Qoca məmurların istefası: islahat, yoxsa...
Tarix: 22-10-2019 14:36 | Bölmə: Slayd
 Qoca məmurların istefası: islahat, yoxsa...

Prezidentin islahat və kadr dəyişikliyi anonsundan sonra dünən Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov istefa ərizələrini İlham Əliyevə təqdim etdilər.

Ölkə başçısı bununla əlaqədar hər iki qocaman məmuru qəbul edərək, hakim komandada gəncləşmənin davam edəcəyi mesajını verdi. Görəsən, ölkə müxalifəti bu dəyişikliklər barədə nə düşünür?

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Reyting.az-a açıqlamasında deyib ki, hökumətdə bəzi yaşlı vəzifə sahiblərinin istefaya göndərilməsinin islahat kimi təbliğ olunması təəssüf doğurur.

Onun fikrincə, siyasi prosesləri və islahatları izləyərkən dünya tarixində yaşlı şəxslərin işdən çıxarılması kimi halların islahat adlandırılmasına rast gəlməyib: "İslahat - konkret proqram və hədəflərə əsaslanaraq ardıcıl atılan addımlardır. Nəzərdə tutulan işlərin yerinə yetirilməsində yaşlı nəslin də, gənclərin də əməyindən istifadə edilə bilər. Ona görə də, biz, Baş Nazirin iki müavininin işdən çıxarılmasını islahatla əlaqələndirə bilmərik. Əslində həm Əli Həsənov, həm də Hacıbala Abutalıbov xalqın nifrətini qazanmış, hakimiyyət əleyhinə ictimai fikrin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edən məmurlar sırasında idilər. Onlar təkcə vəzifədən uzaqlaşdırılmalı deyildilər, hər ikisinin qeyri-qanuni əməlləri araşdırılmalı, qanunsuz yolla topladıqları milyonlar dövlət hesabına müsadirə edilməli və həbs olunmalıdırlar. Çünki sosial şəbəkələrdə hər iki məmurun saysız-hesabsız var-dövləti, biznesi, əmlakı haqqında çoxsaylı məlumatlar yayılıb. Ancaq başa düşülən deyil ki, Prezident nəyə görə bu şəxsləri qəbul edir və guya yaxşı xidmətlərinə görə onları hörmətlə yola salır".

Müsahibimiz hesab edir ki, cəmiyyətin diqqətini o qədər də əhəmiyyət kəsb etməyən yaşlıların işdən çıxarılmasına yönəltməkdənsə, idarəetmə sistemində dəyişiklilər etmək lazımdır: "Bir də vəzifəyə təyin olunan insanlar xalqın arasından çıxmalı, xalqın etimadını qazanmalı və ona güvənməlidirlər. Ancaq bizdə vəzifə sahibləri xalq qarşısında özlərində məsuliyyət hiss etmirlər. Ona görə də, ictimai fikirdə narazılıq nəinki azalır, hər keçən gün daha da artır. Bu da onu göstərir ki, idarəetmə aparatı ilə xalq arasında anlaşılmazlıq və çox böyük baryer var. Məhz bu səbəblərdəndir ki, indiyədək vəzifəyə gətirilən "gənclər" yanaşmalarına və düşüncələrinə görə işdən çıxarılan yaşlılardan daha yaşlıdırlar".

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Prezident İlham Əliyev hakimiyyətdə müxtəlif qrupların - hətta onun üçün dözülməz olan qovğasından danışmaqla, hakim elitada toqquşma həddində olan qarşıdurmanın, ən azı dəyişikliklər cəhdinin anonsunu vermişdi.

Onun sözlərinə görə, Ə. Həsənovla H. Abutalıbovun vəzifələrindən kənarlaşdırılması o deyil: "Əslində bu vəzifələr “vurulması” nəzərdə tutulan əsas fiqurların rəqiblərinin gətirilməsi üçün boşaldılıb. Gələnlər kim olacaqsa, gedənlərin kim olacağını müəyyənləşdirəcək".

