökuməti Rusiya, yoxsa Qərb tərəfdarlarının ələ keçirəcəyi isə bu ilin payızında məlum olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}