Bəzi məmurların əmlakı müsadirə olunacaq - İddia
Tarix: 05-10-2017 12:11 | Bölmə: Slayd
Bəzi məmurların əmlakı müsadirə olunacaq

Azərbaycanın bəzi məmurları korrupsiya yolu ilə qazandıqları böyük vəsaitlər hesabına xarici ölkələrdə dəyəri milyonlarla hesablanan daşınmaz əmlaka sahibləniblər.

Reyting.az saytı xəbər verir ki, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev həm də ölkədəki iqtisadi çətinlikləri nəzərə alaraq, bu istiqamətdə ciddi addımlar atmağın zamanı olduğunu bildirib.

Hafiz Hacıyev Moderator.az-a deyib ki, azərbaycanlı məmurların xaricdə çoxlu sayda əmlaklara malik olması yeni informasiya deyil:

“Bəzi məmurlar bunu özləri də etiraf edir. Məsələn, bir neçə il bundan öncə o zaman kənd təsərrüfatı naziri vəzifəsində çalışan İsmət Abasovun Böyük Britaniyada evinin olduğu bildirilmiş, bununla bağlı şəkil də ortaya qoyulmuşdu. Abasov bunu danmadı. Bildirdi ki, onun orada övladı yaşayır və bu olmalıdır. Bu, onlara elə gəlir ki, olmalıdır. Əslində isə olmamalıdır. Çünki bu, xalqın sərvətidir”.

MMP sədri qeyd edib ki, bir çox nazir və komitə sədrlərinin də belə əmlakları var:

“Ziya Məmmədov və digər nazirlər haqqında ölkə mətbuatında yazılanlar da hamıya bəllidir. Məndə olan məlumata görə, ölkə başçısı bu cür məmurlarla bağlı ciddi addımlar atıb. Müəyyən tapşırıqlar verilib. Yoxlamalar gedir. Bəzi məmurların əmlakının müsadirəsi gözlənilir”.

H.Hacıyev bildirib ki, Azərbaycanda siyasətlə məşğul olan şəxslərin də xaricdə mülkləri var:

“Əgər həqiqəti deyiriksə, hərtərəfli deməliyik. Yoxsa xalq bizə inanmaz”.

Onun sözlərinə görə, müxalifət liderlərinin də çoxunun övladı xaricdədir. Onların xaricdə villası, digər əmlakları da var. Bəzilərinin isə hətta Pekində supermarketi fəaliyyət göstərir.

“İcra başçısı tanıyıram ki, Almaniyanın Köln şəhərində ermənilərlə böyük xəstəxana açıb. Bu, dəyəri milyonlarla ölçülən layihədir. Bu da ortaya çıxmalıdır. Nazirlərin, icra başçılarının həm xaricdə, həm də daxildəki əmlakı siyahıya alınmalı, prezidentin stolunun üstünə qoyulmalıdır.

Özünü "dədə müxalifəti”, "bacı müxalifəti” adlandıran, ermənilərin qayınatası olan müxalifət təmsilçilərinin də xaricdəki mülkləri müəyyən edilməlidir. Bu faktlarla bağlı cinayət işi qaldırılmalıdır. Prezidentin nəzarəti altında olan bir fond yaradılmalıdır. Həmin fonda daxil olan vəsait isə təhsilin, səhiyyənin inkişafına, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəldilməlidir”,-deyə H.Hacıyev fikrini tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}