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə bildirib ki, Prezident İlham Əliyevin dövlət hakimiyyəti idarəetmə orqanlarında məsul vəzifə tutan məmurların gəncləşdirilməsi ilə bağlı addımı təqdirəlayiqdir, lakin bir qədər gecikib:

"Biz dəfələrlə çağırış etmişik ki, sovetlərdən qalan, inzibat-amirlik sisteminin idarəçiliyini əxz edən kadrlardan yaxa qurtarmaq lazımdır. Çünki onlar müasirliklə, dövrün yeni tələbatları ilə nəinki uzlaşa bilmirlər, hətta inkişafın, yeniliyin qarşısını alırlar. Belə məmurlarda təşəbbüskarlıq, çeviklik və sərbəstlik yoxdur. Müasirliyə yaddırlar. Həm də gənclərin yetişməsinə, onların yerləşdirilməsinə və özünütəsdiqinə imkan vermirlər. Baxın, Prezident Baş Nazirin sabiq müavini Əli Həsənovu qəbul edərkən özü dedi ki, 21 ildir Baş Nazirin müavini vəzifəsini tutur. Bir məmur 21 il eyni vəzifəni tutursa, bu, anologiyası olmayan anormallıqdır. Hər şeydən qiymətli zamandır və itirilmiş zamanı geri qaytarmaq, bərpa etmək mümkün deyil. Demək, bu tip məmurlar 21 il Azərbaycan xalqının və dövlətinin zamanını əlindən alıblar. Hələ çaldıqları maddi sərvətləri demirəm. Görün, nə qədər itirmişik? Digər tərəfdən, qocalan təkçə dövlət məmurları deyil, siyasi sistemin özü də, idarəetmə fəlsəfəsi də cəmiyyətin istək və tələbatlarına cavab vermir”.

Ə. Orucovun sözlərinə görə, təcrübə göstərir ki, idarəçilik metodu və siyasi sistem dəyişmədən yaşlı nəsli gənclərlə əvəz etməklə irəlləyişə və inkişafa nail olmaq mümkün deyil: “Misal üçün, Təhsil Nazirliyini gəcləşdirdilər. Əvvəlcə Mikayıl Cabbarovu, sonra da Ceyhun Bayramovu gətirdilər. Yaxud Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu Sahil Babayev əvəzlədi. Kənd Təsərrüfatı Nazirliyinin başına İnam Kərimovu, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziriliyinin rəhbərliyinə Ramin Quluzadəni, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə Rövşən Rzayevi, Dövlət Gömrük Komitəsinə Səfər Mehdiyevi gətirdilər. Ancaq adlar dəyişdi. Problemlər isə qaldı. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov gəncdir və uzun müddətdir ki, həmin postu tutur. Dövlət əmlakını öz şəxsi əmlakı kimi idarə edir. Həmçinin Maliyyə naziri Samir Şərifov da yaşlı deyil. Müşahidə Şurasının sədri olduğu Beynəlxalq Bankı müflis etdilər, milyardlarla dollar vəsaiti oğurladılar, ona “gözün üstə qaşın qaradır”, - deyən olmadı. Bu cür misalları çox çəkmək olar. Saxta hesabatlar, yalan üzərində qurulan çıxışlar, vədlər, quru statistika, mənimsəmələr, talançılıq, korrupsiya, yerlibazlıq, saxtakarlıq kimi neqativ hallar yenə qaldı".

Müsahibimiz hələlik bir qədər də gözləməyi məsləhət görür. "Gözləyək, görək Rusiyanın adamı olan 10 ildir Baş Nazirin birinci müavini postunu tutan 74 yaşlı Yaqub Eyyubov, 2000-ci ildən Ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov, 14 il səhiyyəni bərbad hala salan 69 yaşlı nazir Oqtay Şirəliyev, eləcə də digərləri də “kadr islahatlarının, gəncləşmə”nin təsir dairəsinə düşəcəklərmi. Düşməyəcəklərsə, deməli, ərizəsi alınan yüksək rütbəli məmurlar və nazirlər sayardaxili mübarizənin qurbanlarıdır. Ölkəni mövcud ağır durumdan çıxarmaq üçün problemin kökünü, onu yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Düşünmürəm ki, iqtidar da buna getsin, çünki bu onlar üçün çox risqli addımdır. Həyata keçirilən tədbirlər isə, müalicə üçün deyil, müvəqqəti ağrıkəsici vasitədir. Könül istər ki, həqiqətən də köklü, fundamental islahatlar və dəyişikliklər həyata keçirilsin",- deyə Ə. Orucov fikrini tamamlayıb.

Zaur ƏHMƏD
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}