Meyxanaçı Samirə: "Ölkəni tərk etmək məcburiyyətindəyəm" - Etiraz
Tarix: 08-01-2017 15:34 | Bölmə: Slayd

Meyxanaçı Samirə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.

Dediyinə görə, buna səbəb ölkə telekanallarında ona qoyulan efir qadağasıdır. İllərlə musiqiyə xidmət etdiyini deyən mayxanaçı xanım ona qarşı edilən bu haqsızlıqlarla barışa bilmir.

Efir qadağasına gəlincə, meyxanaçı Reyting.az-a ilk növbədə "Lider" telekanalının adını çəkib. Amma qadağanın səbəbini özü də bilmir:

"Məni həmin telekanala dəvət etmişdilər. Amma sonradan verilişin prodüseri zəng elədi ki, gəlməyin, kanal sizə qadağa qoyub".

Meyxanaçı bildirib ki, 29 nəfərə qadağa qoyublar ki, onlardan biri də odur:

"Çox pis oldum. Belə şey olmaz. Ölkədə sənət adamına efir qadağası qoymaq nə deməkdir? Bunu anlaya bilmirəm.

Mən də Azərbaycan vətəndaşıyam. İllərlə bu sənətdə can qoymuşam. Mən kimdənsə artıq şey istəmirəm, öz haqqımı tələb edirəm. Mən demirəm ki, istər Türkiyədə, istərsə də başqa dövlətlərdəki kimi, efirə çıxanda bizə qonorar verin. Amma bizdən heç olmasa, pul almayın...".

Samirə xanımın sözlərinə görə, konsertlər verib pul qazanmır, disklərdən, kasetlərdən gəliri yoxdur, mahnılardan da gəlir əldə edə bilmir:

"Bizim ancaq bir toy bazarımız var, ordan pul qazanırıq. Toya getmək üçünsə reklam lazımdır. Hamı reklamı olan sənətçini toya aparır. Mənim də reklamım hardan gəlir, efirdən? Reklam yoxdur deyə, məni toya da aparmırlar. Mən səndən əlavə pul istəmirəm, dövlətdən nəsə istəmirik, heç olmasa siz də bu qadağaları yığışdırın...".

"Lider" telekanalının qadağa qoyduğu 29 sənətkarın kimliyinə gəlincə, müsahibimiz deyib ki, bu sırada tanınmış adamlar çoxdur: "Çoxu tanınmış adamlardı. O siyahıda Xalq artistindən tutmuş adi müğənniyə qədər çoxlarının adı yer alıb".

Qadağalarla bağlı aidiyyatı qurumlara müraciət edib-etməyəcəyinə gəlincə, meyxanaçı bildirib ki, müraciət edə biləcəyi şəxs yalnız dövlət başçısı və onun xanımıdır:

"Digər şəxslərə müraciət etməyin xeyri yoxdur. Çünki bir neçə dəfə demişəm, deyiblər ki, hara istəyirsiniz şikayət edin, kanal bizimdir, nə istəyirik onu da edirik. Bu da mənə pis təsir edir.

Mən dünənin sənətçisi deyiləm. Şükür Allaha, Azərbaycanın musiqi tarixində mənim də adım var. Mahnılarım Qızıl Fondadır. Dövlət Fondunda yarım saatlıq konsertlərim var. Ara mahnıları oxumamışam. Cahangir Cahangirovun, Emin Sabitoğlunun mahnılarını ifa eləmişəm. Bu boyda sənətlə məni "qara siyahı"ya salmaq nə dərəcədə doğrudur?"

Samirə xanım qeyd edib ki, hansı telekanala müraciət edirsə ondan pul istəyirlər: "Deyirlər pul ver, çıx kanala! Kanal rəsmiləri deyir ki, "Samirə xanım, sizin adın qarşısına "platnı" yazılıb".

Niyə? Deyirəm dünən sizin kanala filan meyxanaçı çıxıb, o sizə pul ödəmişdi? Deyirlər, yox!

Deyirəm, onda məndən niyə pul istəyirsiniz?

Mən savadlı müğənniyəm. Xeyriyyə cəmiyyətinin baş direktoru olmuşam. Hərbi hissələrdə, qocalar evində, uşaq evlərində konsertlərim olub, xeyriyyə işləri həyata keçirmişəm. Mənim elədiklərimin cavabı budur? Mən dövlətim, millətim üçün canımı qoymuşam...".

Telekanalların tələb elədiyi vəsaitin məbləğinə gəldikdə, meyxanaçı bunu da açıqlayıb: "İki mahnıya 1500 manat istəyirlər. Mən onu qazanıram ki, efirə də verim? İki gündən bir bu pulu kanala necə verim? Mən bu qədər vəsaiti bir aya da qazanmıram. Özü də ilin bu vaxtında. Mən onu hardan alım? Mən də ailə saxlayıram və vegi verirəm. İndi bu 29 şəxs nə etsin, çörək qazanmasın? Bir neçə adam var ki, mənim vəziyyətimdədir.

Azərbaycanda bizə qiymət verilmir. Ona görə də bu ölkədə qalmağın mənası yoxdur. Çıxıb getmək lazımdır. Prezidentə müraciət edəcəyəm, əgər problemim həllini tapmasa ölkədən gedəcəyəm. Ancaq prezidentin müsbət cavab verəcəyinə və qadağaların aradan qaldırılacağına inanıram".

Meyxanaçı sonda qeyd edib ki, vaxtilə "Xəzər" TV-də seriallara çıxıb: "Amma indi o seriallar da dəyişilib. Çünki məni həmin seriallara da qoymurlar. Bütün verilişlərlə bağlı məndə çətinlik yaranıb".

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}