Məmurlarla ASC sədri arasında qarşıdurma yaranıb - Zavod uğrunda
Tarix: 13-09-2017 17:45 | Bölmə: Slayd
Məmurlarla ASC sədri arasında qarşıdurma yaranıb

Kərəm Həsənovla Elmar Vəliyev Daşkəsəndəki zavodu Rasim Məmmədovdan almaq istəyirlər

“Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli 2198 nömrəli Sərəncamının icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin (El arasında filiz zavodu deyilir) dövlətə məxsus səhmlərinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi məmurların qarşıdurmasına səbəb olub.

Xatırladaq ki, vaxtilə bu müəssisə Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib. Məlumata görə, müəssisə ilə bağlı əsas gərginlik də bundan sonra başlayıb.

Reyting.az saytı unikal.org-a istinadla xəbər verir ki, adıçəkilən müəssisə qeyri-rəsmi şəkildə "Baku Steel Company”ASC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun nəzarətindədir. Hətta R.Məmmədovun müəssisəyə tez-tez baş çəkməsi də bunu təsdiqləyir.

Məlumatda bildirilir ki, R.Məmmədov sonuncu dəfə təxminən iki həftə öncə - Qurban bayramı günlərində müəssisəyə gəlib və işçilərə qurban əti paylayıb. “Bir sözlə, "Baku Steel Company” ASC-nin Müşahidə Şurası sədrinin filiz zavodunun qeyri-rəsmi sahibi olduğunu düşünmək üçün kifayət qədər əsaslar var”,- sayt yazır.

Qeyd olunur ki, müəssisənin İdarə Heyətinə özəlləşdirilmə dövrü başa çatanadək "Yeni Həyat" şirkətlər qrupunun İdarə Heyətinin sədri vəzifəsində çalışmış Fərid Əsədov sədrlik edəcək.

İddia edilir ki, bəzi məmurlar həmin müəssisəni R.Məmmədovun nəzarətindən çıxarmağa çalışırlar. Bu işin başında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin durduğu bildirilir.

Kərəm Həsənovla Elmar Vəliyevin quda olduqlarını yazan saytın iddasına görə, zavod uğrunda mübarizəyə başlayanlardan birinin Əmlak Komitəsinin sədri olması Rasim Məmmədovun işini çətinləşdirib. Yəni "Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi” məqsədi ilə "Daşkəsən Filizsaflaşdırma" ASC-nin özəlləşdirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilməsi Kərəm Həsənovun sözügedən müəssisəni "hərrac” yolu ilə R.Məmmədovun nəzarətindən çıxarmasına münbit şərait yaradıb.

Araşdırma zamanı məlum olub ki, "Daşkəsən Filizsaflaşdırma" 2016-cı ilin iyulundan Həsənovun rəhbəri olduğu komitənin balansında olsa da, komitə sədri müəssisənin "özəlləşdirilərək” özünün və ya qudasının nəzarətinə keçməsini təmin etməkdə çətinlik çəkir. Bunun başlıca səbəbi isə, böyük ehtimalla R.Məmmədovdur. Yəni "Baku Steel Company” ASC-nin sədri hələ ki, zavodu əlində saxlamaq üçün qudalara müqavimət göstərməyi bacarır.

Görəsən, Azərbaycanın qiymətli sərvətini hansı oliqarx-məmur nəzarətinə keçirəcək? Bu suala cavab vermək bir qədər çətindir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}