Sərdar Cəlaloğlu: “Qarabağdakı ermənilərin silahsızlaşdırılması məsələsini qaldırmalıyıq”
Tarix: 13-12-2020 12:32 | Bölmə: Siyasət
Sərdar Cəlaloğlu: “Qarabağdakı ermənilərin silahsızlaşdırılması məsələsini qaldırmalıyıq”

"Nə qədər ki, Dağlıq Qarabağda qanunsuz erməni silahlı qüvvələri var, silahlı insidentlər olacaq. Rusiya sülhməramlıları da bu insidentlərin qarşını ala bilməyəcək. Çünki noyabrın 10-da imzalanmış bəyanatda silahsızlaşdırma məsələsi nəzərdə tutulmayıb”.

Reyting.az
xəbər verir ki, bunu Konkret.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu dünən Xocavənd rayonu (keçmiş Hadrut) ərazisində erməni terrorçuların Azərbaycan hərbçilərinə qarşı təxribatından danışarkən deyib.

S. Cəlaloğlunun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidirsə, orada hər hansı bir erməni silahlı qüvvəsi ola və yaxud da saxlanıla bilməz: “Ermənilərin əlində silah olduğu müddətdə bu cür insidentlər davam edəcək. Biz Azərbaycan dövləti olaraq ermənilərin silahsızlaşdırılması məsələsini qaldırmalıyıq”.

Partiya sədri vurğulayıb ki, Türkiyə sülhməramlılarının Qarabağda olması vacibdir: “Əgər olmasa, qəbul edilmiş bəyanatın icrasına nəzarət etmək çətinləşəcək. Biz əvvəlcədən demişdik ki, Qarabağ ərazisindən kənarda müşahidə məntəqələrinin yaradılmasının heç bir mənası və effekti yoxdur. Hadrutda baş verən təxribat bunu bir daha sübut etdi. Düşünürəm ki, Türkiyə sülhməramlılarının Qarabağda olması vacibdir. Ordumuz da ayıq-sayıq olmalıdır. Çünki ermənilərdən hər cür şərəfsizlik gözləmək olar”.




Bölməyə aid digər xəbərlər