Qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb
Tarix: 06-12-2021 08:53 | Bölmə: Xəbərlər
Qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb

Ağdaş rayonu Pirəzə kənd qəbiristanlığından məzarların ətrafında olan dəmir məhəccərlərin, eləcə də generator və təmir-tikinti alətlərinin oğurlanması barədə Ağdaş Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildiriblər ki, hadisə ilə bağlı polisə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayonunun Qarasuçu kənd sakinləri Kənan Həsənov və Abil Bayramov qısa müddət ərazində müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin həmkəndliləri Elşad Quliyevlə əvvəlcədən əlbir olub, Ağdaş rayonunun Kotavan və Xınaqlı kəndlərinin örüş sahələrindən iki baş iribuynuzlu heyvanı da oğurladıqları məlum olub. Keçirilmiş tədbirlərlə E. Quliyev də tutularaq istintaqa təhvil verilib.

Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri Şəmkir, iribuynuzlu heyvanları isə K. Həsənovun icarə əsasında idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Bərdə və Gəncə şəhərlərindəki mal heyvan bazarlarına aparıb, orada dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Oğurluq etmələrinə səbəb kimi isə həmin “Ford” markalı avtomobili əvvəlcədən təmir edən ustaya borclu olmalarını əsas gətiriblər.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}