12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İcra başçısının adı dindarların məhkəməsində hallanır - İttiham
Tarix: 02-03-2017 15:48 | Bölmə: Cəmiyyət / Xəbərlər

Nardaran hadisələrilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan digər bir qrupun məhkəməsində maraqlı faktlar üzə çıxır.

"Reytinq" qəzetinin məlumatına görə, Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımov və daha 11 nəfərlə birlikdə hakim önünə çıxarılan lənkəranlı dindar İsa İbrahimov gözlənilməz ifadə verib.

İsa İbrahimov Lənkəranın icra başçısının biznesmen oğlu ilə dostluğundan danışıb, keçmiş polis rəisinin onu şərlədiyini deyib.

İ.İbrahimov bildirib ki, Nardaran hadisələri zamanı İraqda ziyarətdə olub. Əməliyyatdan az əvvəl - noyabrın 26-na keçən gecə yuxuda bu məhkəməni görüb. Hətta ona neçə il cəza veriləcəyi də əyan olub: "O yuxudan sonra bilirdim ki, zindana gedəcəyəm.

Lənkəranın keçmiş polis rəisi Möhübbət Hüseynovu da yuxumda görmüşdüm. O da məni həbs eləməyə gəlmişdi. Ona qarğış edib dedim ki, necəsən məni ayırırsan, Allah səni də balandan ayırsın. Bir müddət sonra onu işdən çıxardılar, oğlu da qəzada həlak oldu.

Mən Nardaran əməliyyatından 20 gün sonra ölkəyə gəlmişəm".

İ.İbrahimov Lənkəranın icra başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovun onunla dost olduğunu da bildirib. Onun sözlərinə görə, dostu həmişə atasının ondan razı qaldığını deyirmiş: "İndi beləçıxır ki, icra başçısı terrorçudan razı qalıb? İndi də yazıb ki, guya Taleh Bağırzadə və Zülfüqar Mikayılzadə tutulandan sonra mən məsciddə onları dəstəkləyən çıxışlar etmişəm. Axı, həmin vaxt mən Azərbaycanda deyildim".

Göründüyü kimi, saxlanılan İsa İbrahimov Taleh Qaraşovun oğlu Seymurla dostluğunu gizlətməyib. Ancaq buna rəğmən, Taleh Bağırzadənin həbsindən sonra dostunun atasının onu "baqaja" qoyduğunu açıq deyib.

"Reytinq"ə verilən məlumatlar da İ.İbrahimovla S.Qaraşovun çox yaxın olduqlarını, hətta bu yaxınlıq vasitəsi ilə hazırda müttəhimlər kürsüsündə əyləşən İ.İbrahimovun Lənkəranda istənilən məsələylə bağlı icra başçısına mesaj verdirdiyi bildirilir.

Görəsən, Lənkəranda bir çox dövlət layihələrini ayrı-ayrı MMC-lər vasitəsiylə icra edən biznesmen Seymur Qaraşovla dindar bir şəxsin hansı əlaqələri ola bilər? Bu dostluğun təməlində nə dayanıb?

Mənbə bildirib ki, istintaq bunun səbəblərini araşdırsa da, atasına görə Seymur Qaraşova toxunmayıblar:

"Elə buna görə də Taleh Qaraşov İsa İbrahimovla bağlı mənfi təqdimat verib. Yəni, özünün və oğlunun belə dindarları himayə etmədiyi görüntüsü yaratmaq üçün həbs olunan şəxslərlə bağlı mənfi rəy vermək məcburiyyətində qalıb. Hər halda, bu məsələ araşdırılsa, icra başçısı və oğlu barəsində maraqlı faktlar üzə çıxar".

Yeri gəlmişkən onu da qeyd edək ki, Taleh Qaraşovun digər oğlu Vüsal Qaraşov hazırda Yasamal rayonunda yerləşən 29-cu Polis Bölməsinin rəisidir.

Reyting.az





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər