Azərbaycanda zəlzələ baş verib; Yaralı və dağıntılar var
Tarix: 16-11-2017 09:30 | Bölmə: Slayd
Azərbaycanda zəlzələ baş verib; Yaralı və dağıntılar var

Dünən gecə yerli vaxtla saat 23:48-də Azərbaycan ərazisində zəlzələ baş verib. 6 bal gücündə olan zəlzələ nəticəsində bəzi rayonlarda yaşayış evləri dağılıb.

Reyting.az-ın xəbərinə görə, Ağdam Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Əliyevin "Report"un Qarabağ bürosuna deyib ki, rayonun Üçoğlan kəndində vətəndaşa məxsus fərdi yaşayış evi uçulub.

Onun sözlərinə görə, eyni zamanda zəlzələ nəticəsində Quzanlı kəndində elektrik transformatorunda partlayış baş verib, qəsəbəyə verilən elektrik enerjisində fasilələr yaranıb. Hazırda "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən təmir-bərpa işləri görülür.

Tərtər rayon icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ramiz Şabanov isə bildirib ki, 5 baldan yuxarı baş verən yeraltı təkanlar bir neçə kənddə dağıntılara səbəb olub, çoxlu sayda ev qəzalı vəziyyətə düşüb.

O bildirib ki, yerli sakinlərin FHK-yə verdiyi məlumata görə, rayonun Evoğlu, İsmayılbəyli və Əskipara kəndlərində palçıqdan tikilən evlərin bir hissəsi dağılıb. Rayonun digər yaşayış məntəqələrində çoxlu sayda evin hasarlarında çatlar əmələ gəlib.

Respublika ərazisində baş verən güclü zəlzələ nəticəsində ilk xəsarət faktı qeydə alınıb.

"Report” xəbər verir ki, təbii fəlakət nəticəsində Tərtərin Qaziyan kəndində 1 nəfər yaralanıb.

1975-cii il təvəllüdlü kənd sakini Məmmədov Şahid İbrahim oğlu dağılan evin altında qalıb. Nəticədə evin dəmir konstruksiyası onun bel nahiyəsinə düşüb.

Nəticədə Ş.Məmmədov ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Seysmoloji Xidmət Mərkəzi ölkəmizdə dünən gecə baş verən zəlzələ barədə rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən gecə yerli vaxtla saat 23:48-də baş verən zəlzələ Ağdam ərazisində 6 bal, yaxın yaşayış məntəqələrində isə 5,3 bala qədər hiss olunub.

Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.

Onu da qeyd edək ki, dünənki zəlzələ ölkənin bir çox rayonlarında da hiss edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}