Rusiyayönlü AfD partiyası ekstremist elan edilib
Tarix: 02-05-2025 13:48 | Bölmə: Dünya
Rusiyayönlü AfD partiyası ekstremist elan edilib

Almaniyanın daxili kəşfiyyat agentliyi cümə günü ifrat sağçı, Almaniya üçün Alternativ Partiyasını (AfD) demokratiyanı təhdid edən ekstremist təşkilat kimi tanıyıb.

Reyting.az
“Röyter”ə istinadla bildirir ki, bu, fevral ayında keçirilən federal seçkilərdə ikinci olan partiyaya daha yaxşı nəzarət etməyə imkan verəcək.

Qeyd olunur ki, bu status hakimiyyət orqanlarının partiyaya nəzarət etmək üçün gizli üsullardan, məsələn, məxfi məlumat verənlərdən istifadə etmək və kommunikasiyaları ələ keçirmək yolu ilə istifadəsini asanlaşdırmalıdır.

“Partiyada üstünlük təşkil edən etnik mənsubiyyətə və mənşəyə əsaslanan xalq anlayışı azad demokratik nizamla bir araya sığmır”, - daxili kəşfiyyat xidmətinin bəyanatında deyilir.

Bildirilir ki, AfD əsasən müsəlman ölkələrindən olan mühacir əsilli alman vətəndaşlarını alman xalqının bərabərhüquqlu üzvləri hesab etmir. Kəşfiyyat agentliyinin fikrincə, bu yanaşma fərdlərin və qrupların “aşağılanması və təhqir olunması” ilə nəticələnib, “onlara qarşı irrasional qorxu və düşmənçilik” yaradıb.

“Röyter” qeyd edir ki, bu qərar yeni parlamentdə AfD ilə necə davranmaq barədə qızğın müzakirələr fonunda qəbul edilib. Partiya seçkidə rekord sayda yer qazanıb və bu, nəzəri cəhətdən ona parlamentin bir neçə əsas komitəsinə rəhbərlik etmək hüququ verir, baxmayaraq ki, bunun üçün hələ də digər partiyaların dəstəyinə ehtiyacı olacaq.

Eyni zamanda, analitiklər bu qərarın AfD-yə dəstəyi və onun kənarda qaldığına dair iddialarını daha da gücləndirmək riskini daşıyır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb