Rusiyalı ekspert: Avropa buzqıran donanması Arktika üçün yetərli deyil
Tarix: 20-02-2026 20:41 | Bölmə: Dünya

Rusiyalı ekspert: Avropa buzqıran donanması Arktika üçün yetərli deyil

Avropanın buzqıran gəmiləri Arktikanın sərt iqlim şəraitində effektiv fəaliyyət göstərmək üçün kifayət qədər uyğun deyil. Reyting.az xəbər verir ki, bu fikri Rusiya Hüquq və Milli Təhlükəsizlik İnstitutunun hərbi eksperti Aleksandr Stepanov TASS informasiya agentliyinə müsahibəsində səsləndirib.

A. Stepanovun iddiasına görə, dəfələrlə sınaqdan çıxmış, ən keyfiyyətli və istənilən sərt iqlim şəraitində maneələri aşaraq sərbəst hərəkət edə bilən buzqıran gəmilər yalnız Rusiyaya məxsusdur.

Onun sözlərinə görə, Almaniya istehsalı olan “Neuwerk” buzqıran gəmisi Baltik dənizində çətinliklərlə üzləşib, buz müqavimətinə tab gətirmədiyindən sıradan çıxaraq limana qayıtmağa məcbur olub.

Ekspert bildirib ki, Avropa İttifaqının həm hərbi, həm də mülki potensialına daxil olan və Arktikada istifadə edilən buzqıran donanmasının texnoloji imkanları regionun ağır iqlim şəraitində təhlükəsiz naviqasiya üçün yetərli deyil. Onun fikrincə, dizel mühərrikli buzqıranlar ciddi məhdudiyyətlərə malikdir və aşağı temperatur şəraitində buzun qalınlaşması onların funksionallığını zəiflədir, nəticədə hərəkət imkanları məhdudlaşır.

Stepanov hesab edir ki, bu faktlar Avropa buzqıran gəmi sənayesinin Rusiya donanması ilə müqayisədə texnoloji baxımdan geri qaldığını göstərir. O, Avropanın Arktika naviqasiyasına yanaşmasını yenidən nəzərdən keçirməli olduğunu vurğulayıb.

Ekspertin qənaətincə, əsas çıxış yolu kompakt nüvə reaktorları ilə təchiz olunmuş atom buzqıran gəmilərinin yaradılmasıdır. Qeyd olunur ki, hazırda bu texnologiyaya malik yeganə ölkə Rusiyadır. Stepanov əlavə edib ki, əvvəllər Rusiya belə hallarda tərəfdaşlara yardım göstərə bilirdi, lakin sanksiyalar nəticəsində əməkdaşlığın dayanması Avropa İttifaqı üçün əlavə çətinliklər yaradıb.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər