Dar günün dostu - Akif Abbasov yazır
Tarix: 25-01-2024 21:27 | Bölmə: Akif ABBASOV
Dar günün dostu

Akif ABBASOV

(Bir pərdəli pyes)

İştirak edirlər:

TOĞRUL - jurnalist, 26 yaşında

SEVİNC - onun arvadı, 24 yaşında

VAHİD - qazma ustası, 25 yaşında

LEYLA - onun arvadı, həkim, 24 yaşında

GÜNDÜZ - stomatoloq, 27 yaşında

HƏLİMƏ - onun xalası, 45 yaşında

SƏLİMƏ - mühəndis, 40 yaşında

NƏRGİZ - onun baldızı, 30 yaşında

KATİBƏ - 20-21 yaşında

Baş geoloq Ələsgərovun kabineti. Ələsgərov və Toğrul əyləşiblər. Toğrulun qarşısında bloknot və qələm var. Ələsgərov zəngin düyməsini basır, katibə içəri girir.

ƏLƏSGƏR. Qızım, plan şöbəsinə gedib qazma briqadalarının göstəricilərini gətir.

Katibə sındıra-sındıra otağı tərk edir. Toğrulun nəzərləri ilə qızı ötürdüyünü görən Ələsgərov gülümsəyir. Bunu görən:


TOĞRUL. Bağışlayın, birdən elə bilərsiniz qıza müştəri gözü ilə baxıram. Əsla. Sadəcə, haradansa ağlıma gəldi: deyəsən, bu katibəlik elə ancaq qəşəng, nazlı-qəmzəli qızların boynuna biçilib. Nə isə...

ƏLƏSGƏR. Bilirsiniz, şəxsən mən burada bir qəbahət görmürəm. Ona öz doğma qızım kimi yanaşıram. Bu bizdə belədir ki, iş tapa bilməyənləri az maaşla katibə götürürlər. Xaricdə isə katibə-stenoqrafçılar hazırlayan məktəblər və kurslar var. Onlar xüsusi hazırlıq keçirlər. Bu qızlara rəisin, müdirin yanında olan müşavirələrin, iclasların stenoqramını yazmağı, zənglərə cavab verməyi, gəlib-gedənlərlə xoş davranmağı, ünsiyyət mədəniyyətini öyrədirlər. Əlbəttə, katibə üçün zahiri görkəm də vacibdir. Bu, qəbula gələnlərdə xoş ovqat yaradır.

Katibə qovluqla içəri daxil olur.

Nə isə...

TOĞRUL. Üzr istəyirəm. Sualım yersiz görünməsin. Qabaqcıl qazma ustalarından birinin adını çəkmək üçün hökmən qovluq lazım idi?

ƏLƏSGƏR (bir anlığa duruxur). Doğru deyirlər ki, müxbirlərlə danışanda gərək ehtiyatı əldən verməyəsən. Məni yaman yerdə yaxaladınız. Lakin məsələ siz düşünən kimi deyil. Açığı, güman etmədim ki, birdən fikirləşə bilərsiniz ki, göstəricilərdən xəbərsizəm. Təkrar edirəm, yox, belə deyil. Göstəricilər stolumun üstündə də var. Sadəcə, iki briqadanın adı çəkilməlidir. Bir daha ölçüb-biçmək istəyirəm ki, görüm, hansının üzərində dayanım. Əvvəlki ayları, hətta illəri də nəzərə almaq fikrindəyəm.

TOĞRUL. Bu, başqa məsələ.

ƏLƏSGƏR (bir daha göstəricilərə baxaraq). Bəkir Məmmədovun qazmaçılar briqadasının üzərində dayanıram. Briqada hazırda üç min metrlik istismar quyusunu qazır. Layihə dərinliyinə çatmağa az qalıb.

TOĞRUL. Mən isə fikrimdə Vahidi tutmuşdum. Mən biləni, qazma ustaları arasında onun tayı-bərabəri yoxdur. Görünür, onun haqqında çox yazıldığından o birilərini də ruhlandırmaq istəyirsiniz.

ƏLƏSGƏROV (qaşlarını çataraq). Yəqin Vahidin briqadasında çoxdandır olmursunuz. İndi məsələ bir qədər özgə cürdür. Vahid planı kəsirlə ödədir. Keçən səfər qəzaya yol verib. Bilmirəm, ona nə olub?! Tamam dəyişib, məsuliyyət hissi azalıb. İşçilərlə yola getmir. Bu da ümumi işə mane olur.

TOĞRUL (çaşqın). Bax, bunu bilmirdim. Bir ildir Vahiddən xəbərim yoxdur.

ƏLƏSGƏROV. Hər şey də bu bir ilin ərzində baş verib.

TOĞRUL. (bloknotunu örtə-örtə). Oldu. Bəkir Məmmədovun buruğuna necə getmək olar? (ayağa qalxır).

ƏLƏSGƏROV (ayağa qalxaraq). Kontorun maşını ilə direktor sahələrə çıxıb. Mənim maşınım isə təmirdədir. Qoy görüm... (zəng edir). Murtuza deyin kontora gəlsin (dəstəyi yerinə qoyur). O vaxta bir məxməri çay da içərik (yazı masasının gözündən karamel və şokolad dolu qənddanı çıxarır).

TOĞRUL. Bu istidə çayın yerini heç nə verməz.

Katibə podnosda iki stəkan çay gətirir və çıxır.

ƏLƏSGƏROV (çay içə-içə). Yaxşı sonrakı planınız nədir? Biz görüşməliyik. Siz qonaqsınız. Xalqımızın gözəl adəti var. Axşam üstü kontora gəlin. Kür çayının üstündəki restoranda dincələk.

TOĞRUL. Əziyyət çəkməyin. Sağlıq olsun. Bir vaxt oturarıq. Bəkir Məmmədovun briqadasına dəyib sonra Vahidi tapacağam. Çox güman ki, onunla birgə olacağam. Sizin qonağınız, onsuz da çox olur.

ƏLƏSGƏROV. Necə məsləhətdir.

Maşın səsi eşidilir.

Deyəsən, maşın gəldi (pəncərədən baxaraq). Elədir ki, var.

TOĞRUL (ayağa qalxaraq). Hələlik, yoldaş Ələsgərov...

ƏLƏSGƏROV. Görüşənədək.

Uzaqlaşan maşının səsi eşidilir.

***

Səhnə dəyişir. Qazılmaqda olan neft quyusu. Fəhlələr məşğuldurlar. Toğrul dayanıb baxır. Vahid neftçi paltarında, başında dəbilqə görünür. Birdən gözləri Toğrula sataşır.

VAHİD. Toğrul, əzizim! (özünü ona sarı atır).

TOĞRUL. Vahid, əziz dost!

Qucaqlaşırlar.

(şən). Özüm qəsdən xəbərdar eləmədim. Qəfil gəlişimlə səni heyrətə salmaq istədim.

VAHİD. Nə yaxşı ki, gəldin, Toğrul. Sevincimi ifadə etməyə söz tapmıram. Gör nə vaxtdır görüşmürük. Yaman da dostuq. Bir barmaq kağıza da heyfimiz gəlir...

TOĞRUL. Telefona gəldikdə isə... On beş qəpiklə bir dəqiqənin içərisində dünyanın o başıyla danışmaq olur...

VAHİD. Sevinc bacı necədir?

TOĞRUL. Yaxşıdır, yaxşı. Salamı var. Bəs Leyla bacı? O necədir?

Maşın səsi eşidilir.


VAHİD (çağırır). Tofiq, sürücüyə de ki, hematiti quru yerə boşaltsın. Yoxsa ağına, bozuna baxmır. Hara gəldi tökür... Toğrul, yəqin ki, isti səni əldən salıb. Gəl mədəni budkaya keçək. Soyuducuda mer-meyvə var. Səpsərin, özü də təptəzə. Yeyək, ürəyimiz sərinləsin...

TOĞRUL. Nə deyirəm ki...

Səhnə dəyişir. Mədəni budka.

TOĞRUL. Paho, bura heç mədəni budkaya oxşamır ki... Elə bil bir otaqlı mənzildir. Soyuducu, elektron televizor, radio... Divan, stol, stul da öz qaydasında.

VAHİD. Televizoru ötən il yarışda qalib çıxdığımız üçün veriblər. Qalanlarını da özüm almışam... Əyləş, əzizim (yer göstərir).

Vahid stolun üstünə mer-meyvə qoyur.

TOĞRUL. Çöldə isti olsa da, içəridə - mədəni budkada sərindir. Deyirəm axı, kondisioneriniz də varmış.

VAHİD. Meyvə götür. Soyuducudan çıxartmışam, ləzzət edəcək.

TOĞRUL (əlini meyvəyə uzadır). Yaxşı, yadıma düşdü. Qazmaçılar briqadası haqqında reportaj hazırlamalıyam. Ezamiyyətə göndəriləndə fikrimdə səni tutmuşdum. Müdiriyyətin də səni məsləhət görəcəyini zənn edirdim. Amma qazma idarəsində olanda zənnimdə yanıldığımı başa düşdüm. Başqa briqadanı məsləhət bildilər. Bəkir Məmmədovun briqadasını. Səndən söz salanda baş geoloq qaşqabağını turşutdu. Bu nə işdir?! Əvvəllər il on iki ay sənin haqqında qəzetə-jurnala yazardılar, şəklin şərəf lövhəsindən düşməzdi...

VAHİD (pərt). Olur da... (zarafata salmaq istəyərək). Adam həmişə uğur qazanmaz ki... Səndən də qoçağı meydana çıxır. Deyir, daha bəsdir, indi də növbə mənimdir.

TOĞRUL. Yox, məsələ sən deyən qədər də sadə deyil. Adam birdən-birə belə aşağı enməz. Müvəffəqiyyətdən başın gicəllənib, nədir? (susur, sonra birdən). Bayaq sualıma cavab vermədin. Leyla bacı necədir?

VAHİD (əhvalı pozğun). Açığı, necəliyini mən də bilmirəm. Burada yoxdur. Bakıda, ata-anasının yanındadır.

TOĞRUL. İşin-gücün bu vaxtında xeyir ola?! Salamatçılıqdır?

VAHİD. Ata-anası top kimidir...

TOĞRUL (birdən). Bura bax, ikibaşlı danışırsan. Sualdan qaçmağa çalışırsan. Yoxsa, Leyla ilə aranız dəyib?

VAHİD. Meyvə götür.

TOĞRUL. Yaxşı sərindir... Hə, Vahid, eşidirəm, aranızda nə olub?

VAHİD (qüssəli). Deyiləsi deyil. Leyla evdən gedib.

TOĞRUL. Nə danışırsan?

VAHİD. Uzun əhvalatdır. Yaxşısı budur qalsın.

TOĞRUL. Sən də, Leyla da tələbəlik illərimin yadigarısınız. Bir-birimizi o vaxtdan tanıyırıq. Leyla ilə mənim Sevincim rəfiqə olub, bacı olub. Biz isə səninlə dost, qardaş. Tale iki rəfiqəni biz iki dosta qovuşdurub. Sən mənə qardaş, Sevincə bacı demisən. Eləcə də mən... Bu tezliklə yaxandan əl götürən deyiləm... Ya hər şeyi mənə danışacaqsan, ya da... Bilirəm ki, bais sənsən, sənin qısqanclığın, tələsik hökm çıxarmağındır...

VAHİD. Yox, Toğrul, yanılırsan...

TOĞRUL. Vahid, ailə kiçik dövlətdir, öz qanunları, fərmanları, hökmü var. Ailə işinə qarışmaq, bilirəm ki, yaxşı hal deyil. Amma gərək ürəyinin heç bir sirrini məndən gizlətməyəsən. Həm təskinlik taparsan, həm də mənim köməyim dəyər.

VAHİD (sonsuz kədərlə). Eh Toğrul, demə, insanın gümanı, onun inamı hansı nöqtədəsə qırılmış. Onunla həyatın fərəhli yollarında qoşa addımlayacağımı zənn edirdim. Demə, hamısı əfsanə imiş. Bu necə vaxtda biz onunla gizlənpaç oynayırıqmış. Ürəyimdən elə bil bir daş asılıb. Hə çalışıram, qoparıb ata bilmirəm. Mənim düşkünlüyümə, işin qulpundan belə ürəksiz yapışmağıma, qazmaçıları acılamağımın səbəbkarı odur. Bu budkanı görürsən? Artıq mənim evim də, iş yerim də buradır. Üç aydır qaş-qabağım bu gün səni görəndə açılıb...

Vahid ayağa qalxıb radioqəbuledicini qoşur. Cansıxıcı sükutu qəlboxşayıcı musiqi təranələri pozur. Zaur Rzayevin səsi:

Qönçə idim, gül oldum, Leylam,
Boy atıb, sünbül oldum, Leylam.
Bir dilbilməz quş idim, Leylam,
Oxuyub, bülbül oldum, Leylam.

Vahid mahnını yarımçıq kəsib əsəbi halda pəncərənin qabağına keçir.

TOĞRUL. Nə oldu?! Musiqini niyə kəsdin?

VAHİD. Ötən günlərimi yadıma saldın. Başa düşürsən, qayıtmaq istəmirəm o günlərə! Bir vaxtlar bu mahnını eşitmək üçün ürəyim əsirdi. Onu lentə köçürmüşdüm, evə gələn kimi maqnitofonu işə salar, Leylanı bağrıma basaraq, səsimi Zaur Rzayevin səsinə qoşaraq oxuyardım.

Leylam, Leylam, mənim Leylam,
Ömrüm, günüm, canım, Leylam...


TOĞRUL. Əzizim, bir yaxşı-yaxşı düşün. Ağlını başına yığ, öz əlinlə evini dağıtma! Axı niyə ayrılmısınız?

VAHİD. Özün de, məgər özgə kişinin əli deyən bədənin hərarəti məni isidə bilər?

TOĞRUL (əsəbi, səsini qaldıraraq). Sən doğrudan dəli olmusan! Nə haqla belə danışırsan? Aydan arı, sudan duru Leylaya qara yaxırsan... Hm... Mən elə beləcə də fikirləşirdim. Qısqanclığının axırda başına əngəl açacağını duymuşdum.

VAHİD. Yox, Toğrul, bu, qısqanclıq deyil... Söhbət inkaredilməz faktdan gedir...

TOĞRUL. İnanmıram. Ona yaxından bələd olduğum üçün inanmıram. İnsanın məhvinə fərman verən çox zaman elə yalançı faktlar olur.

Vahid köynəyinin döş cibindən siqaret çıxarıb yandırır. Bir-iki qullab vurub tüstünü acgözlüklə sinəsinə çəkir.

VAHİD. Onu necə sevdiyimi sən yaxşı bilirsən. Onun gözlərində nə isə sirli bir dünya kəşf etmişdim. O dünyanın tufanı vardı, yağışı vardı, qəmi, kədəri, sevinci vardı. O, qüssəli olanda tezcə həyətə baxardım. Mənə elə gəlirdi ki, əgər Leylanın gözləri yaşarsa, çöldə bərk yağış yağacaq. Ürəyi kədərlə dolsa, yay qışa çevriləcək, isti şaxtaya... Əgər dodağına bir balaca gülüş qonsa, çöldə qar əriyəcək, bahar gələcək, ağaclar çiçək açacaq... Yaşımda ilk dəfə idi ki, gözəlliklə sadəliyin əkiz yarandığını görürdüm...

TOĞRUL. Bəs nə oldu? Sənin inamın harada dolaşdı, hansı sərt qayaya dəyib çilikləndi?

VAHİD (ağır-ağır, kədərli). Son vaxtlar görürəm kefi yoxdur. Zarafat edir, qəlbini ələ almağa, ürəyinə dolmuş kədərin səbəbini öyrənməyə çalışıram. Görürəm yox, bulud kimi dolub, boşalmaq bilmir. Fikirləşirəm ki, yəqin işdən gec gəldiyim, günlərlə buruqda ləngiyib qaldığım üçün narazıdır. Nə qədər olsa qadındır. Evdə tək-tənha qalır, sevinməyə, gülməyə, əylənməyə ehtiyacı var. Həmdəmi televizor, radio, romanlardır. Bunlar da bir gün adamı təngə gətirir. Ata-anası yadına düşür. Deyirəm, ürəyini sıxma, yaxınlarda məzuniyyətə çıxacağam. Gedərik beş-on gün sizdə, beş-on gün bizdə qalarıq. Ananı-qaynananı, atanı-qayınatanı, rəfiqələrini, Sevinci görərsən... Dodaqlarında qüssəli bir gülümsəyiş yanır, tezcə də sönür.

TOĞRUL. Hə, sonra?

VAHİD (əsəbi). Yenə ağlıma başqa fikir gəlməzdi. Məni rastlaşdığım adamlar şübhəyə saldılar. Hiss olunur söhbət edirlər, elə ki, yaxınlaşıram, səslərini kəsirdilər. Yaxud gözaltı fikir verib görürəm ki, boynuyoğun, yanaqlarından qan daman öküzün birisi məni göstərərək şübhəli-şübhəli yoldaşına nə isə pıçıldayır.

TOĞRUL. Nə olsun ki... Bəlkə elə işinlə əlaqədar söhbət edirlər.

VAHİD. Yox, Toğrul, baxışlar, gözlər ürəyin tərcümanıdır. Arif adam hər baxışın mənasını duyur... Nə isə, qanım qaraldı. Başım iş-gücə qarışıb, məni əhatə edən aləmdən bixəbərəm. Demə, xəyanət... Demə, zina...

TOĞRUL (siqaret yandırır). Həmin xəyanətdən necə xəbər tutdun? Kim dedi? Nə şəkildə dedi?

VAHİD. Başqası desəydi, bəlkə də inanmazdım. Əhvalı pozğun evə gəlirəm. Leyla əli qoynunda dalğın baxışlarını hansı məchul nöqtəyəsə zilləyib. Qapını açıb içəri girdiyimi belə hiss etmir. Acığımdan maqnitofonu qoşuram. O, musiqinin səsindən diksinir: “Gəldin?”- deyə xəbər alır. Elə bil gəlməli deyiləmmiş... Nə vaxt onun yaxasından yapışdığımı özüm də bilmədim. Tir-tir əsən barmaqlarım Leylanın boyunbağısını qırıb döşəməyə səpdi. Həmin boyunbağını bir həftə əvvəl ad günündə ona bağışlamışdım. Ərinə xəyanət edən qadını təpiyimin altına salmaq, dişimin dibindən çıxanı ona demək istəyirdim. Leyla gözlərini qırpıb mənim zərbələrimi gözləyirdi. Amma nə qolum qalxırdı, nə də dilimin kilidi qırılırdı. Elə bil, ağlımı itirmişdim. Əllərim Leylanın yaxasından asılaraq, key-key onun gözlərinə baxırdım. O, gözlərini yummuşdu. Heç bir şey oxuya bilmirdim. Onun yaxasını buraxıb, özümü divana atdım. Əllərimlə başımı qamarladım. Leyla irəli sıçrayıb məni qucaqladı.

LEYLANIN XƏYALİ SƏSİ (hıçqıra-hıçqıra). Qurbanın olum, Vahid, inanma. Şayiədir. Hövsələni bas, hər şeyi danışım.

VAHİD. Onu kənara itələyib əlimlə qapını göstərdim. “Rədd ol!”. O, bir müddət yerində qurudu. Qolum havadan asılı qalmışdı, əlim qapıya tuşlanmışdı. Leyla nə özünə haqq qazandırmaq üçün, nə də onu bağışlayım deyə yalvarmadı. Şeylərini yığışdırıb, Bakıya - ata-anasının yanına yola düşdü.

LEYLANIN XƏYALİ SƏSİ. “Vahid, nə özümə haqq qazandırmaq üçün, nə də məni bağışlayasan deyə sənə yalvarmıram. Bilirəm ki, bunun, heç bir xeyri yoxdur. Haqqımda şayiə yayılıb. Şeylərimi yığışdırmışam, Bakıya - evimizə gedirəm”.

VAHİD. Lənətə gələsiniz!. Hamınız bir bezin qırağısınız! İblislər! Yarasalar!

TOĞRUL. Vəssalam? Axı, açıq-aydın: “Haqqımda şayiə yayılıb” deyib. Sən isə ətraflı öyrənmədən, soruşub, bilmədən, tez nəticə çıxarırsan.

VAHİD.
Toğrul, əzizim, nahaq yerə hay-küy qopmaz. Ağac yanmasa, külü çıxmaz. Sonradan bir iki nəfərlə də söhbətim olub. Onlarda şübhələrimi təsdiq etdilər. Əvvəlcə, poliklinikada işləyən o əclafı yumruğuma dolamaq istədim. Sonra fikrimdən daşındım. Dedim onda nə günah? Qadının öz istəyi olmasa, kişi ona yaxın düşməyə cürət eləməz...

Toğrul divardan asılmış güzgünün qarşısına keçib, saçlarına tumar çəkdi. Leyla xəyanət edə bilməzdi. Düşündürdü ki, nə etsin, nə desin ki, Vahid səhv etdiyini başa düşsün.

TOĞRUL. Mən öz Sevincimə inandığım kimi Leylaya inanıram. Əgər o, sənə xəyanət edibsə, demək mən də xəyanətlə bir yastığa baş qoyuram. Qardaş, görünür, Leyla nəyin, kimin görə isə özünü qurban verib... Yaxın zamanlarda sən də buna əmin olacaqsan. Yaxşı, onları kimi görüb? Harada görüb?

VAHİD. Qoy bir nəfəsimi dərim...

SƏHNƏ DƏYİŞİR.

Yaxınlaşan maşının səsi gəlir. O, dayanır. Sürücünün səsi eşidilir.

SƏS. Bu da tikinti idarəsi... Sizi gözləyim?

TOĞRUL (çöldən). Ehtiyac yoxdur. Sağ olun.

Toğrul görünür. O, dəhlizdə dayanıb siqaret çəkən kişiyə yaxınlaşır.

TOĞRUL. Bağışlayın, Səlimə xanımı necə görə bilərəm?

KİŞİ. Soltanovanı? Doqquzuncu otaqda əyləşir.

TOĞRUL. Sağ olun!

Qapının sağ tərəfində yazı: “Mühəndis S.A. Soltanova”.

İçəridən bir nəfər çıxır, Toğrul daxil olur.


TOĞRUL. Üzr istəyirəm. Səlimə xanım sizsiniz?

SƏLİMƏ. Bəli, sizi eşidirəm.

TOĞRUL (nəzakətlə). Sizinlə vacib söhbətim var. Əvvəlcə gəlin tanış olaq: Toğrul Həmidli Bakıda redaksiyada işləyirəm.

SƏLİMƏ (gülümsəyərək). Çox gözəl... Görünür, bizim idarə haqqımda yazı vermək fikrindəsiniz. Rəisimiz ərimlə dostdur. Yəqin o məsləhət bilib. Neynək? Sizi nə maraqlandırır.

TOĞRUL. Xeyr, xanım. Məni maraqlandıran tamam özgə məsələdir. Sizinlə qeyri- rəsmi, yəni vəzifə borcuma yox, insanlıq, dostluq borcuma dəxli olan bir məsələ ilə bağlı söhbət etmək istəyirəm.

SƏLİMƏ. Nə, eybi... Buyurun, sizi eşidirəm.

TOĞRUL. Leylanı tanıyırsınız? Vahidin yoldaşını deyirəm.

SƏLİMƏ (tutulur, az sonra). Leylanı?.. Əlbəttə, tanıyıram.

TOĞRUL. Vahid mənim ən yaxın və ən yaxşı dostumdur. Biz qardaşdan da artığıq.

SƏLİMƏ (rola girir). Allah başacan eləsin... Zavallı qadın... Qonçə ikən soldu... hisslərinin əsiri olub yaramazın birisinə uydu... Axır da ki...

TOĞRUL. Leyla ilə Gündüz barəsində sizə nə məlumdur? Rica edirəm bildiklərinizi gizlətməyin. Fərz edin ki, söhbət öz qızınızdan, ya da mənim bacımdan gedir. Onun taleyi məni hədsiz maraqlandırır. Mən bir jurnalist kimi yox, öz bacısının, yaxın dostunun halına acıyan, kədərinə şərik olmaq istəyən bir insan kimi sizdən xəbər alıram.

Səlimə xanım dərhal cavab vermir. Yaylığını çıxarıb alnının tərini silib, sonra onu dörd büküb redikülünə qoyur.

SƏLİMƏ (aram-aram). Vahidlə Leyla qonşuluğumuzda yaşayırdı. Bizim uşaqlar azarlayanda Leylanı çağırırdım. O da dərhal gəlir, yardım göstərirdi. Çox mərifətli, başıaşağı gəlin idi. Ərim ağzıdolusu deyərdi: “Bəxtəvər Vahidin başına. Bəxtinə belə ağıllı-kamallı, həyalı, ay parçası kimi yaraşıqlı qadın düşüb”:

Səlimə xanım ayağa qalxıb soyuducunu açır, bir şüşə “Badamlı” çıxardır. Stəkana süzür, Toğrula təklif edir, o, nəzakətlə boyun qaçırır.

SƏLİMƏ (bir-iki qurtum su içir). Harada qaldım? Hə, yadıma düşdü. Bir gün Leyla çağırışsız-filansız qapımızı döydü. Evdə tək idim. Ağlaya-ağlaya başına gələn qəziyyəni danışdı...

TOĞRUL. Nə isə inanmağım gəlmir...

SƏLİMƏ. Öz işinizdir. Mən olanı dedim.

Səlimə xanım “badamlı”nı yerinə qoyur və dönür.

Leyla məndən məsləhət istədi. Dedim düş Vahidin ayaqlarına, yalvar-yaxar. O səni sevir, tutduğun günaha görə səni bağışlayar... Allah Nərgizə də kömək olsun. Ağzını boş qoyub, o saat məsələni yayıb...


TOĞRUL. Nərgiz kimdir?

SƏLİMƏ. Baldızımdır.

TOĞRUL. Axı, bayaq dediniz ki, Leyla gələndə otaqda tək idiniz?

SƏLİMƏ. Elədir. Bilirsiniz biz...

Park. Bir küncdə telefon budkası. Ağacın altında oturacaq. Toğrul telefon budkasına girərək, nömrəni yığır. Gözləyir, əvvəlcə cavab verən olmur, sonra Nərgizin yuxulu səsi gəlir.

NƏRGİZ. Bəli, eşidirəm.

TOĞRUL. Nərgiz xanımdır?... Sizi jurnalist Həmidli narahat edir.

NƏRGİZ. Nə lazımdır? Mən sizi tanımıram.

TOĞRUL (mülayim). Tanımadığınızı bilirəm. Sizə sözüm var. Necə görüşə bilərik?

NƏRGİZ. Yəni elə vacibdir?

TOĞRUL. Bəli. Çox xahiş edirəm.

NƏRGİZ. Siz haradasınız?

TOĞRUL. Şəhər parkında.

NƏRGİZ. Orada gözləyin, az sonra gəlirəm.

TOĞRUL (yaşıl ağacı gözdən keçirərək). Bu kölgədə qatlama çarpayı qoyub nə yatardım! (gülür) Amma “Kirpi” jurnalına nə material olardı?! Karikaturamı çəkib altında da yazardılar: “Jurnalist Həmidli kölgəlikdə dincələrkən” Başqa cür də yazmaq olar: “Jurnalist ezamiyyə zamanı”.

Nərgiz görünür, Toğrul ona sarı gedir.

Salam. Səhv etmirəmsə, Nərgiz xanım sizsiniz?!

NƏRGİZ. Bəli. Buyurun, sizi dinləyirəm.

TOĞRUL. Xahiş edirəm, kömək əlinizi məndən əsirgəməyəsiniz. Leyla əhvalatı ilə əlaqədar nə bilirsiniz? Çəkinməyin. Mən qəzetə material hazırlamıram. O mənim bacımdır.

NƏRGİZ. Hə, demək, yumruğunuzu işə salmaq istəyirsiniz?! (gülür)

TOĞRUL. Yox, yox. Sadəcə, həqiqəti bilmək istəyirəm. Bu barədə Səlimə xanımla da söhbətimiz oldu.

NƏRGİZ (qaşlarını çataraq). Qardaşım arvadının danışdığına heç bir şey əlavə edə bilməyəcəyəm. Alverçi qadıngilə plaş almağa getmişdim. Leyla ilə Gündüzü orada gördüm. Leyla Gündüzü xəyanətdə ittiham edirdi...

TOĞRUL. Siz nə dediyinizi anlayırsınız? İnsan danışanda sözlərinə hədd qoyar, məsuliyyətini başa düşər. Dediyinizə inanmağım gəlmir. Bu, ola bilməz.

NƏRGİZ. Mən olanı dedim. İndi isə məni bağışlayın, getməliyəm (gedir).

Toğrul bir müddət onun ardınca baxır. Telefon budkasına sarı gedir, içəri girir.

TOĞRUL (zəng çalır). Alo, salam. Usta oradadır? Lap yaxşı. Zəhmət olmasa, onu telefona çağırın.

TELEFONDA SƏS: Usta, sizi telefona çağırırlar.

TOĞRUL. Vahid, sənsən? Salam. Nə var, nə yox?

VAHİDİN SƏSİ. Necəsən? Necə dincəldin?

TOĞRUL. Şükür. Yaxşıyam, narahat olma. İşlərim qaydasındadır. Bəkir usta ilə, qazmaçılarla görüşdüm. Lazım olan faktları götürdüm.

VAHİDİN SƏSİ. Bir əməlli-başlı oturmadıq, gəzib dolanmadıq. Əbəs yerə qanın da qaraldı.

TOĞRUL. Eybi yox, inşallah görüşərik. Özündən bədgüman olma, Vahid. Yaxınlarda yolumu yenə buradan salacağam. Özü də tək yox, Sevinclə, Leyla ilə gələcəyəm. Dördlükdə oturub şirin-şirin söhbət edəcəyik. Qəlbindəki qara fikirləri çıxart, at... Dedim, səninlə xudahafizləşim. Bu gün Bakıya yola düşürəm.

VAHİDİN SƏSİ. Sevinc bacıya salamımı yetir...

TOĞRUL. Oldu, deyərəm. Salam göndərən sağ olsun.

***

Leylanın atası evi. Leyla stolun arxasında əyləşib, kitab oxuyur. Qanının zəngi çalınır. Leyla qapıya sarı gedir. Toğrulla qayıdır.

TOĞRUL. Salam, Leyla! Hə var, nə yox?! (görüşürlər).

LEYLA. Salam, Toğrul. Xoş gəlmisən! Sevinc necədir? Balaca Günəş nə edir?

TOĞRUL. Duaçıdırlar. Körpə də yavaş-yavaş böyüyür... Leyla, rayona getmişdim. Vahidlə görüşdüm.

LEYLA (qüssəli). Yəqin hər şeyi sənə danışıb. Səni buraya gətirən də elə həmin hissdir. Deyilənlərdə acı həqiqət var.

TOĞRUL. Leyla, sən ağıllı qızsan. Özünü niyə böhtan atırsan? Məni özünə qardaş bilirsənsə...

LEYLA (onun sözünü kəsərək). Gec-tez hər şey aydın olacaq, daha heç nə əlavə edə bilmərəm.

TOĞRUL. Bu xoşagəlməz hadisənin xoş sonluqla qurtaracağına əminəm! Bir onu bilirəm ki, burada sənin heç bir günahın olmayıb. Vahid hövsələsiz olmasaydı...

LEYLA. Vahidin yerinə başqası olsaydı, o da, əsəblərini cilovlaya bilməzdi.

TOĞRUL (ayağa qalxır). Mən gedim. Ürəyini sıxma. Hər şey yaxşı olacaq. Özü də tezliklə.

LEYLA. Allah köməyində dursun.

TOĞRUL. Xudahafiz.

LEYLA. Xudahafiz.

***

Toğrulun evi. Toğrul stolun arxasında əyləşib nəsə yazır. Körpə yatır. Sevinc görünmür.

TOĞRULUN DAXİLİ SƏSİ. Günün qulağı batanda öz otağıma çəkilib qazma briqadası haqqında reportaj hazırlayırdım. Sevinc körpəni yatırıb mağazaya getmişdi. Fikrimi heç cür toplaya bilmirdim. Nə Leyla, nə də Vahid xəyalımdan getmirdi. Daxili aləmimin dərinliyinə elə enmişdim ki, Sevincin nə vaxt qapını açıb içəri girdiyindən xəbər tutmadım.

Sevinc etdiyi bazarlığı mətbəxə aparıb geri dönür. Bir müddət lal-dinməz dayanıb Toğrula Toğrula baxır. Toğrul bunu hiss etmir. Sevinc ona yaxınlaşıb əlini Toğrulun çiyninə qoyur.

TOĞRUL (səksənir). Sevinc, əzizim, gəldin?

SEVİNC. Gəldim, əzizim, gəldim.

Qapının zəngi çalınır.

TOĞRUL. Sevinc, bir bax, gör kimdir.

SEVİNC. Oldu, həyatım. Gedim, görüm kimdir.

Toğrul gözləyir. Sevinc qayıdır.

SEVİNC. Bir qadınla bir gənc səni xəbər alır. Evə dəvət etdim. Dedilər ki, aşağıda gözləyirlər.

TOĞRUL. İçəri çağır, evə dəvət elə.

SEVİNC. Nə billah elədim gəlmədilər.

TOĞRUL. Yaxşı düşməz. Çağır, gəlsinlər.

Sevinc gedir. Az sonra Gündüz və Həlimə xanımla qayıdır. Toğrul ayağa qalxıb, tanımadığı bu adamlara “xoşgəldin edir” və yer göstərir. Qonaqlar əyləşirlər.

GÜNDÜZ. Salam, Toğrul müəllim. Mənim adım Gündüzdür...

TOĞRUL (onun qonaq olduğunu unudaraq, hiddətlə). O əclaf sənsən?

GÜNDÜZ. Rica edirəm, təhqirə keçməyəsiniz. Mən buraya gəlməyə də bilərdim.

TOĞRUL. Doğru buyurursan. Bunu səndən gözləmək olar. Aranı qarışdırmış, özün də qaçıb aradan çıxmısan.

GÜNDÜZ. Bu saat hər şeyi təfsilatı ilə sizə danışaram...

TOĞRUL. Axır ki, qeyrətə gəldin (nifrətlə). Di, tez ol, qıza nə üçün şər atdığını söylə.

GÜNDÜZ. Mən üç aydır ki, Moskvada idim. Dissertasiya işimlə əlaqədar getmişdim. Srağagün qayıtmışam.

TOĞRUL. Bu cəsarətlə, bu qeyrətlə hələ bir alim olmağa da hazırlaşırsan...

GÜNDÜZ. Siz həddinizi aşırsınız.

HƏLİMƏ
(söhbətə qarışır). Mən Gündüzün xalasıyam. Görürəm heç cür dil tapa bilmirsiniz, sizi qınamıram. Gənclər öz əsəblərini cilovlaya bilmirlər.

GÜNDÜZ. Leyla ilə mənim aramda heç nə olmayıb. Vəssalam. Bu sizi qane edir?

HƏLİMƏ. Yox, belə yaramaz, Gündüz. Əsil həqiqət meydana çıxmalıdır. Dayan, qoy mən danışım. O gün Leylanı evə mən çağırmışdım. Balaca qızımın birdən-birə hərarəti qalxmışdı.

GÜNDÜZ. Biz xalamgildə oturmuşduq. Mən onunla görüşmək istəmirdim. O isə məndən əl çəkmirdi. Zəng edir, yüz bəhanə ilə poliklinikaya yanıma gəlirdi. Görüş təklif edir, məni hədələyirdi.

TOĞRUL (heyrət içərisində). Kim? Leyla?

GÜNDÜZ. Söhbət başqa qadından gedir. Onunla bir neçə kərə görüşmüşdük. O isə get-gedə həddini aşırdı. Nəhayət, onunla xalamgilə gəldim. Məqsədim bu idi ki, xahiş edim, yalvarım ki, məni rahat buraxsın... Mən subayam. O qadın evlənməyimə maneçilik törədir. Bu qadın ailəli idi. Əri də vəzifə, nüfuz sahibi idi. Başıma min oyun açardı...

HƏLİMƏ. Onlar o biri otaqda əyləşib söhbət edirdilər. Süfrə açmışdım. Qadın özü ilə gətirdiyi konyakı və şokolad qutusunu çıxarıb stolun üstünə qoymuşdu. Təkidlə Gündüzdən içməyi xahiş edirdi. Gündüz içkiyə məhəl qoymurdu. Qaş-qabağı oturmuşdu. Qadın isə təkbaşına artıq konyak şüşəsinin yarısını boşaltmışdı. Durub ara qapını örtmək istəyirdi. Gündüz binəva da qapını örtməyə mane olurdu. Bu vaxt qapının zəngi çalındı. Leyla əlində tibbi çanta içəriyə girdi. O biri otağa keçib uşağı müayinə etməyə başladı.

TOĞRUL. Sonra? Bəs sonra?

HƏLİMƏ. Qapı zəngi yenidən səsləndi. Tanış qadın idi. Bizdə plaş vardı. Ona baxmağa gəlmişdi. Bir anlığa qapının ağzında donub qaldı. Fikir verib gördüm ki, gözü Gündüzlə həmin qadına zillənib. Demə, o, qadının baldızı imiş... O, dillənməyə macal tapmamış, Leyla qonşu otaqdan çıxıb...

TOĞRUL (onun sözünü kəsərək). Həmin qadın Səlimə xanım, baldızı isə Nərgiz idi?

GÜNDÜZ. Bəli.

Sükut. Səhnə dəyişilir.

***

Leyla və Toğrul



TOĞRUL. Leyla, dünən qaş qaralanda Gündüzlə xalası bizə gəlmişdilər. Hər şeyi yerli-yataqlı danışdılar. Axşam Vahidə zəng vurmuşdum.

LEYLA (təəccüblə). Vahidlə?

TOĞRUL, Vahidlə. Onun sevincinin həddi-hüdudu yox idi.

LEYLA. Əsl həqiqəti bilir?

TOĞRUL. Hə... O da məsələdən xəbərdardır... Deməli, cəfakeşlik etmisən.

LEYLA. Heç özüm də hiss etmədən...

TOĞRUL. Buna nə ad vermək olar? Başqasının taleyindən görə narahat olub özünə ləkə yaxmısan? Həmin qadın buna dəyərdimi? Məni bir şey təəccübləndirir: məgər sənin Vahidinin, özünün namusun rayonun o nüfuz sahibinin, onun qadınının namusundan qiymətsiz idi?

LEYLA. Sən haqlısan, Toğrul. Əslində elə yüngül əxlaqlı qadınlar cəmiyyətdən təcrid olunmalıdırlar. Onlar yalnız şər toxumu səpirlər.

TOĞRUL. Vahid bir yana dursun. Bəs sənin təmiz adın? Hər gün neçə xəstəyə şəfa verirsən. Axı nədən ötrü hərə öz layiq olduğu cəzasını çəkməsin? O qadın layiq olmadığı halda başını dik tutaraq gəzir, sən isə, günahın olmaya-olmaya iztirab odunda yanırsan. Ərinin, ata-ananın, rəfiqələrinin yanında üzün qara olur. Səlimə həm də yalançı və riyakardır. O gün onunla söhbət edəndə özünə qarşı şübhə oyatmamaq üçün hələ bir görəydin ünvanına nələr yağdırırdı.

LEYLA.
Çox pis səhnə idi, Toğrul. Nərgizin öz qardaşı arvadını cavan bir oğlanla bir stol arxasında, yemək-içmək əhatəsində, bir sözlə, kef məclisində görməsi bilirsən nə demək idi? Özümü tamam unutmuşdum. Qonşu otaqdan çıxanda əvvəlcə Nərgizin bərələ qalmış gözləri, sonra isə, Gündüzlə Səlimənin meyit rəngi almış sifətləri gözümə dəydi. Səlimənin ərini yaxşı tanıyıram. Rayonda, məsul bir vəzifədə işləyir. Özü də vəhşi kimi qəddar, zalım və dəvə kimi kinlidir. Əyyaşın biridir. Səlimədən çox Gündüzün taleyi məni düşündürürdü. Soltanov eşitsəydi, hər vasitə ilə onu aradan götürtdürəcəkdi. Elə Səlimə xanımı da belə bir təhlükə hədələyirdi.

TOĞRUL. Belə qadınlara “xanım” deməyə də adamın dili gəlmir.

LEYLA. Doğrudur.

TOĞRUL. Deməli, qəhrəman rolunu oynadın?

LEYLA. Bəli. Səlimənin də, Gündüzün də baxışları mənə dikilmişdi. Həmin baxışlarda bir yalvarış vardı. O baxışlar imdad diləyirdi. Məndən kömək umurdular. Necə kömək etməyi isə özüm fikirləşib tapmalı idim. Vaxt isə gözləmirdi. Təcili bir qərara gəlməli idim. Və mən... mübarizə meydanına atıldım.

LEYLANIN SƏSİ. “Sən yaramazsan, əclafsan, Gündüz! Məni aldadıb başdan çıxartdın, indi isə atırsan?”

LEYLA. Səlimənin gözlərində sevinc yaşları parladı. O, xilas olmuş, mən isə tələyə düşmüşdüm. Mən öz rolumu qiyamət oynamışdım: Nərgizə elə gəldi ki, qardaşı arvadının gözləri mənə acıdığından, halıma yandığından yaşarıb. Səlimə mənə sarı gələrək boynuma qucaqladı, qulağıma: “Çox sağ ol, ölənə kimi sənə borc¬luyam!”, - deyə pıçıldadı. Sonra isə mənə müraciətlə dedi.

SƏLİMƏNİN SƏSİ: “Mən əlimdən gələni etdim, Leyla. Barışmağa razılıq vermir...”

LEYLA. O, bu sözləri mənə desə də, əslində özünün oyunundan kənar olduğunu baldızına eşitdirirdi.

NƏRGİZİN SƏSİ: “Səlimə, nə olub?”

SƏLİMƏNİN SƏSİ: “Bir institutda oxuyublar. Bir-birilərini seviblər. Amma qovuşa bilməyiblər. Rayona gələndən sonra görüşməyə başlayıblar. Bu cavan oğlan ərindən boşanıb ona ərə getməsini Leylaya təklif edib, Leyla razılığını verəndə Gündüz fikrini dəyişib. Leyla məni çağırmışdı ki, onları barışdırım...”

NƏRGİZİN SƏSİ (hirsli): “Axı, belə işlərə niyə qoşulursan? Bilirsən ki, ərinin xasiyyəti pisdir. Qulağına çatsa, doğrayar səni.”

LEYLA. Səlimənin haqqımda verdiyi arayış məni dəhşətə gətirdi. Necə bir ağılsızlığa yol verdiyimi fikrimə gətirib özümdən getdim. Səlimə taksi tutub məni evə gətirdi. Vahid işdə idi. Səlimə əl-ayağıma düşdü. Sirri açıb-ağartmayım deyə olmazın dil tökdü. Tam əmin olduqdan sonra ayağa qalxdı. Gedərkən ona yalvardım ki, Nərgizə möhkəm-möhkəm tapşırsın ki, bu barədə heç kimə danışmasın. Axı, mən həmin səhnəni yalnız Nərgiz üçün oynamışdım. Səlimə xanım söz verdi. Amma Nərgiz sözbəzəyən olduğundan dilini dinc qoymadı...

TOĞRUL. Elə o Gündüz də qeyrətsizin, kölgəsindən qor¬xanın, ağciyərin biridir. Cavan bir gəlinin isməti ayaqlar altında tapdalanır, o isə qorxusundan səsini çıxartmır. Hətta ürəyində sevinir ki, nə yaxşı ki, adı Səlimə ilə deyil, Leyla ilə qoşa çıxıb. Yoxsa Soltanov onu topa qoyub atacaqmış. Deyir bu neçə ayı Moskvada imiş. Ona görə də əsil həqiqət indiyəcən gizli qalıb. Amma gözünün içinədək yalan danışır. Heç yerə getməyib. Həqiqəti deməyə də cəsarəti yalnız ona görə çatıb ki, Soltanovu həbs ediblər.

LEYLA. Həbs ediblər?

TOĞRUL. Hə. Rüşvət üstündə.

LEYLA. O, buna layiq adamdır. Soltanov vicdansızın biri idi. Haqqımda şayiə yayılandan sonra bir neçə dəfə mənə zəng vurmuşdu. Görüş təklif edirdi. Ona elə gəlirdi ki, mən doğurdan da əxlaqsızam. Bax, Toğrul, dəhşət budur! Cəfakeşlik etməyə nə var ki? İntəhası, başqaları artıq sənin barəndə özgə cür fikirləşir. Adamı yandıran budur!

TOĞRUL. Heç ürəyini sıxma. Uğrunda özünü fəda etdiyin Səlimə də tezliklə əri ilə birlikdə müttəhimlər kürsüsündə əyləşəcək.

LEYLA. Doğrudan? O niyə?...

TOĞRUL. Doğrudan. Gündüz bu yaxınlarda xəbər tutub. Dərhal da prokurorluğa məlumat verib. Demə, Səlimə Gündüzün nişanlısını dənizdə batırıbmış...

LEYLA. Necə? Necə?

TOĞRUL. Səlimə Gündüzdən ötrü dəli-divanə idi. Düzdür, Soltanovdan boşanıb ona ərə getmək yatar-yuxusuna da girməzdi. Onunla, sadəcə, görüşmək, gözünün qurdunu öldürmək istəyirdi. Gündüzün isə fikri-zikri nişanlısında idi...

LEYLA. İlahi... Gör dünyada nələr olur??? Yaxşı ki, sənin kimi dostlar çoxdur. Özü də xoşbəxtlikdən onların insana olan inamını asanlıqla qırmaq olmur. Sağ ol, Toğrul, çox sağ ol...

Telefon səslənir

TOĞRUL. Elədir, Leylanın evidir... Vahid, sənsən? Salam. Hə... hə... (Leylaya). Leyla, Vahiddir, səni çağırır...

Leyla fərəhindən qanad açır, Vahidin şəklini götürüb, baxır-baxır, sonra öpür.

SON

Müəllifin bütün yazıları - Akif ABBASOV



Bölməyə aid digər xəbərlər
29-08-2024, 18:52 Akif ABBASOV - Boranı tumu - Hekayə
7-04-2024, 11:26 Akif ABBASOV - Taksi - Hekayə
18-02-2024, 10:15 Akif ABBASOV - Acığa iş - Hekayə
15-02-2024, 08:42 Akif ABBASOV - Sükan - Hekayə
6-02-2024, 16:25 Akif ABBASOV - Kəlbətin - Hekayə

bütün xəbərlər