Kreml Putinin danışıqlara can atdığını bəyan edir
Tarix: 08-07-2024 15:33 | Bölmə: Dünya
Kreml Putinin danışıqlara can atdığını bəyan edir

“Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə münaqişənin danışıqlar yolu ilə həllinin qəti tərəfdarıdır”.

Reyting.az
xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bunu bazar ertəsi brifinqdə Ukrayna şəhərlərinə ən azı 20 nəfərin ölümünə səbəb olan və ilin əvvəlindən bəri ən ölümcül raket hücumundan bir neçə saat sonra deyib.

“Putin Ukrayna münaqişəsinin həlli üçün siyasi və diplomatik səylərə üstünlük verilməsinin tərəfdarıdır”,- deyən Peskov əlavə edib ki, Moskva heç vaxt danışıqlardan imtina etməyib.

“Biz bütün maraqlı tərəflərin iştirakı ilə danışıqların tərəfdarı idik”, - Peskov bildirib. O, həmçinin Kremlin Türkiyənin Ukrayna üçün “sülh platforması” yaratmaq planını dəstəklədiyini deyib və əlavə edib ki, hələ belə bir platforma yoxdur.

Qeyd edək ki, bu gün günortadan sonra Rusiya ordusu Kiyev, Krivoy Roq, Dnepr, Slavyansk və Kramatorska onlarla raket atıb. Ukraynanın paytaxtında zərbə uşaq xəstəxanasının binasına, eləcə də Şevçenkovski rayonundakı hündürmərtəbəli binaya dəyib. Kiyev Mülki-Hərbi Administrasiyasının məlumatına görə, şəhərdə azı 10 nəfər ölüb, 35 nəfər yaralanıb.

Krivoy Roqda 10 nəfər ölüb, ən azı 40 nəfər yaralanıb, Dneprdə bir nəfər ölüb, 6 nəfər yaralanıb. Bundan əlavə, Donetsk vilayətinin Pokrovsk şəhərində 3 nəfər ölüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər