Avropa İttifaqı Ukraynaya 9 milyard avro ayıracaq
Tarix: 10-04-2025 10:23 | Bölmə: Xəbərlər
Avropa İttifaqı Ukraynaya 9 milyard avro ayıracaq

Ukrayna müharibə şəraitində Avropa İttifaqından (Aİ) daha 9 milyard avro maliyyə yardımı alacaq.

Reyting.az
xəbər verir ki, bunu genişlənmə üzrə Avropa komissarı Marta Kos Avropa Komissiyasının nümayəndələri və Ukraynanın baş naziri Denis Şmıxalın mətbuat konfransında bildirib.

Vəsaitin 2025-ci ilin sonuna kimi daxil olacağı gözlənilir.

“Avropanın Ukraynaya dəstəyi təkcə bizim öhdəliyimiz deyil, bu, Avropanın bir qitə kimi fəaliyyətinin təhlükəsizliyinə və etibarlılığına qoyulan strateji sərmayədir. Biz Ukraynanın ən sabit tərəfdarıyıq”, - Kos qeyd edib.

Komissar əlavə edib ki, Aİ Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ukraynaya 144 milyard avro dəstək verib. Buraya humanitar, iqtisadi, hərbi yardım və Avropa ölkələrində hərbi əməliyyatlardan sığınacaq tapmış ukraynalılara dəstək daxildir.

Kos "Ukraine Facility" proqramını xatırladıb və onu Ukraynanın bərpası və yenidən qurulması üçün baza adlandırıb. Onun sözlərinə görə, bu proqram çərçivəsində dəstək bu il də davam etdiriləcək.

"Artıq 20 milyard təmin edilib. Biz mühüm islahatlar həyata keçirərkən bu il daha 9 milyard ayırmağa hazırıq", - Kos vurğulayıb.

O, əlavə edib ki, bu, sadəcə olaraq Ukraynaya investisiya deyil, həm də Avropanın çiçəklənməsinə və gələcəyinə töhfədir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər