HƏMAS lideri kim olacaq: Xalid Məşəl, yoxsa...
Tarix: 01-08-2024 14:40 | Bölmə: Dünya
HƏMAS lideri kim olacaq: Xalid Məşəl, yoxsa...

HƏMAS Hərakatı Siyasi Bürosunun öldürülən rəhbəri İsmayıl Haniyənin yerinə əvvəllər İsrailin sui-qəsd cəhdindən sağ çıxmış Xalid Məşəl gətirilə bilər.

Reyting.az
xəbər verir ki, HƏMAS-a yaxın mənbələr bu faktı “Reuters” agentliyinə təsdiqləsələr də, hələlik konkret qərarın olmadığını deyiblər.

Bəzi mənbələr isə Yəhya Sinvarın HƏMAS lideri olacağını iddia edirlər.

Yəhya Sinvar HƏMAS-ın Qəzzadakı lideridir. Üstəlik, İsrail Sinvarı tapıb öldürmək və ya sağ ələ keçirmək üçün böyük səy göstərir.

Qeyd edək ki, Xalid Məşəl 1956-cı ildə Fələstinin İordan çayının qərb sahilindəki Ramallahın şimalındakı Silvad kəndində anadan olub. O, HƏMAS-ın (İslami Müqavimət Hərəkatı) siyasi liderlərindən biridir. Məşəl 1967-ci ildə “Altı Günlük Müharibə”dən sonra ailəsi ilə birlikdə Küveytə mühacirət edib və orada təhsilini başa vurub. Küveyt Universitetində fizika təhsili alan Məşəl Fələstin Tələbələr Birliyinə rəhbərlik edərək siyasi mübarizədə fəallıq göstərib.

1997-ci ildə MOSSAD-ın sui-qəsd cəhdindən sağ çıxmış Xalid Məşəl bu hadisədən sonra İordaniyadan deportasiya edilib və Suriyaya köçüb. O, 2004-cü ildə Şeyx Əhməd Yasinin İsrail tərəfindən öldürülməsindən sonra HƏMAS-ın siyasi lideri seçilib. Məşəl 2012-ci ildə “Ərəb Bahar”ı zamanı Suriyanı tərk edərək Qətərdə məskunlaşıb və orada yaşamağa davam edir.

Qəzzada Məşəl və HƏMAS liderləri arasında gərginlik onun Fələstinin baş naziri Mahmud Abbasla kompromis əldə etmək cəhdlərindən sonra yaranıb. Məşəl yaşanan gərginlikdən sonra rəhbərlikdən istefa vermək istədiyini açıqlayıb və 2017-ci ildə onun yerinə İsmayıl Haniyə gətirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər