KİV məhsullarından qanunsuz ödəniş tələbi narazılığı artırıb – Etiraz
Tarix: 12-03-2018 06:40 | Bölmə: Slayd
KİV məhsullarından qanunsuz ödəniş tələbi narazılığı artırıb

Ölkəyə gətirilən KİV məhsullarına Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiq edilməsi mətbuat nümayəndələrinin ciddi narazılığına səbəb olub.

Bu barədə Reyting.az-a açıqlama verən “Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev deyib ki, KİV məhsullarından ƏDV tələbi qeyri-qanunidir. Onun sözlərinə görə, Vergi Məcəlləsinin 164.1 və 164.1.7 maddələri ilə idxal olunan qəzet kağızları, qəzet və jurnallar ƏDV-dən azad olunsa da, Dövlət Gömrük Komitəsi bu qanunun tələblərini pozur:

“ƏDV-dən azad edilən məhsulların siyahısı ilə bağlı Nazirlər Kabinetinin 2005-ci il tarixli 11 saylı qərarı verilən zaman idxal olunan qəzet kağızlarının ƏDV-dən azad olunması ilə bağlı müddəa da həmin qərara salındı. Əslində bu, lazımsız idi. Çünki qanun var idisə, qərar lazım deyildi. Hansısa maraqdan Nazirlər Kabineti bunu elədi. Hüquq da buna imkan vermir, çünki Məcəllə – Milli Məclis tərəfindən qəbul olunan qanun icra orqanının qərarından üstün qüvvəyə malikdir və Vergi Məcəlləsi qüvvədə ola-ola Nazirlər Kabinetinin 11 saylı qərarına ehtiyac yox idi. Beləliklə, idxal olunan qəzet kağızları, qəzet və jurnallar 2005-ci ildən sonra həm Məcəllənin, həm də bu qərarın tələbinə əsasən ƏDV-dən azad olunmuşdu”.

Xanhüseyn Əliyevin sözlərinə görə, Azərbaycan Respublikasının 20.10.2015-ci il tarixli Vergi Məcəlləsinin 164.2 maddəsi ləğv edilib və bununla da Nazirlər Kabinetinin 2005-ci il tarixli 11 saylı qərarı qüvvədən düşüb: “Bu qərarın ləğvindən sonra isə idxal olunan qəzet kağızları, qəzet və jurnallardan ƏDV tutulmağa başladı. Halbuki qüvvədə olan Vergi Məcəlləsinin 164.1 “İdxalın aşağıdakı növlərindən ƏDV tutulmur”,- deyilir və 164.1.7 maddəsində açıq şəkildə: “Kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)”,- yazılır”.

Müsahibimiz qeyd edib ki, məsələylə bağlı məhkəmə çəkişmələri də olub. Lakin yekun nəticə yoxdur. Dövlət qurumları qanunun tələbinə zidd olaraq “məqsəduyğun hesab etməməklə” vətəndaşları büdcə ilə şantaj edir: “Əslində, burada bürokratik əngəldən başqa bir şey yoxdur. Bu sahədə o qədər böyük pullar dövr eləmir axı, büdcəyə də böyük vəsait daxil olsun. Mən araşdırmışam və bilirəm ki, KİV məhsullarından daxil olan ƏDV ildə 220 min manat civarındadır. Halbuki ölkə başçısı hər il KİV-in inkişafı üçün 5 milyon manat ayırır, ev tikir, bu məbləğin qarşısında qanunsuz olaraq büdcəyə daxil olan 220 min manat nə puldur ki, bununla KİV-ə zərər verirlər?

Vergilər Nazirliyi də bildirir ki, Vergi Məcəlləsinin 164.1 və 164.7 maddələri ləğv edilmədiyinə görə, KİV məhsullarının idxalı ƏDV-dən azaddır.

Lakin Gömrük Komitəsinin cavabında deyilir ki, Vergi Məcəlləsinin 164.1 və 164.7 maddələrində KİV məhsullarının ancaq satqısı ƏDV-dən azaddır. Bu izahın müəllifi Gömrük Komitəsinin Maliyyə İdarəsinin rəisi Mirqasım Vahabovdur.

Vergi Məcəlləsində konkret göstərilir ki, “Kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)” ƏDV-dən azaddır. Həmçinin Ədliyyə, İqtisadiyyat, Maliyyə və Vergilər nazirlikləri də bunu təsdiqləyir. Amma Mirqasım Vahabov buna məhəl qoymur”.

Məsələylə bağlı Prezidentə müraciət etməyə gəlincə, X.Əliyev “Burada Prezidentə müraciət etməyə ehtiyac yoxdur. Mən qanunun tələblərini səsləndirirəm. Qanun var və məmur ona əməl etməlidir. Görünən odur ki, Gömrük Komitəsinin həmin məsul şəxsi ilə bağlı narazılığı daha yüksək səviyyəyə qaldırmaq lazımdır”,- deyib.

Dövlət Gömrük Komitəsinin binası qarşısında piket keçirməkdə israrlı olduqlarını bildirən MMC direktoru qeyd edib ki, bu dövlət qurumu ƏDV ilə bağlı cəmiyyətə yanlış məlumatlar verir, vətəndaşlarda çaşqınlıq yaradıb, qeyri-qanuni əməllərini ört-basdır edir:

“Gömrük Komitəsindən alınan cavablarda qeyd edilir ki:
1. Məhkəmə orqanlarına tabe olmaq hər bir insanın borcudur.

Bəli, biz razıyıq. Ancaq o qərarlara necə nail olduğunuzu Siz də gözəl bilirsiniz, Biz də. Büdcəyə görə qanunlara hörmətsizlik heç kimə başucalığı gətirmir.

2. Gömrük Komitəsinin 02.02.2018-ci il 10014/14-24/001535 cavabında qeyd edilir ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin KİV məhsullarının SATIŞI üzrə dövriyyələr ƏDV-dən azad olunur.

Bu yanlışdır. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi konkret göstərir, ALQI-SATQININ bütün növləri üzrə dövriyyələr ƏDV-dən azaddır.

3. Mətbuata açıqlamada qeyd edirlər ki, KİV məhsullarının idxalı ƏDV-yə cəlb edilməlidir.

Belə çıxır ki, 164.1.7-ci maddə 164.1-ci maddənin alt maddəsi deyil, ayrıca bir maddədir. Axı Vergi Məcəlləsinə baxmaq çətin deyil. 164.1-ci maddə konkret göstərir ki, “idxalın aşağıdakı növlərindən ƏDV tutulmur”. Sonra alt maddə olan 164.1.7 gəlir və orada qeyd olunur ki, KİV məhsullarının ALQI-SATQISININ bütün növləri üzrə dövriyyələr ƏDV-dən azaddır.

4. Sonra Vergi Məcəlləsinin 3.9-cu maddəsinə istinad edilir.

Məlumat üçün bildirirəm ki, həmin maddədə qeyd edilir ki, “Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin”.

¾ Bu maddənin 164.1 və 164.1.7-ci maddələrinə nə aidiyyatı var?

¾ Bu maddəni 2005-ci ildə səhvən 11 saylı qərarı qəbul edəndə nəzərə almalı idiniz”.

Piket tərəfdarı olmadıqlarını deyən X. Əliyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edir ki, “o dövlət güclü olur ki, məmurlar tərəfindən qanunlar pozulanda vətəndaş bununla barışmır”. Bizim də Gömrük Komitəsinin Baş Maliyyə İdarəsinin rəisi M.Vahabovun tərsliyi ilə barışmaq fikrimiz yoxdur”.


X.Əliyev əlavə edib ki, bununla bağlı dəfələrlə məhkəmələrə müraciət edib. Hətta müraciətinə əsasən, onu ən ali məhkəmə orqanı olan Konstitusiya Məhkəməsinə dəvət edib, bildiriblər ki, ƏDV tutulması qanunsuzdur.

Məsələylə bağlı vəkil Bəhruz Bayramov isə “Bizim yol” qəzetinə deyib ki, Nazirlər Kabinetinin qərarı qanundan üstün qüvvəyə malik deyil: “Hüquqi normativ aktların üstünlük dərəcələri var. Mərkəzi icra hakimiyyəti orqanının qərarı Məcəllədən – qanundan üstün qüvvəyə malik deyil. Ona görə də icra hakimiyyəti orqanının qərarı və qərarının qüvvədən düşməsi Məcəllədə nəzərdə tutulmuş müddəaya təsir edə bilməz. Bu səbbədən də Vergi Məcəlləsində ƏDV-dən azad olunma nəzərdə tutulduğu halda, qərarın qüvvədən düşməsinə görə ƏDV tələb edilməsi tamamilə qanunsuzdur”.

