Cənubi Qafqaz üçün fəlakət ssenarisi hazırlanır
Tarix: 18-10-2016 14:31 | Bölmə: Slayd


Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müəyyən ümidlərin olduğu bir vaxtda, ABŞ-dan sonra Rusiya tərəfindən gedişata zidd açıqlama verildi.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir neçə gün əvvəl deyib ki, Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur. Onun sözlərinə görə, bununla belə, Rusiya İrəvan və Bakı ilə işi davam etdirəcək.

Uşakov danışıqların detallarını açıqlamaqdan imtina edib. Qeyd edib ki, danışıqlarda bir çox variant və təkliflər müzakirə olunur. "Lakin mən bir daha qeyd edirəm ki, xüsusi nikbinlik üçün əsas yoxdur",- deyə o vurğulayıb.

 

Təbii ki, Putinin köməkçisinin belə bir açıqlama verməsi sadə məsələ deyil. Rəsmi Bakı da Rusiyadan belə bir açıqlamanı müsbət qarşılamayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlama təəccüb və təəssüf doğurur. H.Hacıyev qeyd edib ki, Y.Uşakovun səsləndirilən bu açıqlama prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna və ATƏT-in Minsk qrupu həmsədrlərinin prezidentlər səviyyəsində mövcud status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlara ziddir.

"Bu açıqlama Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə də uyğun gəlmir. Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır. Substantiv danışıqlar qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir. Azərbaycanın suveren ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək",- deyə o bildirib.

Baş nazirin müavini Əli Əhmədov da Uşakovun məlum açıqlamasını yanlış addım kimi dəyərləndirib. Ə.Əhmədovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətin nümayəndəsi tərəfindən belə bir bəyanatın səsləndirilməsi yerinə düşmür:

"Bundan əvvəl ABŞ dövlət katibi tərəfindən də buna bənzər bəyanat səsləndirilmişdi və Azərbaycan hökuməti, ictimaiyyəti bu bəyanata kifayət qədər sərt, ədalətli reaksiya vermişdi. Azərbaycanın hər bir vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini arzu edir. Status-kvonun yaxın zamanlarda dəyişdirilməsi bütövlükdə regionda sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün ən düzgün yollardan biridir. Münaqişənin həll olunması üçün yaradılmış Minsk qrupunun həmsədrləri belə bəyanat səsləndirirlərsə, bu, həmin vəzifəni üzərinə götürmüş həmsədrlərin həmin öhdəlikləri yerinə yetirmək iddiasında, gücündə olmadığı anlamına gəlir.

Minsk qrupunun kifayət qədər səy göstərdiyini də qeydə etmək istəyirəm. Ancaq bu bəyanatlar fəaliyyət əmsalının üzərinə ciddi kölgə salır. Bir tərəfdən bu, ədalət baxımından düzgün yanaşma deyil, digər tərəfdən, Minsk qrupunun fəaliyyətinin səmərəliliyi baxımından məqbul olmayan yanaşmadır".

 Hərbi ekspert Üzeyir Cəfərov məsələni şərh edərkən Reyting.az-a deyib ki, son vaxtlar ölkəmiz və xüsusən də Qarabağla bağlı baş verən proseslər, özlərini dünyanın söz sahibi hesab edən güclərin atdıqları addımlar, sərgilədikləri münasibət bir vətəndaş və Qarabağ savaşının iştirakçısı kimi onu çox narahat edir. Onun fikrincə, xırdalamağa ehtiyac yoxdur ki, böyük güclər nəhayət ki, öz iç üzlərini açıb göstərdilər:

"İstər Amerikanın dövlət katibi Con Kerri olsun, istərsə də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, faktiki açıq şəkildə bəyan etdilər ki, Azərbaycan xalqı Qarabağ məsələsində yaxın zamanlarda nəyinsə dəyişəcəyinə çox da ümid etməsin. Ardınca da, Azərbaycan rəsmilərinin, həmçinin cəmiyyətin, mətbuatın sərt münasibətini görüb, bir qədər mövqelərini düzəltməyə, fikirlərini korrektə etməyə başladılar. Artıq gecdir və necə deyərlər qatar yola düşüb və onu geri qaytarmaq faktiki mümkün deyil. Deyilən deyilib, söylənilənlər də, hansısa küçə uşağının dedikləri deyil, dünyanın aparıcı dövlətlərinin rəsmi şəxslərinin sözləridir ki, onu da mətbuat ictimailəşdirib. Bir sözlə, biz ölkə daxilində gələcək addımlarımızla bağlı, beynəlxalq güclərə - BMT, ATƏT və digər qurumlara nə deyə biləcəyimizi götür-qoy etməliyik. Hər halda düşünürəm ki, yaxın perspektivdə hörmətli güc sahibi olan dövlətlərin nümayəndələri, diplomatları bir çox məsələlərə aydınlıq gətirməli olacaqlar".

 Müsahibimiz başqa bir məqama da toxunaraq bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilməsi ilə bağlı fikirlər səsləndirir: "Ardınca da, Ankara Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin müsbət rol oynaması imkanı barədə səsləndirdiyi bəyanatını müsbət qiymətləndirdiyini bəyan edib. Özü də bunu Türkiyə XİN-i bildirir.

