Oksana Rəsulova Elşad Xoseyə cinayət işi açdırıb - Yenilənib
Tarix: 28-10-2017 13:15 | Bölmə: Şou-biznes / Xəbər lenti
Oksana Rəsulova Elşad Xoseyə cinayət işi açdırıb

Tanınmış reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Buna səbəb Xosenin keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın ondan polisə şikayət etməsidir. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.

Qeyd edək ki, Elşad Xose ilə Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər. Hətta bu yaxınlarda reper “Maşın” realiti şousunda iştirak edəndə Oksana ona baş çəkib, İnstaqram hesabında dəfələrlə onun üçün tamaşaçılardan səs istəyib.

Reyting.az-ın xəbərinə görə, məsələ ilə bağlı Oksana Rəsulova “Qafqazinfo”nun sorğusuna qəribə reaksiya verib:

“Nə? Onu kim deyir? Nə vaxt yayılıb? Elşad kimi döyüb? Məlumatı kim yayıb bilmirəm, amma bu haqda danışmaq istəmirəm”.

E.Xosenin polis tərəfindən saxlanılması rəsmən təsdiqlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-ya deyib ki, oktyabrın 27-də Bakı şəhər sakini Oksana Rəsulova Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 01.00 radələrində yaşadığı evdə keçmiş həyat yoldaşı, əvvəllər məhkum olunmuş Elşad Əliyev (Elşad Xose) tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini bildirib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib və E.Əliyev saxlanılaraq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən hər iki şəxsin ifadələri alınıb, müvafiq ekspertizalar təyin olunub.

Məhkəmə tibbi ekspertizası tərəfindən O.Rəsulovanın aldığı xəsarətin yüngül dərəcəli olduğu müəyyənləşib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
***
Son məlumata görə, tanınmış reper Elşad Xose hələlik sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə "Qafqazinfo”ya deyib ki, Xosenin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, ancaq istintaq davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-10-2017, 13:17 Səidə Sultan ər axtarır