Miqrasiya Xidmətində qeydiyyat oyunu gedir
Tarix: 04-04-2018 15:52 | Bölmə: Slayd
Miqrasiya Xidmətində qeydiyyat oyunu gedir

Qohumlarının adını təltifə təqdim edən Firudun Nəbiyevdən narazılıqlar artır

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudun Nəbiyev rəhbərlik etdiyi qurumu şəxsi təsərrüfatı kimi idarə edir. Sanki bu qurum onun və qohum-əqrəbasının şəxsi mülküdür.

Bunu Miqrasiya Xidmətində çalışan və adının çəkilməsindən ehtiyat edən şəxslərdən biri deyib.

Onun sözlərinə görə, Miqrasiya Xidmətində iş o yerə çatıb ki, Firudin Nəbiyev hətta ölkə rəhbərliyini də aldatmağa cəhd edir:

“Cənab Prezident martın 16-da Dövlət Miqrasiya Xidməti əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Siz o sərəncamda adıçəkilənlərin hər biri haqda araşdırma aparsanız görəcəksiz ki, bir-iki nəfər istisna olmaqla, Firudin Nəbiyev əslində, kimlərin adına təqdimat verib və bununla kimlərə hansı mesajları yollayıb. Mən çox dərinə getmək istəmirəm, sadəcə, təltif olunanlardan birinin adını çəkirəm. Görün, miqrasiya orqanlarında qulluqda fərqləndiyi və səmərəli fəaliyyət göstərdiyinə görə "Tərəqqi” medalı ilə təltif olunan Səfərov Rövşən Elxan oğlu kimdir? O, Miqrasiya xidməti rəisi Firudin Nəbiyevlə necə qohum olub? Axı, vaxtı ilə Dövlət Sərhəd Xidmətində işləmiş bu adama Nəbiyev birdən-birə niyə və kimə görə belə şərait yaratdı? Doğrudanmı o, səmərəli fəaliyyət göstərib?

Və yaxud "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunanlar - Abdullayev Ramil İntizam oğlu, Əhmədov Tural Rüstəm oğlu, Əliyev Pərviz Namiq oğlu, Hüseynova Əfsanə Məzahir qızı, İsayev Əli Arif oğlu, Kazumova Günay Şaiq qızı, Kərimova Zülfiyyə Ənvər qızı, Məmmədov Kənan Əsvər oğlu, Mirzəyev Elvin Əli oğlu, Mikayılov Bağır Mikayıl oğlu və Şirəliyev Kamil Güləli oğlu xidmətdə hansı vəzifələri tutur və şəxsən kimlərin himayəsi altındadırlar? Onların xidmətdə əsas işləri nədən ibarətdir?

Bu istiqamətdə kiçik araşdırma aparsanız, müvəqqəti və işçi qeydiyyatı, o cümlədən daimi yaşamaq üçün müraciət edən vətəndaşların nələr çəkdiklərinə də işıq sala bilərsiniz”.

Miqrasiya Xidmətində qeydiyyat oyunu gedir

Xidmət əməkdaşı deyib ki, F. Nəbiyev ötən il ona müavin təyin edilmiş Vəli Nağıyevə qədər - heç kimlə hesablaşmaq istəmir: “Amma Vəli Nağıyevdən ehtiyat edir. Digər müavinlərini isə ciddi fiqur hesab eləmir. Lakin Vəli Nağıyev Miqrasiya Xidmətinə gələndən onun və yaxın çevrəsinin yuxus ərşə çəkilib. Xidmətin aparatında, o cümlədən elə qohumu Rövşən Səfərovun işlədiyi Bakı Regional İdarəsində elə bilirlər ki, Vəli Nağıyev tezliklə bura rəis təyin ediləcək.

Firudun Nəbiyevin qohumları isə özlərini sındırmayaraq, deyirlər ki, Vəli Nağıyev guya özü ondan xahiş edib deyə, işə alınıb. Yəni onun təyinatı da, buradan çıxarılması da Firudun Nəbiyev üçün asan məsələdir. Hərçənd, bunun belə olmadığını ölkə gündəmindən az-çox anlayışı olanların hamısı kimi, elə Nəbiyevin qohum-əqrəbası da yaxşı bilir. Onlar Nağıyevin kim olduğunu və o nəsilin hakim düşərgə ilə münasibətlərinə yaxşı bələddirlər”.

Martın 16-dakı sərəncamla Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyevə “II dərəcəli dövlət miqrasiya xidməti müşaviri” ali xüsusi rütbəsi verilməsinin Nəbiyev qruplaşmasının narahatlıqlarını artırdığı da bildirilir.

Məlumata görə, hazırda Nəbiyev və onun qrupu elektron qeydiyyat və Prezidentin fərmanı ilə tətbiq edilən e-viza sistemi ilə şəffaf fəaliyyət görüntüsü yaratmağa çalışırlar:

“Hələlik diqqətinizi elektron viza ilə bağlı məqsədli tətbiq edilən pöroblemə çəkim. Baxın, bu sistemlə Azərbaycana gəlmək istəyən turist və ya istənilən əcnəbi yalnız 1 aylıq viza ala bilər. Çox maraqlıdır, niyə bu sistemlə 2 və ya 3 aylıq viza almaq olmur? Düzdür, Nəbiyev deyə bilər ki, bu, ondan aslı deyil. Yaxşı, o zaman ona sual verən lazımdır ki, bəs bu sistemlə bağlı layihəni, təklifləri, yekun müddəaları kim hazırlayaraq hökumətə təqdim edib? Və niyə bir aydan çox ölkədə qalmaq istəyəndən əlavə sənədlər tələb olunur? Özü də Azərbaycana gəldikdən sonra. Biz bu tip məhdudiyyətlərlə necə uzunmüddətli turist axını cəlb edə bilərik?