Məgər həmin Rusiya və onun vassalı olan Ermənistan deyildi ki, dünənə kimi Türkiyənin Qarabağ məsələsində iştrakına etiraz edirdilər və bunun mümkünsüz olması haqqında rəsmi münasibət açıqlayırdılar? Bəlkə elə deyil? Və hər kəsə yaxşı bəllidir ki, məhz Rusiyanın və Cənubi Qafqazda onun vassalı olan Ermənistanın birgə fəaliyyəti nəticəsində bu illər ərzində Türkiyə Qarabağ nizamlanmasından faktiki kənarda saxlanılıb. Və heç vaxt da ən azından bu iki dövlət razı olmaz ki, məhz rəsmi Ankara bu prosesə aktiv qoşulsun. Bunu sadə, siyasi proseslərdən kənarda olan vətəndaşlar ola bilsin ki, dərindən anlamasınlar. Axı, Türkiyə kimi uzun illər dövlətçilik təcrübəsi olan ölkənin diplomatları, idarəetməsində olan şəxsləri bu məqamları yaxşı bilirlər. Bəs nədən onlar, Rusiya kimi son vaxtlar həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə çox ciddi mövqe zəifliyinə uğrayan tərəfin Qarabağ məsələsi ilə əlaqədar qeyri-ciddi, perspektivsiz fikirlərinə belə sevincək münasibət sərgiliyirlər? Olmaya, bu "siçan-pişik" oyununun sonunda Azərbaycanla, Qarabağla bağlı heç də xoş olmayan hansısa hadislərin ssenarisi hazırlanır? Allah pis şeylərdən saxlasın! Görünən odur ki, böyük dövlətlər çox mürəkkəb və son dərəcə təhlükəli oyunlara baş vurublar. Ola bilsin ki, yaxın zamanlarda biz bir çox gözlənilməz hadisələrin şahidi olaq". 

 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi. Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerrinin "Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələdə həlli mümkün deyil",- açıqlaması Azərbaycanda tənqid olundu:

"Oktyabrın 13-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə dedi ki, Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur.

Uşakovun bu açıqlaması Kerrinin açıqlamasından fərlqənmir. Bu o deməkdir ki, nə Vaşinqtonun, nə də Moskvanın Dağlıq Qarabağ münaqişəsinin qısa müddətə həllinə ümidləri yoxdur. Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığını göstərir. Əksinə, rəsmi Bakıya təzyiq var. Ermənistana təzyiq yoxdursa, bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər. Sözsüz ki, belə bir durumda Rusiyanın Ermənistanı "İsgəndər" raketləri ilə təhciz etməsi, rəsmi Bakını narahat edir və buna uyğun addımlar atılır".

E.Şahinoğlu qeyd edib ki, son günlər Azərbaycan ordusunda hərbi təlimlərin sayı xeyli artıb. Müxtəlif növ təlimlər və artileriya atəşləri həyata keçirilir. Bu da Ermənistanın "İsgəndər" raketlərinə yiyələnməsi ilə bağlıdır. Bundan başqa, Azərbaycan Ermənistan ordusunun "İsgəndər" raketlərini neytrallaşdırmaq üçün həm xaricdən müasir raket kompleksləri almağı planlaşdırır, həm də yerli hərbi-sənaye hesabına raket komplekslərinin istehsalına başlayır.

 

E.Şahinoğlu diqqəti müdafiə naziri Zakir Həsənovun Ermənistana yönəlik açıqlamalarına da çəkib. Onun fikrincə, Z.Həsənovun Azərbaycanın Ermənistanın "İsgəndər" raketlərini məhv edəcək müasir silahları olduğunu bildirməsi önəmli mesajdır: "Yəni, bu, bir növ Azərbaycan cəmiyyətinə mesaj idi ki, Azərbaycan ordusunun əlində "İsgəndər" raketlərindən də güclü silah var. Bu, həm də Ermənistan cəmiyyətinə mesajdır. Beləliklə, bölgədə silahlanmanın miqyası getdikcə genişlənir. Bununla növbəti hərbi qarşıdurmanın qarşısını almaq çətin olacaq".

Mərkəz rəhbəri sonda deyib ki, "Biz müharibə istəmirik",- ifadəsini hamı işlətsə də, bunun baş verməməsinə münbit zəmin yoxdur: "Cəbhə bölgəsində gərginlik getdikcə artır. Budəfəki müharibə apreldəkinə bənzəməyəcək. Növbəti müharibə lokal deyil, total xarakter daşıya bilər. Total müharibə yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda cərəyan etməyəcək, Ermənistanla Azərbaycanın digər ərazilərini əhatə edə bilər. Əlbəttə, bu halda Naxçıvan üzərində də müəyyən təhlükə yaranacaq. Belə olarsa Naxçıvanın təhlükəsizlik qarantı kimi prosesə Türkiyə də qoşulmaq məcburiyyətində qalacaq. Rusiya Ermənistanı müdafiə etsə belə, Azərbaycana qarşı "İsgəndər" raketlərindən istifadə ediləcəksə, bu cavabsız qalmayacaq, Azərbaycan da Ermənistan ərazisindəki obyektləri vuracaq. Bu andan başlayaraq Rusiya ilə Türkiyə arasındakı münasibətlər yenidən gərginləşəcək. Bu vəziyyət bölgə üçün fəlakət ssenarisidir. Bu fəlakətin qarşısını almaq üçün münaqişənin həllinə başlanılmalıdır. Ancaq bu yoxdursa, dəhşətli ssenarinin reallaşma ehtimalı getdikcə artacaq".

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}