Banka qarşı qalmaqallı məhkəmə prosesi vətəndaşların xeyrinə yekunlaşdı
Tarix: 20-12-2018 09:11 | Bölmə: Slayd
Banka qarşı qalmaqallı məhkəmə prosesi vətəndaşların xeyrinə yekunlaşdı

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə qarşı bir ildir davam edən qalmaqallı məhkəmə prosesi dünən başa çatıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə tanınmış hüquqşünas, banklar üzrə mütəxəssis Əkrəm Həsənov bildirib.

Ötən ilin dekabr ayından başlayaraq bu mövzu barədə dəfələrlə yazan Ə. Həsənovun sözlərinə görə, işin qısa mahiyyəti belədir:

“Ötən ilin sonunda Azərbaycan Beynəlxalq Bankı müddətli dollar əmanətləri üzrə faiz dərəcəsini birtərəfli qaydada 2 faizə endirmişdi. Bunu şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, o cümlədən devalvasiya və maliyyə vəziyyətinin pisləşməsi ilə əsaslandırmağa çalışırdı. Bank hətta Prezidentin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli Fərmanına da istinad edirdi. Guya Prezidentin göstərişini yerinə yetirir. Halbuki, dövlət başçısının adından sui-istifadə edirdi və Fərmanda belə bir şey yoxdur”.

Ə. Həsənov bildirib ki, faiz dərəcəsini endirən Beynəlxalq Bankın bu hərəkətini qanunsuz hesab edərək, həmin vaxtdan əmanətçiləri məhkəməyə müraciət etməyə çağırıb: “Çünki Bankın heç bir halda məhkəmədənkənar qaydada müqavilə şərtini dəyişməyə hüququ yoxdur. O da ola fiziki şəxslə bağlanmış əmanət müqaviləsi üzrə faiz dərəcəsi: Mülki Məcəllənin 948.3-cü maddəsi bunu birbaşa qadağan edir. Maliyyə vəziyyətinin pisləşməsi haqda arqument də tam cəfəngiyatdır: dövlətin yardımı nəticəsində Bank ötən ili 806 mln. manat məbləğində xalis mənfəətlə başa vurub”.

Banka qarşı qalmaqallı məhkəmə prosesi vətəndaşların xeyrinə yekunlaşdı

Ə. Həsənov qeyd edib ki, minlərlə əmanətçidən (xarici vətəndaşlar daxil olmaqla) yalnız 3 (???) nəfər onun məsləhəti ilə məhkəmədə Beynəlxalq Bank qarşı iddia qaldırıb: “Bunun özü də bir göstəricidir: bank və məhkəmə sistemlərinə etimad göstərməyən əmanətçilər mübarizənin əbəs olduğunu zənn etdi və sadəcə, pullarını geri çəkdi (nəticədə bank sistemi itirdi!). Bu ilin mart ayında Nəsimi rayon Məhkəməsi bu şübhələri təsdiqlədi: iddialarımız rədd edildi. Həmin məhkəmədə proseslərin özü belə, etirazımıza baxmayaraq, qapalı keçirildi (guya hansısa sirr açılmalı idi, amma açılmadı!). İclasın qapalı olmasından sui-istifadə edən Bankın nümayəndəsi işin mahiyyətindən deyil, daha çox mənim fəaliyyətimdən danışırdı: məni az qala bank sisteminin düşməni kimi göstərməyə çalışırdı. Mən isə cavabımda, o cümlədən deyirdim ki, əksinə, məhz Bankın əməli bank sisteminə etimadı sarsıdır, mən isə onu bərpa etməyə çalışıram”.

Hüquqşünas diqqətə çatdırıb ki, hər üç qətnamədən apellyasiya şikayəti veriblər: “Yayda Bakı Apellyasiya Məhkəməsi şikayətimizi təmin edərək Beynəlxalq Bankın əməlini qanunsuz hesab etdi.

Bank qətnamədən kassasiya şikayəti verdi. Dünən hakim Elşanə Vəliyevanın sədrliyi ilə Ali Məhkəmə Bankın ilk iş üzrə şikayətini təmin etmədi. Bununla da ədalət bərpa olundu: bank fiziki şəxslə bağladığı əmanət müqaviləsi üzrə faiz dərəcəsini birtərəfli qaydada endirə bilməz!

Bank sisteminə etimadın bərpası üçün əhəmiyyətli olan bu qərar həmçinin onu göstərdi ki, hər kəs həmişə haqqını tələb etməlidir. Haqqını tapdalayanın kimliyindən asılı olmayaraq. Ay nə bilim, bankları məhkəmədə udmaq olmur, Beynəlxaq Bank dövlət bankıdır, ona baş qoşmağa dəyməz və s. və i.a. Biz bir daha sübut etdik ki, bu, belə deyil!”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}