Miqrasiya Xidmətində qeydiyyat oyunu gedir

Nəzərinizə çatdırım ki, başqa normal ölkələrdə bir aydan artıq viza almaq üçün bizdəki kimi tələblər yoxdur. Əgər 1 aylıq viza ilə Azərbaycana girib, sonra bu vizanın müddətini uzatmaq istəsən, miqrasiya idarəsi o qədər sənəd tələb edəcək ki, onları toplamaq qeyri-mümkündür. Məsələn, həkimdən elə sənəd verməlisən ki, yalan olmasın, sanki 5-6 günə öləcəksən. Yaxud, miqrasiya idarəsi az qala ulu babanın doğum şəhadətnaməsini tələb edir. Rüşvətsiz bu sənədləri burada almaq mümkündürmü? Və ya buna nə qədər vaxt tələb olunduğu aydın deyilmi?”.

Məlumatlı şəxs müvəqqəti pulsuz qeydiyyatla bağlı problemə də toxunub:

“Ölkəmizə vizasız gələ və burada 90 gün yaşamaq istəyən insanlar üçün reklam çarxı hazırlayıblar. O çarxda deyirlər ki, siz bura gəlmədən evinizdən internet vasitəsi ilə qeydiyyata dura bilərsiz. Düzdür, bu, mümkündür. Amma məsələn, Rusiyanın Sibir vilayətindən və ya Gürcüstanın ucqar kəndindən gələn və heç bir internet anlayışı olmayan və ya hələ də bu sistemə güvənməyən əcnəbi nə etməlidir?

Əvvəla, onların heç çoxunun bu reklam çarxından xəbəri yoxdur. İkincisi və ən əsası, onlar ən etibarlı qeydiyyatı dədə-baba qaydasında, yəni biraşa xidmətə gəlməklə, rəsmişləşdirmək və rahat olmaq istəyirlər. Bəs, Firudun Nəbiyev bunu necə edir? O, əvvəl Bakı Regional İdarəyə 8-10 nəfər işçi yığıb, bunu qeyri-rəsmi pullu xidmətə çevirdi. Beləliklə, hər bir müvəqqəti qeydiyyata düşən şəxsdən 3 manat toplanmağa başlanıldı. 5-6 ay əvvəl isə bu məsələ idarədə söz-söhbət yaratdı. Düzü, bunun pul üstə, yaxud qorxudan edildiyini bilmirəm. Ancaq fakt odur ki, həmin qeyri-leqal pulyığanlar idarənin binasından çıxarılıb, yaxınlıqdakı 9 mərtəbəli binanın birinci mərtəbəsinə yerləşdirildi. Və pulyığma sistem rəsmi idarə binasının 5 addımlığında eyni işçilər və sistemlə türklər demişkən, yenə də tıkır-tıkır işləməyə davam edir”.

Qeyd olunur ki, F.Nəbiyev bəlkə də, nə vaxtsa buna görə cəzalandırıla biləcəyini də düşündüyü üçün önləyici tədbir görüb: “O, uşaqbaşı aldadırmış kimi, deyə bilər ki, bəs 3 manat alan qrup xidmətin yox, hansısa özəl şirkətin işçiləridir və bilgisi olmayanlara guya hüquqi yardım göstərir. Bəli, bu məsələdə düz deyir, o işçilər həqiqətən də Miqrasiya Xidmətinin əməkdaşları deyillər, amma Firudun Nəbiyevin yaxın qohumunun təsis etdiyi MMC-nin işçiləridir. Dövlət Xidmətinə müraciət edənlərin hər biri də məqsədli şəkildə onların üzərinə göndərilir. Zatən, ora daxil olanlar həmin qızları Miqrasiya Xidmətinin rəsmi işçiləri kimi tanıyır, qəbul edir. Və elə sanırlar ki, ödədikləri 3 manat da rəsmidir. Axı, əcnəbi haradan bilir ki, kassa-fason yerdən cızma-qaralı, istifadə edilmiş adi kiçik kağız parçasına vurulan möhürün hüquqi əsası yoxdur? Ancaq Nəbiyev buna da şərait yaradıb. İndi kim iddia edə bilər ki, Firudun Nəbiyevin burada hər hansı marağı yoxdur? Əksini iddia edirsə, o zaman miqrasiyaya 7-8 gənc işçi, eyni zamanda “ASAN Xidmət” kimi könüllülər cəlb edib, bunu niyə pulsuz həll etmir?”.

Xidmətin əməkdaşı iddia edir ki, 3 manata müvəqqəti qeydiyyata düşənlərin sayı elə gün olur ki, 5-7 mini aşır: “İndi siz buradan yığılan pulu təxmini hesablayıb, aya, ilə vurun və ortadakı böyük məbləğə baxın”.

Sonda məlumatlı şəxs xidmət daxilində cərəyan edən çox maraqlı məlumatlardan da söz açıb. Bu və ya digər məqamlarla bağlı araşdırmalarımız davam edəcək.

Qarşı tərəfin də mövqeyinə yer ayırmağa hazırıq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}