Namiq Şalbuzov: “KOS Agentliyinin ÜDM-ə təsiri 200 milyon manat olacaq”
Tarix: 29-12-2017 13:37 | Bölmə: İqtisadiyyat
Namiq Şalbuzov: “KOS Agentliyinin ÜDM-ə təsiri 200 milyon manat olacaq”

Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla ölkəmizdə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Dr.Namiq Şalbuzov bildirib ki, KOS-un İnkişafı Agentliyi kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədini güdür. Onun sözlərinə görə, bu Agentlik ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcək, KOS subyektlərinə bir sıra xidmətlər göstərəcək, dövlət orqanlarının bu sahədə xidmətlərini əlaqələndirəcək və tənzimlənməni həyata keçirəcək.

Reyting.az-ın xəbərinə görə, N.Şalbuzov qeyd edib ki, bəzi KOS subyektlərinin qanunvericiliyin tələblərindən, biznes risklərindən, mövcud sektordakı vəziyyətdən xəbərsiz şəkildə fəaliyyətə başlamaları bəzən onların uğursuzluqla üzləşmələrinə səbəb olurdu:

“KOS subyektlərinin məsləhət xidmətlərinə marağının az olmasının səbəblərindən biri onların bu barədə məlumatsızlığı, digəri isə biznes məsləhət xidmətlərinə çıxışın mürəkkəbliyidir. Azərbaycanda hazırda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində KOS subyektlərinə müxtəlif xidmətlər (o cümlədən məsləhət xidməti, satış və digər istiqamətlər üzrə dəstək) göstərirlər. Bununla belə, beynəlxalq təcrübəyə əsasən, KOS subyektlərinə belə xidmətlərin vahid mərkəzdən göstərilməsi onların həmin xidmətlərdən daha səmərəli istifadəsinə və beləliklə, inkişafına daha yaxşı imkan yaradır. Buna görə də KOS-un İnkişafı Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir”.

Ekspert deyib ki, yaradılan yeni Agentlik vasitəsilə KOS-lara eyni zamanda bir neçə istiqamətdə xidmətlərin göstərilməsi planlaşdırılır ki, bunun da nəticəsində idarəetmənin təkmilləşdirilməsi, paralelliyin aradan qaldırılması, KOS-ların fəaliyyətinin səmərəliliyinin artırılması gözlənilir:

“Agentliyin fəaliyyətinin funksional baxımdan da effektiv olacağı gözlənilir. Belə ki, qabaqcıl dünya təcrübəsinə əsaslanması və ölkənin bütün regionlarını əhatə etməsi effektiv fəaliyyətin təmin ediləcəyini söyləməyə əsas verir. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılacaq və onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.

KOS-un İnkişafı Agentliyi biznes assosiasiyaları ilə birlikdə müvafiq sektorlardakı müəssisələrin problemlərinin mütəmadi təhlilini həyata keçirəcək, onları müvafiq qurumlarda səsləndirəcək və həlli yollarını axtaracaqlar. KOS-un İnkişafı Agentliyi müvafiq dövlət qurumları və təhsil müəssisələri ilə əməkdaşlıq quracaq və tətbiqi elmlərin inkişafına xüsusi diqqət yetirəcəkdir.

KOS Agentliyinin ÜDM-ə təsiri 2020-ci ildə 200 milyon manat olacaq. Strateji yol xəritələrinə görə 2020-ci ildə KOS-un ÜDM-də payı 15 faizə, məşğulluqda payı 20 faizə və qeyri-neft ixracındakı payı isə 10 faizə çatdırılmalıdır.KOS-un İnkişafı Agentliyi bu sahədə əsas rol oynayacaq”.

N.Şalbuzovun sözlərinə görə, KOS agentlikləri Cənubi Koreya, Polşa, Türkiyə, Almaniya, Estoniya və bir sıra ölkələrdə uğurla fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair “Strateji Yol Xəritəsi”ndə müəyyən edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatların növbəti mühüm tədbiri qeyri-neft sektorunun inkişafında mühüm rol oyanayan KOS-ların inkişafı, fəaliyyətlərinin tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi üçün münbit şərait yaradır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}