İspaniya Avropanı ABŞ-dan üz döndərməyə çağırır
Tarix: 09-04-2025 12:00 | Bölmə: Dünya
İspaniya Avropanı ABŞ-dan üz döndərməyə çağırır

İspaniyanın baş naziri Pedro Sançes ABŞ-nın əksər ölkələrə gömrük rüsumları tətbiq etmək qərarına görə Avropa İttifaqını Çinlə münasibətlərinə yenidən baxmağa səsləyib.

Reyting.az
xəbər verir ki, İspaniya liderinin fikrincə, ABŞ prezidenti Donald Trampın qlobal ticarətdə atdığı addımlardan sonra Avropa digər yeni tərəfdaşlar tapmalı və yeni bazarlar axtarmalıdır.

Onun sözlərinə görə, ABŞ-la bağlı vəziyyət onu göstərir ki, hamı uyğunlaşmalıdır, ona görə də Avropa Çinə, Çin isə Avropaya münasibətini dəyişməlidir.

“Ticarət müharibəsi heç kimin marağında deyil. Ticarət müharibəsində heç kim qalib gəlmir. Hər bir ölkə, xüsusən də işçilər və orta sinif itirir”, - İspaniyanın baş naziri vurğulayıb.

Qeyd edək ki, aprelin 11-də Sançes Pekinə səfər edəcək və Çin prezidenti Si Cinpinlə görüşəcək. Siyasətçi bununla Trampın yeni tariflər tətbiq etməsindən sonra Çin lideri ilə görüşən ilk Avropa hökumət başçısı olacaq.

Bildirilir ki, səfər “Ticarət müharibəsin”dən əvvəl təşkil olunsa da, sonrakı təlatümlər diqqəti görüşə yönəldib.

Sançes əlavə edib ki, Avropa İttifaqının ABŞ-la tarif danışıqları ilə bağlı mesajı üzv dövlətlərin birlikdə, mütənasib şəkildə işləyəcəkləri və tez cavab verəcəkləridir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp tariflərdən yayınmaq üçün xarici liderlərin onun qarşısında özlərini necə alçaltdıqlarını təsvir edib. Xüsusilə, o, başqa ölkə nümayəndələrinin sövdələşməyə cəhd etmək üçün onun “arxasını öpdüyünü” bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər