Müdafiə naziri üç səbəbə görə vəzifədən azad edilib
Tarix: 06-11-2024 09:31 | Bölmə: Dünya
Müdafiə naziri üç səbəbə görə vəzifədən azad edilib

Yoav Qallant İsrailin müdafiə naziri vəzifəsindən azad edilməsinə səbəb kimi baş nazir Benyamin Netanyahu ilə üç məsələdə fikir ayrılığını göstərib.

Reyting.az
xəbər verir ki, dünən Netanyahu tərəfindən vəzifəsindən uzaqlaşdırılan Qallant “X” platformasından məsələ ilə bağlı qiymətləndirmələr edib.

İşdən çıxarılmasının Netanyahu ilə üç məsələdə fikir ayrılığının nəticəsi olduğunu bildirən Qallant qeyd edib ki, bunlardan birincisi “hərbi yaşda olan hər kəsin hərbi xidmətdə olması ilə bağlı sabit mövqeyidir”.

Qallant, İsrailin apardığı müharibədə yüzlərlə əsgərin öldüyünə və hər kəsin bu şərtlər altında İsrail ordusunda xidmət etməsinin lazım olduğuna diqqət çəkərək, ultra-ortodoks yəhudiləri (Haredim) məcburi hərbi xidmətdən azad edən qanun layihəsini göstərib.

İşdən çıxarılmasının ikinci səbəbinin Qəzzadakı israilli məhbusların evlərinə qaytarılması ilə bağlı mövqeyinə sadiq qalması olduğunu bildirən Qallant yazıb ki, məhbusların ölkəyə qaytarılmasının tez bir zamanda təmin edilməsi vacibdir və bu, mümkündür.

Qallant qeyd edib ki, onunla Netanyahu arasında üçüncü mübahisəli məsələ 7 oktyabr 2023-cü il hadisələrində hərbi və kəşfiyyat uğursuzluqları ilə bağlı rəsmi istintaq komitəsinin yaradılmasında israrlı olmasıdır.

Onu da qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu dünən müdafiə naziri Yoav Qallantı istefaya göndərib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər