Professor: “Bakıdakı hərbi paraddan rusların xoşu gəlmir, amma...”
Tarix: 09-12-2020 14:51 | Bölmə: Siyasət
Professor: “Bakıdakı hərbi paraddan rusların xoşu gəlmir, amma...”

“Sabah Azadlıq meydanında keçiriləcək hərbi qələbə paradı müsbət hadisədir. Hesab edirəm ki, müharibədən sonra qalib tərəf bu qələbəni cəmiyyətlə hansısa formada qeyd etməlidir. Odur ki, sabahkı qələbə paradına təbii yanaşmaq lazımdır”.

Bu fikirəri Reyting.az-a professor Əli Abbasov sabah Azadlıq meydanında baş tutacaq hərbi parad və bu yolla verilən mesajları şərh edərkən deyib.

Onun fikrincə, hərbi paradın digər mühüm tərəfi burada Türkiyə əsgərlərinin iştirak etməsi ilə bağlıdır: “Bildiyiniz kimi, paradda türk əsgərləri də olacaq, onlar artıq Bakı küçələrində məşq ediblər. Əlbəttə, bu, insanların sevincinə səbəb olub. Üstəlik, bu hərbi paradda Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan da iştirak edəcək. Bu, müsbət hadisə olmaqla yanaşı insanlar üçün vacibdir. Bizdə adətən belə paradlar tez-tez olmurdu. Xalqın birləşmək, həmrəylik gedişatı var. Hesab edirəm ki, hərbi parad da insanların əhval-ruhiyyəsinə xoş təsir göstərəcək”.

Professor hesab edir ki, bu parad həm də mesajdır: “Fikrimcə, burada həm xalqımıza, həm də qarşı tərəfə mesajlar var. Bir var, siz deyirsiniz ki, 44 günlük müharibə zamanı bu qədər tank və texnika vurmusunuz, bir də var, bu texnikanı əyani şəkildə dünyaya göstərirsiniz. Əlbəttə, bu məqam da var.

İkinci mesaj isə xalqa, cəmiyyətədir. Xalq da gücünü görür və birlikdə, həmrəylikdə olmağın alternativi olmadığını hiss edir. Həm də qələbə çaldığını hiss edir”.

Ə. Abbasov qeyd edib ki, Bakıda hərbi paradın olmasından rusların xoşu gəlmir: “Mən, bu barədə rus mətbuatından oxumuşam. Buna da təbii yanaşmaq lazımdır. Çünki paradda ələ keçirilən və vurulan hərbi texnika sərgilənəcək. Bunun da mütləq əksəriyyəti Rusiya istehsalıdır. Onlar bundan razı qalmayacaq. Bunu da başa düşmək olar. Amma müharibədə qalib gələn tərəfin hərbi parad təşkil etmək haqqı var”.




Bölməyə aid digər xəbərlər