Qeyd edək ki, qəzet kağızlarına, redaksiya, nəşriyyat və poliqrafiya məhsullarına ƏDV-nin tətbiqi Vergi Məcələsinin 164.2-ci maddəsinin ləğv edilməsi ilə əsaslandırılır. Həmin maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün nəzərdə tutulan, istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda, istehsal təyinatlı xammal və müasir texnologiyanı təmin edən avadanlıqların idxalını ƏDV-dən azad edə bilər. Məsələnin maraqlı tərəfi isə ondadır ki, bu sahənin mütəxəssisləri iddia edirlər ki, sözügedən maddənin idxal olunan qəzet kağızlarına, redaksiya, nəşriyyat və poliqrafiya məhsullarına heç bir aidiyyatı yoxdur. Elə bu səbəbdən də onlar Dövlət Gömrük Komitəsi tərəfindən qəzet kağızlarına ƏDV-nin tətbiqini qanunsuzluq kimi dəyərləndirirlər. Qəzet kağızlarına 18 faizlik əlavə dəyər vergisinin tətbiqi doğru addım olmamaqla yanaşı, mətbuatın yükünü bir qədər də ağırlaşdırır. Dövlət Gömrük Komitəsinin ƏDV ilə bağlı hərəkətlərini qanunsuz hesab edən Xanhüseyn Əliyevin sözlərinə görə, qanunda boşluq olduğundan bundan sui-istifadə edilib: "Düşünürəm ki, baş verənlər anlaşılmazlıqdır, qanunda boşluq olub. Bu boşluq da 2005-ci ildən üzübəri başlayıb, yaranıb. 2005-ci ilə qədər ölkəyə idxal olunan qəzet və jurnallar Vergi Məcəlləsi ilə tənzimlənirdi və ƏDV-dən azad idi. 2005-ci ilin yanvarında bütün ƏDV-dən azad olunanlar öz əksini Vergi Məcəlləsində göstəriləndə yanlışlıq oldu".

"Qaya Mətbuat Yayımı" MMC-nin direktoru Xanhüseyn Əliyevin fikirlərində həqiqət var. Doğrudan da qanun qərardan üstündür. Qanuna gəldikdə isə, ümumiyyətlə, ƏDV-dən azad olmalar Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələri ilə tənzimlənir. Həmin Məcəllənin 164.1-ci maddəsində deyilir ki, malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərdən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində isə qeyd olunur ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) vergi ödəməkdən azaddır.

Məlumat üçün bildirək ki, adıçəkilən Məcəllənin 164.2-ci maddəsi ləğv olunsa da, 164.1 və 164.1.7-ci maddələri hələ də qüvvədədir. Və məhz bu qanunu nəzərə alaraq qəzet kağızlarına ƏDV tətbiq olunmamalıdır. Çünki Vergi Məcəlləsinin sözügedən maddələri açıq-aşkar şəkildə qəzet kağızlarının, redaksiya, nəşriyyat və poliqrafiya məhsullarının idxalına görə ƏDV-nin tutulmasına imkan vermir. Lakin buna baxmayaraq, Dövlət Gömrük Komitəsi hələ də qəzet kağızlarına, çap məhsullarına ƏDV tətbiq edir. Buradan belə qənaətə gəlmək olar ki, Gömrük Komitəsi qanunu qərardan daha üstün sayır. Halbuki ölkə Konstitusiyasına görə, hətta prezident fərmanları və Nazirlər Kabinetinin qərarları qanunlardan üstün hüquqi qüvvəyə malik deyil. Bu səbəbdən də Nazirlər Kabineti bu və ya digər qərar qəbul edərkən ilk növbədə həmin qərarını qanuna uyğunlaşdırmalı, onun müddəalarından kənara çıxmamalıdır. Qəzet kağızlarına, redaksiya, nəşriyyat və poliqrafiya məhsullarına ƏDV-nin tətbiqinə gəldikdə isə, bu məsələdə kifayət qədər anlaşılmazlıq, hətta belə demək olarsa ikitirəlik mövcuddur. Çünki Vergilər Məcəlləsinin istinad etdiyimiz maddələri qəzetləri ƏDV-dən azad etsə də, Gömrük Komitəsi qanunu bir kənara qoyub, Nazirlər Kabinetinin qərarına əsasən kütləvi informasiya vasitələrinə əlavə dəyər vergisi tətbiq edir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov hələ ötən ilin mart ayında kütləvi informasiya vasitələri üçün idxal olunan qəzet kağızı və hazır çap məhsulları üzərindən ƏDV- nin götürülməsini təklif edib.


Belə ki, Milli Məclisdə Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Mətbuat Şurasının sədri qeyd edib ki, ƏDV-nin tətbiqi medianın iqtisadi durumuna mənfi təsir göstərir. O bildirib ki, media həssas sahədir və KİV məhsullarının ƏDV-yə cəlb edilməsindən əldə edilən gəlir elə də yüksək deyil: "Təklif edirəm ki, mətbuatın indiki durumunu nəzərə alaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi götürülsün".

Onu da qeyd edək ki, dünən jurnalistlərin 7-ci qurultayında da Mətbuat Şurasının sədri Ə. Amaşov idxal olunan qəzet kağızı və hazır çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisinin dövlət büdcəsinə əhəmiyyətli dərəcədə təsir göstərmədiyini deyərək, bu məhsullar üzərindən ƏDV-nin götürülməsinin vacibliyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}