Zelenskinin xüsusi planı var?
Tarix: 25-11-2021 14:49 | Bölmə: Dünya
Zelenskinin xüsusi planı var?

Radanın sabiq deputatı yaxın vaxtlarda Ukraynada hərbi vəziyyətin tətbiq ediləcəyini açıqlayıb.

Ukrayna Radikal Partiyasının lideri, Ali Radanın keçmiş deputatı Oleq Lyaşko yerli “Наш” telekanalının efirində bəyan edib ki, prezident Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) dekabrın 1-nə planlaşdırılan iclasında ölkədə iki aylığına hərbi vəziyyətin tətbiqi məsələsini gündəmə gətirəcək: “Bu, bir məqsəd daşıyır, - KİV üzərində tam nəzarəti ələ almaq. Çünki, hərbi vəziyyət vətəndaşların bütün konstitusiya hüquqlarının, o cümlədən, söz, əmlak azadlığının, dinc mitinqlər, istənilən xarakterli kütləvi tədbirlər keçirmək haqqlarının mütləq məhdudlaşdırılması deməkdir”. Fəqət, partiya lideri bu informasiyanı hardan aldığını dəqiqləşdirməyib.

Ukraynalı politoloq Mixail Poqrebinski bununla bağlı bildirib ki, ölkə ərazisində hərbi vəziyyətin elan olunmasından ötrü hansısa “xüsusi plana, təxribata” ehtiyac var. “Belə bir hadisə dekabrın 1-dək törədilə bilər”, - deyən siyasi ekspert intəhası, onun özünün də bunun baş verəcəyinə şübhə ilə yanaşdığını vurğulayıb.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, milli təhlükəsizliyə təhdid yarandığı halda, xüsusi hüquqi rejim kimi ölkə ərazisində hərbi vəziyyət tətbiq oluna bilər. Bu məsələ isə MTMŞ-nin gündəliyinə təklif edilir, bundan sonra dövlət başçısı müvafiq fərmanı imzalayır. Fərman Ali Radada təsdiqlənən günü KİV-də dərc olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər